Bal arısı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Bal arısı
 
 » Din » Əqidə » Bal arısı

     
 
Din » Əqidə: Bal arısı
 
 
Müəllif: Zaur | 25 Oktyabr 2010 | 16517 dəfə oxunub
http://zeka.az/1077-bal-ardsd.html

Bal arısı

Sirli şüura malik olan bu həşərat güllər üzərinə qonaraq onların şirəsini özünəməxsus şəkildə çəkir ki, insan üçün ən ləzzətli və faydalı olan şirəni – balı hazırlasın. Bu həşəratın yuva qurması yaradılışın ən şah əsərlərindəndir. Arı öz yuvasını altı guşəli tikir və hər bir guşə digərindən zərrə qədər belə fərqlənmir. Bal arısı güclü küləklər zamanı, tutqun və tufanlı havalarda öz pətəyini çox rahat tapa bilir. “Pətək işçiləri” adlanan arı dəstəsi müxtəlif ölçülü hücrə və dəhlizlər düzəldirlər. Kiçik hücrələr işçilərə məxsusdur, daha böyük hücrələr isə erkək arılar üçündür. Dişi arılar xüsusi hücrələrdə yerləşirlər. Dişi – (Şah olacağı ehtimal verilən arılar) qısır olan yumurtacıqları erkək arılara məxsus hücrələrə qoyurlar, bala verən yumaurtacıqları isə dişilərə məxsus olan hücrələrə tökürlər. Artıq formasını dəyişmiş dişi arılardan ibarət pətək işçiləri dünyaya göz açacaq yeni nəsil arıların intizarını hələ lap öncədən çəkir və balalar üçün baldan ibarət mum tədarük edir və bu mumu çeynəyirlər. Lakin dişi və erkək arılar inkişaf edib böyüdükdən sonra işçi arıların mum çeynəmə funksiyaları başa çatır. Bu zaman artıq balı təbii şəkildə onlara yedizdirməyə başlayırlar. Bu keyfiyyətlə yetişən dişi arılar sonradan həmin işçi arılar olurlar. İşçi arılar dişi hücrəsindəki dişi arılar, yəni pətəyin şahı olacaq arılar üçün isə yeməyi axıradək çeynəyib verirlər. Şah olacaq dişi arılar bala verən yumurtalar qoyurlar. Beləliklə, arının artımı üçün xüsusi yuva və hücrələr gərəkdir. O cümlədən, qidanın da əhəmiyyəti var, qida toplamaq üçün arılar xüsusi uzaqgörənliyə və təyin etmə hissinə malik olmalıdırlar ki, qida və onun təsiri haqqındakı məlumatı yerində icra edə bilsinlər. Qurani-Məcid bu haqda belə buyurur:  “ Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Yaxud:"Rəbbinin yollarını itaətlə tut!")(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır! “ (Nəhl surəsi, 68-69-cu ayələr)

Sonda Nəsib Bayramoğlunun “Arı dünyası” kitabından bəzi hissələri diqqətinizə çatdırırıq:

*İnsanlarda kasıbın, arılarda isə varlı ailənin balası çox olur. Arının kasıbı bala qoymur.

* Arı əksər hallarda düşmənini dodağından, gözündən vurmağa çalışır. O, sanki, bununla düşmənə qandırmaq istəyir ki, gözünü, tamahını mənim yuvamdan çək.

* Arıdakı beş müqəddəslərdən (yurd-yuva, Qanun, Şah-ana, bala və ruzi), ikisi yaranmış şəraitdən asılı olaraq bəzən öz müqəddəsliyini itirir. Bunlardan biri yurd, biri isə Şah – anadır. Yurd – yuva arının normal yaşaması üçün yararlı deyilsə o daha müqəddəs ola bilməz. Belə halda arı onu tərk edib normal yaşayışını təmin edə biləcək daha əlverişli bir yurd axtarışına çıxır.

Şah – ana nə qədər gözəl, boylu-buxunlu olsa da, əgər o öz Şahlıq vəzifəsini yerinə yetirə bilmirsə, ona verilən sınaq dövrü başa çatdıqdan sonra etimadı doğrultmursa, o da müqəddəs sayılmır, dəyişdirilir.

