İmamət səmasının altıncı ulduzu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmamət səmasının altıncı ulduzu
 
 » Xəbərlər » Əlamətdar günlər » İmamət səmasının altıncı ulduzu

     
 
Xəbərlər » Əlamətdar günlər: İmamət səmasının altıncı ulduzu
 
 
Müəllif: Zehra | 24 Sentyabr 2011 | 12594 dəfə oxunub
http://zeka.az/1021-dmamjt-sjmasdndn-altdncd-ulduzu.html

Əziz müsəlman bacı və qardaşlarımız! İmamət səmasının altıncı ulduzu İmam Cəfər Sadiq (Ona salam olsun) 25-i Şəvval şəhadətə yetirilmişdir , bununla əlaqədar sizə təsliyyət ərz edirik! Daha ətraflı məlumat üçün O Həzrətin (Ona salam olsun) qısa tarixçəsini xidmətinizə çatdırırıq:

Bəqi qəbirstanlığı, Mədinə

“Ondan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir”

İslam maarifində müstəsna xidməti olan bu dahi şəxsiyyət Həzrət Peyğəmbərin (s) dövründən mövcud olan dini elmləri sistemləşdirib konsepsiya şəklinə salmışdır. Onun çoxsaylı tələbələri nəinki fiqh, həmçinin digər sahələrdə də ad qazanmışdır. Həzrət İmam Sadiqdən (Ona salam olsun) nəql olunan hədislər bu gün də dini mənbələrin böyük hissəsini təşkil edir. İmamın yaşadığı  dövrün ictimai-siyasi xüsusiyyətləri ona imkan yaratdı ki, İslam elmini inkişaf etdirsin və gələcək nəsillərə dini-fəlsəfi məktəb miras qoysun.

Həyatına qısa baxış

İmam Cəfər (Ona salam olsun) əziz Peyğəmbərimizin (Ona və pak Əhli-beytinə Allahın salamı olsun) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (Ona və pak Əhli-beytinə Allahın salamı olsun)  dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (Ona salam olsun) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (Ona salam olsun), anası isə İmam Həsənin (Ona salam olsun) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (Ona salam olsun) dövründə Əməvi  və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (Ona salam olsun) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (Onlara salam olsun) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (Ona salam olsun) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (Ona salam olsun) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm(Ona və pak Əhli-beytinə Allahın salamı olsun)   və digər on imamdan nəql olunan hədislərdən çoxdur.

Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (Ona salam olsun) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (Ona salam olsun) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (Ona salam olsun) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu  yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır. İmam Cəfər Sadiqin (Ona salam olsun)məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir. İmam Sadiqin (Ona salam olsun) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (Ona salam olsun) görüşmüşdür. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt (Onlara salam olsun) məktəbinə həsr etmişdir. Hişamın Tohid, qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri dövrümüzə qədər gəlib çatıb.Qeyd olunmalıdır ki, İmam Sadiq (Ona salam olsun) digər İmamlarımız (Onlara salam olsun) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt (Onlara salam olsun) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (Ona salam olsun) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (Ona salam olsun) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar. İmam Sadiq (Ona salam olsun) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı  dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşviq edirdi. Odur ki, İmam Sadiqin (Ona salam olsun) qoyduğu  dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji  prinsiplərinin sarsılmasına yönəlmişdi. İmamın (Ona salam olsun) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinə təbliğ məqsədilə nümayəndələr göndərməsi idi.

 

İmam Sadiq (Ona salam olsun) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi  xəlifəsi Hişamın əmri ilə Həzrət (Ona salam olsun) Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (Ona salam olsun) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra hicrətin 148-ci ilində (təqribən miladi 770-ci il) 65 yaşında ikən İmam Sadiq (Ona salam olsun) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın (Ona salam olsun) mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir.

Siyasi durum və təfriqələr

Yuxarıda qeyd olunduğu  kimi, İmam Sadiqin (Ona salam olsun) həyatı Əməvi  sülaləsinin süqutu və Abbasi xəlifələrinin hakimiyyətə gəlməsi dövrünə təsadüf edib. Bu proses hələ daha öncəki illərdə başlamış və uzun illər davam etmişdir. Belə ki, Həzrət Cəfər Sadiq (Ona salam olsun) beş Əməvi  və iki Abbasi xəlifəsi ilə həməsr olub. Hişam ibn Əbdülməlik Əməvinin (105-125 h.q.) xilafəti zamanı Abbasi sülaləsi Orta Asiya və Xorasan əhalisinin zalım rejimə qarşı narazılığından istifadə edərək hakimiyyət uğrunda mübarizəyə qalxmışdı. Sonuncu Əməvi  xəlifəsi zamanı bu qarşıdurma nizamlı silahlı mübarizəyə çevirilmiş və 132-ci h.q. ilində (təqribən miladi 754-cü il) Abbasilərin qələbəsi ilə nəticələnmişdir.

Hələ Əməvilərin hökuməti zamanı İmam Sadiqin (Ona salam olsun) əmisi Zeyd (İmam Zeynul-Abidinin (Ona salam olsun) oğlu) qiyam edir. İslam mənbələrində Zeydin şəxsiyyəti barədə müxtəlif məlumatlar yer alsa da, tarixçilər onu İmam Cəfərin (ə) sadiq tərəfdarı kimi qəbul edir. Zeyd ibn Əli ibn Hüseyn öz qardaşı oğlu Həzrət Cəfər Sadiqi (Ona salam olsun) İmam bilərək qiyam etməmişdən öncə onun hüzuruna gəlib məsləhət istəyir. İmam (Ona salam olsun) isə Zeydə qiyam etməyi məsləhət görür və ona şəhid olacağını xəbər verir. Zeyd Kufəyə gələrək qoşun yığır və qiyama qalxır. Xəlifə qoşunu ilə qiyamçılar arasında döyüş nəticəsində Zeydin qoşunu məğlub olur, onun özü isə aldığı  yara nəticəsində şəhid olur. İmam Sadiq (Ona salam olsun) buyurmuşdur ki, əgər Zeyd qalib olsa idi, mütləq İslam hökumətini İmama (Ona salam olsun) verəcəkdi.

İmam Baqir (Ona salam olsun) və İmam Sadiqin (Ona salam olsun) mübarək imamətləri zamanı Əməvilər hökuməti siyasi böhran yaşadığından Əhli-Beyt  tərəfdarlarına təzyiq etməyə fürsət tapmırdı. Xəlifələrin özbaşınalığı, camaatın malını qəsb eləməsi, şəriətə müxalif hərəkət etmələri kütləvi narazılığa səbəb olmuşdu. Digər tərəfdən Abbasi sülaləsi hakimiyyətə gəlmək üçün Əhli-Beyt intiqamınının alınması pərdəsi altında gizlənirdi. Qiyam rəhbərləri Həzrət Mühəmməd (Ona və pak Əhli-beytinə Allahın salamı olsun) nəslindən birini hakimiyyətə gətirəcəklərini bəyan etsələr də, həmin şəxsin kim olacağını açıqlamırdılar. Abbasi klanının Peyğəmbərin (Ona və pak Əhli-beytinə Allahın salamı olsun)  əmisi Abbasın nəslindən olması və zahirən Əhli-Beyt hakimiyyəti qurmaq istəməsi camaatda müəyyən qədər inam yaradırdı. Bu səbəbdən də onların mübarizəsi uğurla nəticələndi.