* Şahsız – anasız, yiyəsiz ailədə bəzən şahlıq düşən bir neçə işçi arı meydana çıxır. Lakin belələrinin mayası şah mayası olmadığından onlardan heç vaxt şah olmur, qoyduqları yumurtadan arı əvəzinə yarımçıq erkəklər çıxır.

* Arıda yuvadan çıxıb getmək sərbəstdir. Lakin bu, Qanunla tənzimlənir ki, bu da üç gün möhlət deməkdir. Bundan sonra arı yalnız o vaxt içəri buraxılır ki, çöldən qayıdanda çinadanı dolu qayıtsın.

* Ana bir sutkada 2000-2200 yumurta qoyur ki, bu da təxminən onun öz çəkisi qədərdir. Hər gün təkrarlanan bu itki onun yediyi ana südü və güvəm hesabına bərpa olunur.

* Sədəf boyda arı südündə olan kalori yüz o qədər balın kalorisinə bərabərdir.

* Arı özünün yeganə silahı olan iynəsini hər dəqiqə başı işə salmır. Əvvəlcə öz düşmənini vızıltı çıxartmaqla, hədə-qorxu gəlməklə qovmağa çalışıb silahı ehtiyatda – ən çətin məqam üçün saxlayır. Bu üsul nəticə verməzsə, onda arı düşməni sancmaqla ondan heyif çıxır. Lakin arı görsə ki, onun məkanına qəfil hücum var və bunu heç bir hədə ilə qorxutmağın xeyri yoxdur, onda arı xəbərdarlıq etmədən birbaşa sancmaq haqqında qərar qəbul edir – cihada girir.

* Arı düşmənə cihad elan edibsə, o, bunu qətiyyən dəyişməz və hara qaçırsan-qaç, sən canını ondan qurtara bilməyəcəksən. Nə eləyirsən elə, arı səndən əl çəkməyib mütləq sancacaq. Çünki arı qəbul etdiyi qərarın icrasını mütləq təmin edən bir varlıqdır.

* Heç bir laboratoriyası, çəki alətləri olmayan arı balın müalicəvi əhəmiyyətini artırmaq üçün onun tərkibinə elə çəkidə narkotik maddə tapıb qatır ki, o insana zərər gətirmir. Balda ağrıkəsici, uyuşdurucu, yuxugətirici xüsusiyyətlər məhz bunun nəticəsində yaranmış olur.

* Hər bir arı ailəsinin müstəqil dövlət kimi öz konkret yeri – ərazisi, sərhədləri, qanunları, Şahı – rəhbəri, qoşunu, silahı, büdcəsi, kömrük qaydaları, kəşfiyyatçısı, öz informasiya mənbəyi, yalnız ona məxsus olub, onun üzvlərinin məxsusluğunu bildirən pasportlaşması mövcuddur.

* 21 günə dünyaya gələn işçi arı, yuvası, balası, sabahkı təminatı naminə məhsul gətirmə dövründə o qədər çalışır ki, 42-45 gündə əldən düşüb ölür. Lakin qış aylarında işləmədiyindən, dincəlməyə imkanı olduğundan o, 110-150 günə kimi yaşaya bilir.

* Ailədə olan üç növ arıdan ən çox işləyəni və ən az yaşayanı işçi arılardır. Cəmi on yeddi günə əmələ gələn erkək – eşşək arılar işçi arıların öz canları bahasına yığıb gətirdikləri ruzidən geninə-boluna yeyərək arılardan dörd dəfə çox yaşayırlar. Bu hələ harasıdır! Əgər payızın düşməsi ilə əlaqədar işçi arılar onları yuvadan qovub çıxartmasalar onda bu müftəxorlar daha çox – bəlkə də zəhmətkeş arıdan 8 dəfə uzun ömür sürərlər.

* Məhsul yığımının qurtarması ilə bağlı işçi arılar yuvaya bir damcı da olsa ruzi gətirməyən erkəyi yuvadan qovurlar. Yuvadan çıxmaq, bol yemdən ayrılmaq istəməyən erkək arı inadkarlıq eləyəndə arı onun belinə minib çölə qovur və erkəyin təzədən geri qayıtmaması üçün qanadını çeynəyib qoparır. İçəri girməyin qadağan olunduğunu bilən erkəklər yuvanın ağzında yığışıb həsrətlə içəri girib-çıxan işçi arılara baxmaqdan savayı ayrı əlacları qalmır. Bol yeməyə vərdiş edən erkək iki-üç gün beləcə ac qaldıqdan sonra aclığa dözməyib ölür. Hansı ki, arı ondan üç-dörd dəfə çox aclığa tab gətirə bilir.