  Diqqətəlayiq məqamlardan biri Abbasi qiyamının rəhbərlərinə İmamın (Ona və pak Əhli-beytinə Allahın salamı olsun) münasibətidir. Abbasilər heç zaman, hətta Əməvilərə qarşı mübarizə zamanı Əhli-Beyt imamları tərəfindən dəstək almamışdılar. Bunun başlıca səbəbi isə həmin qiyamın əsas hədəfinin xilafətdə İslam dəyərlərinin bərqərar olunmasına deyil, hansısa qrupun şəxsi mənfəətinə yönəlməsi olmuşdu. Odur ki, qiyam rəhbərlərindən biri Əbu Müslim İmama (Ona salam olsun) gələcəkdə xilafət başına keçməsini təklif edərkən Həzrət Sadiq (Ona salam olsun) rədd cavabı vermişdi. Abbasi hakimiyyətinin əvvəl illərində durum o qədər də acınacaqlı deyildi. Ancaq bu vəziyyət çox çəkmədi. Xəlifə Mənsur (137-158 h.q.) Əhli-Beyt tərəfdarlarına qarşı öz qəddarlığı ilə bütün Əməvi xəlifələrini ötüb keçmişdi. Onun dövründə Ələvilər (şiələr) həbs olunub zindanlara atılır, işgəncə edilir, öldürülür, diri-diri divar və bünövrələrdə hörülür, diri-diri yerə basdırılırdı, onlar yaşayan ərazilərdə soyqırım siyasəti aparılırdı. Mənsurun ən böyük cinayətlərindən biri də Mədinə əhli onun zorakılıq üzərində qurulmuş qeyri-qanuni hakimiyyətini qəbul etməməsindən Peyğəmbər (Ona və pak Əhli-beytinə Allahın salamı olsun) şəhərini iqtisadi blokadada saxlaması idi.

Digər məzhəblərlə münasibət

Dini rəy və fətvalar yalnız Əhli-Beyt davamçıları arasında özünə fəlsəfi baxım almışdı. O zaman bütün xilafətdə elmi-fəlsəfi tədqiqat və bəhslər geniş vüsət tapmışdı. Müxtəlif dini və fəlsəfi təriqətlərin yaranması da elə bu dövrə təsadüf edir. İslamda əsl fəlsəfi üsula arxalanan məktəb isə Mədinədə, İmam Sadiqin (Ona salam olsun) rəhbərliyi ilə yaradılmışdı. Onun dərslərində nəinki İslam məzhəblərinin başçıları, həmçinin ölkənin müxtəlif yerlərindən gələn və müxtəlif fəlsəfi cərəyanları təmsil edən alimlər də iştirak edirdi. Bəsrə fəlsəfi məktəbinin banisi Həsən Bəsri, Hənəfi məzhəbinin banisi Əbu Hənifə və mötəzilə məzhəbinin banisi İbn Əta da o Həzrətin (Ona salam olsun) dərslərindən faydalanıblar.

İmam Cəfər Sadiq (Ona salam olsun) öz fövqəladə elmi sayəsində digər firqələr arasında da böyük hörmətə malik idi. Əhli-Sünnənin məzhəb imamlarından biri, məşhur alim Əbu Hənifə deyib: “Mən Cəfər ibn Muhəmməddən (Ona salam olsun) savadlı şəxs görməmişəm”. Əbu-Hənifə xəlifə Mənsurla görüşünü xatırlayaraq demişdi ki, xəlifə ona İmam Sadiqlə (Ona salam olsun) görüşəcəyini xəbər vermiş və həmin görüşdə İmama çətin suallar hazırlamasını tapşırmışdı. Bu cür də oldu. Əbu Hənifə qırx dənə çətin məsələ hazırlayaraq İmam Sadiqlə (Ona salam olsun) xəlifənin yanına gəldi. Bütün suallarına cavab aldıqdan sonra İmam (Ona salam olsun) barədə belə söylədi: “O, insanların ən alimi, onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır”.

Əhli-Sünnənin digər məzhəb imamı, zəmanəsinin görkəmli fəqihlərindən biri Malik belə deyir: “Bir müddət Cəfər ibn Mühəmmədin (ə) yanına gedib-gəlirdim. Onu daima bu üç halda görürdüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Muhəmməddən (Ona salam olsun) üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir”.

İmamın (Ona salam olsun) elmi bütün müsəlmanlara bəlli idi və onun səs-sədası hər tərəfə yayılmışdı. Dövrün ən məşhur fəqih və mühəddislərindən (hədis alimləri)  olan Yəhya ibn Səid, İbn Cərih, Malik, Süfyan Suri, Süfyan ibn Üyeynə, Əbu Hənifə, Şübə və Əyyub Sicistani kimi alimlər o Həzrətdən (Ona salam olsun) hədis nəql etmişlər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.