* Arının ən qəddar düşməni olan arıquşu (qızlar quşu) gün ərzində 300-dən çox arı tutub yeyə bilir. Arını tutan arıquşu arını bütöv yemir. Qayçını xatırladan dimdiyi arasında onun arxa hissəsini – iynəli və nəcislə dolu hissəsini kəsib ataraq baş tərəfini – ballı hissəsini udur.

* Arı qolunda, sinəsində, başında sıx, qalın və qıvrım tük olanı daha çox çalır. Yəqin beləsi ona arının qatı düşməni olan ayını xatırladır.

* Arıquşunun səsini eşidən arı çalışır ki, qutudan çölə çıxmasın. Bunu bilən arıquşu bəzən qutunun ağzına qonaraq dimdiyi ilə yuvanı taqqıldadıb arını çölə çıxardır və ordaca onu tutub yeyir. Arı quşdan qorunmaq üçün yuvada dayanıb arıquşunun uzaqlaşıb getməsini gözləyir. Axşam düşəndən sonra və səhər lap tezdən arıquşu olmayanda o, işə gedir və çox tələsə-tələsə işləyir. Hərdən arıquşu onu tutmasın deyə lap aşağıdan uçub arıquşunu azdırmağa çalışır.

* Arı cəsarətli canlıdır. Arıquşu arıxanada arı tutmaq istəyəndə dəstə ilə onun üstünə cumurlar. Lakin arıquşu bundan istifadə edərək onlardan birini tutaraq, tezcə də arıxanadan uzaqlaşıb yaxınlıqdakı budaqlardan birinin üstünə qonur. Sonra dimdiyindəki ovunu yeyib qurtaran kimi yenidən arıxanaya – arı tutmağa qayıdır. Arıquşu çalışır ki, qurumuş budağa qonsun. Çünki belə yarpaqsız budaqdan uçan arını görmək daha asandır.

* Ayı arıxanaya oğurluğa gələndə heç də ilk qabağına çıxan qutunu götürüb aparmır. O bir-bir qutuları qaldırıb hansının dolu, yəni daha ağır olanını müəyyənləşdirir. Bundan sonra həmin qutunu qoltuğuna alır və qaça-qaça onu su olan yerə çatdırır və qutudan şanları bir-bir çıxararaq suya basır və beləliklə, arıları öldürdükdən – boğduqdan sonra balı dişinə çəkir.

* Yuvadan 3 gündən artıq çöldə qalıb yadlaşan arı təzədən öz yurduna qayıtmaq, ora doğma olmaq üçün yurda əlidolu qayıtmalıdır, kənarda yığdığının bir qismini yuvaya – yoldaşlarına gətirməlidir.

* Heç bir yad arını öz yuvasına buraxmayan arı 1-2 günlük bala hansı qutudan olur-olsun onu yuvaya buraxır, ona toxunmur, bu körpəni öldürmür və tezcə yedizdirilib içəri aparılır. Arılarda bala kimin olur-olsun o, heç vaxt düşmən sayılmır.

* Arı öz çəkisinə görə ən güclü canlılardan biridir (qarışqalardan sonra). Əgər at öz çəkisindən cəmi iki dəfə ağır yükü sürüyüb apara bilirsə, arı özündən 20 dəfə ağır şeyi dartıb yuvadan bayıra ata bilir.

* On milliqram çəkisi olan arının bir kq-da 10 minə qədər arı olur. Yayda yaxşı arı ailəsində 50-60, bəzənsə 70-80 minə qədər arı birgə fəaliyyət göstərir. Bu qədər çoxluğa baxmayaraq, arı ailəsində heç bir qruplaşma, hakimiyyət, dövlət çevrilişi, vətəndaş qarşıdurması yol verilməzdir.

* Min bir arı ailəsini yan-yana düzsən də onların arasında heç vaxt heç bir qonşuluq münasibəti qurulmaz. Arılarda qonşuya keçmək, onunla alış-veriş etmək, qonşudan yardım istəmək yasaqdır. Arı dünyasında belədir: yardıma göz tikmə və çalış özün özünü yaşat. Unutma ki, yardımla yaşamaqdansa ölmək yaxşıdır.

* Arı başqa ailəyə basqın edəndə birinci onun şahını öldürür ki, ailədə başsızlıq yaransın, nizam pozulsun.

* Kimin çox, kimin az yem toplamasından asılı olmayaraq, yuvada olan yemdən hamı istədiyi qədər dadmaq hüququna malikdir. Ailədə mənim - sənin yoxdur. Yuvanın harasınasa keçməyə qadağa qoyulmur. Yaxşı da, pis də nə varsa hamınındır.

* Hər bir arı öz şahı ilə istədiyi vaxt görüşə bilər, qolları və ağzı ilə ona toxuna, hətta ağzındakı yemlə onu yemləyə bilər. Onlarda hamının bəyənib seçdiyi şaha zaval yoxdur və əgər Şahlığa yararlıdırsa daha onu kimdənsə qorumağa lüzum qalmır.

* Ananın – şahın seçilməsində heç bir arı istisna olmadan bütün ailə üzvləri iştirak edir. Bunun nəticəsidir ki, ailədə yaxşı şaha sui-qəsd edilmir.

* Yuvada təkhakimiyyətlik uğrunda analar arasında aparılan mübarizədə arılar iştirak etməz, onlar yalnız bunu müşahidə edər, sonradan qalib gələn şahı həmişə kənar hücumlardan qoruyar, onun başqa şahla tutaşmasına yol verməzlər. Yad şahla vuruşmaq lazım gəlsə daha bunu fəaliyyətdə olan şah yox, onların özləri edərlər. Hətta yuvaya buraxmaq istədiyin təzə şah nə qədər yuvadakı şahdan üstün olsa belə, o qəbul olunmur, arılar öz zəif şahını yad şaha dəyişməzlər və lazım gələrsə təzə şahı ancaq öz içərilərindən seçərlər.

* Arı öz ölüsünə yas saxlamaz. Onlarda ölüm haqdır. Olum varsa ölüm də qaçılmazdır. Lakin arılar yalnız şah öləndə, o yoxa çıxanda məys olub üç gün yas içində olurlar. Bu arının işləməsindən, davranışından, təlaşından o saat hiss olunur.

* Arı elə nadir canlıdır ki, yeri gələndə o özü-özünə ana dünyaya gətirir.

* Payıza az qalmış ailənin varını geninə-boluna yeyən erkəklər yuvadan qovulur. Bu, Qanunun tələbi olduğu üçün erkək canını qurtarmaq üçün ha ora-bura qaçsa da, işçi arı ilə vuruşa girmir. O vaxtın yetişdiyini bildiyindən çöldə – yuvanın ağzında qrup şəklində toplaşıb həsrətlə içəri baxar və bir müddətdən sonra aclıqdan ölərlər. Bu zaman heç bir arı çöldə qalan erkəyə yazığı gəlib ona yemək verməz. Çünki bu, Qanunu pozmaq olardı.

* Arılarda bu və ya digər vəziyyətlərin bir-birinə ötürülməsi ilə bağlı informasiya ən iti yayılan informasiya olsa da, onlar heç vaxt biri o biri haqqında nə şaha, nə də başqa arılara xəbərçilik, satqınlıq etməzlər.

* İşçi arının, erkəyin dünyaya gəlməsi, yetişməsi üçün ona cəmi üç gün ana südü yedizdirilərsə, ana – şah olacaq süfrəyə 15-16 gün, yəni o dünyaya gələnə kimi yalnız ana südü ilə qidalandırılır. Ona görə də, işçi arı ana – şah olmaq iddiasına düşsə də (belə hallar bəzən olur) ondan şah olmur. Çünki onun mayası şah mayası deyil.

* Arı çöldən bol nektar gəlişinə ümid edib çoxlu bala qoyubsa və qəfildən bu gəlir kəsilərsə arı qoyduğu balaların yuvadan çıxmasına imkan vermir. O yetişməmiş yarımçıq balaları didib çölə tökür. Səbəb odur ki, arı gözü görə-görə balasının acından ölməsini istəmir. Burada prinsip belədir: balanı saxlaya biləcəksənsə, onu dünyaya gətir. Ac, təminatsız bala böyütmək olmaz, bu günahdır.

* Yuva daxilində olduqca qənaətcil olan arı, kənarda yem mənbəyi varsa böyük bir acgözlüklə özünü fəda edərək gecəni gündüzə qatıb onu damlasına qədər yuvasına daşıyar.

* Çöldə yem mənbəyi tapan arı ona başını qatıb öz qarnını doydurmaz. Vaxt itirmədən tezcə geri qayıdıb öz yoldaşlarına yemin yeri, dadı, uzaq-yaxınlığı barədə xəbər çatdırar.

* Arının da insanlar kimi kütləvi şəkildə qeyd edilən bayramları var. Balaların təbiətə ilk çıxışı – bala oynatma, beçə vermə – ayrılma, gəlinköçürmə, yaxşı gəlirlə bağlı məhsul bayramı və s. bu bayramların hər birinin özünə məxsus avazı – musiqisi olur.

* Bütün fəaliyyəti hava durumu ilə bağlı olan arılar axşam-sabah havanın necə olacağını çox dəqiqliklə müəyyən edə bilirlər.

* Təzə yerdə su axtarışında olan arılar yuxarı ilə yox, otların, torpağın üstü ilə, otlara dəyə-dəyə üçurlar.

* Balın xarlaması və ya xarlamaması onun keyfiyyətli-keyfiyyətsiz olmasına dəlalət etmir. Bu balın tərkibi ilə bağlıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən ballar tez, fruktoza çoxluq təşkil eləyən ballar gec, hətta saxlama şəraitindən asılı olaraq ümumiyyətlə, xarlamır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından o saat fərqlənir. Çəmən balı tez, dağ ətəyi ballar gec xarlayan bal olur.

* İnsanlar bal arılarının altı növ məhsulundan bəhrələnirlər. Bunların bir çoxu baldan daha qiymətlidir. Bal, vərə mumu (arı kleyi, propolis) çiçək tozu, ana südü, arı zəhəri və sarı mum.

* 1 kq balın tərkibində 400-dən çox qatışıq komponent var ki, bu da insanda 3200 kilokolori istilik yarada bilir.

* Balın tərkibində su normadan 20%-dən çox olanda qıcqırır.

* Müəyyən mənbələrdən götürülən bəzi ballar arının özü üçün də çox ziyanlı hesab olunur. Gəzəyənti bal, meşələrdə ağaclara sarmaşan həmişəyaşılın, pambıq, günəbaxan çiçəyinin balı belə ballardandır.

* Keyfiyyətli balı tanımağın bir çox üsulu – yolu var. Amma ən asan, etibarlı üsul odur ki, balı aldığın adamı yaxşı tanıyasan, kimliyini biləsən.

* Arı məhsullarının hamısı dərman hesab olunsa da, onların ayrı-ayrılıqda hər birinin öz təyinatı var. Balın özü də hansı çiçəkdən yığılmasından asılı olaraq ona münasib dərman kimi müxtəlif xəstəliklərdə qəbul edilir. Yalnız balın özü 22-dən çox xəstəliyin müalicəsində təsirli və ziyansız dərman kimi istifadə olunur.

* Arı zəhəri tərkibcə gürzə zəhərinə yaxındır. Lakin onun dozası az olduğundan insanı öldürmür və əksinə, onun bir sıra xəstəliklərini müalicə edir. Atı eyni anda 50-dən çox arı sancsa o ölə bilər. Lakin bədəni arı zəhərinə öyrənmiş arıçı belə imtahandan sap-sağlam çıxa bilir.

* Arı sancmasına allergiyası olan insan ondan qaçmalıdır. Bəzən arı insanın elə damarından vurur ki, o huşunu itirir.

* Təcrübəli arıçı arıxanada arı vuruşuna qarşı demidrol saxlamalıdır.

* Arıxanada arının yaxınlaşmasından qorxub əl-qol atmaq, ora-bura qaçmaq olmaz. Bu hərəkət daha çox arının üstünə gəlməsinə səbəb ola bilər.

* Tərkibinə görə yaylaq balları daha zəngin keyfiyyətə malik olur.

* Qışda balın çox bərkiməsi, xarlaması yuxulu halda olan arı üçün problem yaradır. Bunu bilən arı orta pətəklərə üstü möhürlənməmiş bal yığır və balın xarlamaması üçün çiçəklərində limon cövhəri olan bitki və ağaclardan limon cövhəri tapıb bala qatmaqla öz işini asanlaşdırır.

* Tərkibi zəngin bal daha çox – yəni azı 40-dan çox çiçəyin nektarı olan bala deyilir. Belə bal daha təsirli olur.

* Heç bir saxtakarlıq etməyən arıya saxtakarlıq edilibsə, haram qatılıbsa, balı alınıb şəkər verilibsə, şana parafin və digər əlavələr qatışdırılıbsa, başqasından oğurluq olunubsa, o arı ailəsi gec-tez qırılıb sıradan çıxır.

* Arı yada yabançı olduğu kimi, onun təmiz əməyinin məhsulu olan balda da bu xüsusiyyətlər mövcuddur. Sən bala nə qədər istəsən çör-çöp, yarpaq qırıntıları, ölmüş arı cəsədləri qatırsan-qat, bir sutkadan sonra bal bunların hamısını içindən təmizləyib qabın üzünə çıxardacaq və özü billurlaşıb tər-təmiz olacaq.

* Bal uzun müddət saxlanıldıqda öz keyfiyyətini itirməyən bir məhsuldur.

* Bal bakteriya keçirməzdir. Afrika cəngəlliklərində yaşayan qəbilələrdən bəziləri balın bu keyfiyyətini bildiklərindən ət xarab olmasın deyə onun üzərinə bal sürtüb ağacların kovuşunda xeyli müddət saxlaya bilirlər.

* Böyük İsgəndərin cəsədini iylənməmək üçün balla dolu çəlləyə qoyub vətəninə gətirib çatdırmışlar.

* Arxeoloji qazıntılar zamanı aşkar edilən və min illər bundan öncə qablaşdırılmış balları açarkən onun xarab olmadığı təsdiq olunmuşdur.

* Uzun yaşamaq istəyirsənsə hər gün 1-2 qaşıq bal ye!

* Bal ən tez həzm olunan qidadır. O mədəyə daxil olandan 7 dəqiqə sonra qana sovrula bilir. Ona görə bal yeyən tez acır.

* Çiçək tozu – qüvəmlə qidalanaraq 3 ay ac qalmaq mümkündür.

* Qan dövranını, ürəyin fəaliyyətini yaxşılaşdıran arı südü, həm də cinsi fəaliyyəti gücləndirən bir vasitədir.

* Bal arısı Allahın yaratdığı müqəddəslərdən biridir. Ona görə də, hirslənib onu söymək ən böyük günahdır.

* Tamahını boğa bilməyib arının qış yemini onun əlindən alan arıçı yazbaşı başına döyər.

* Varlı diyara göz tikən çox olduğu kimi balı şirin, özü şirin olan arının, onun barlı-bəhərli yuvasının da düşmənləri hədsizdir. Arının qarışqadan tutmuş ümumiyyətlə, nəhəng ayıya, hətta ziyansız saydığımız qaranquşa, kəpənəyə, qurbağaya və daha 39-a qədər düşməni məlumdur.

* Xırda olmasına baxmayaraq özü xırda, əməli böyük olan bal arılarının 28-ə qədər xəstəliyi məlumdur. Bu qarın ağrısından tutmuş, sonsuzluq, çürümə, bit-gənə, qıcolma, müxtəlif infeksion, bakterial, göbələk, invazion və digər xəstəliklərdir.

* Arı müqəddəs varlıq olduğundan onda olan heç bir xəstəlik insana keçməz.

* Ümumiyyətlə, balın dəyib-dəymədiyini bilmək üçün qaşığı balla doldurub bir neçə dəfə fırlayırsan. Bu vaxt əgər bal qaşıqdan o saat süzülüb tökülürsə o dəyməmiş baldır. Yox, əgər qaşığa yapışıb qalırsa, bu bal dəymiş baldır.

* Bir qaşıq balı toplamaq üçün (30 qr) 200 arı bir gün durmadan nektar toplayıb yuvaya gətirməlidir.

* Şanın 75 gözünə yığılan balın üzərini möhürləməyə 1 qram mum sərf olunur.

* Bir ananın mayalanması üçün 8-12 erkək tələb olunur. Ana ömründə yalnız bir dəfə mayalanır.

* Ana iki növ yumurta qoyur və bunlardan mayalanmışından işçi arı, mayalanmamışından erkək arı çıxır.

* Özü müftəxor olduğu kimi erkək arıların yumurtalarının yetişdirilməsinə də işçi arıdan üç dəfə çox yemləmə sərf olunur.

* Arı yeni yem mənbəyini tapan kimi yuvaya qayıdıb iki cür rəqslə yoldaşlarına onun yerini bildirir. Bunlardan biri dairəvi rəqs, o biri isə yarım dairəvi rəqsdir. Dairəvi rəqsdə arı yem yerini bildirmək üçün dairəvi şəkildə bir neçə dəfə fırlanır. O biri rəqsdə isə arı yarım dairə qaçıb dayanır və üzünü əks tərəfə çevirir, sonradan təzədən start vəziyyətinə qayıdıb təkrar yarımdairə qaçış eləyir.

Birinci rəqs yem yaxınlıqda olanda, ikinci növ rəqs isə yem yuvadan uzaqda olanda icra edilir.15 saniyəyə 11 dəfə dairəvi rəqs yemin lap yaxında – 100 metrlikdə olmasını, dörd dəfə dolanması isə yemin bir kilometr yarıma qədər məsafədə olduğunu bildirir.

* Bir sıra zəhərli bitkilərin çiçəklərindən toplanan bala "kefləndirici" bal deyilir. Belə balı yeyən insanın səhhətində ağır pozuntular, qusma, mədədə ağrı, zəifləmə, başgicəllənməsi, hətta bəzən huşu itirmə halları da baş verə bilir.

* Bəzi allergiyası olan insanlara bal yemək məsləhət görülmür. Belələri bal yeyərsə onlarda baş ağrısı, dəridə səpgi, allergik asqırmalar, mədə-bağırsaq pozuntuları baş verə bilər.

* Şanlı bal yeməyin təsiri süzmə baldan daha çoxdur. Bu yalnız qarmaritlər və frontitlər zamanı deyil, həm də nəfəs yollarının, mədə ağrılarının müalicəsi üçün də olduqca xeyirlidir. Biz şanlı balı çeynəyib udduqda, o mədəyə düşəndən sonra əriyib onun divarlarını nazik təbəqə – mumla örtür ki, bu da orada olan bir çox səpgi, yara-xoraların üzərini suvayır.

* Arı səni sancıbsa tez onun dəri üzərində qoyub getdiyi iynəni zəhər tuluğu ilə birlikdə çıxarıb at və həmin yeri spirtlə sil. Yara yerinə habelə çiy kartof və ya soğan da kəsib qoymaq olar.

* Demidrol arı sancmada təsirli dərmanlardan biri sayılır.

* Daha çox nektar verən ağac, çəmən çiçəklərinin sayı 200-dən çoxdur. Bunlardan da nektarı bol olanlar aşağıdakılardır: ağac və kollardan: cökə, akasiya, yulğun, murdarça, qaratikan. Çəmən çiçəklərindən: kəklikotu, çüyüd, yonca, raps, almayonca, əkin yoncası, pişik caynağı, baldırğan, sorunca, qantəpər, iki növ qanqal, süpürgə, piyanka və digər dağ otları.

* Bol nektarlı çiçəyin şirə verməsi üçün yalnız ona məxsus hava hərarəti ilə rütubətin müvafiq uzlaşması gərəkdir.

* Qızılgül, lalə nə qədər cəzbedici olsa da, onlardan nektar – şirə olmur. Arı onlara yalnız çiçək tozu toplamaq üçün qonur.

* Arının bəzi düşmənləri onu tutmaq üçün çiçəyin ortasında pusqu qururlar.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (25 Oktyabr 2010 19:29)



Qrup: Qonaq
Tarix: --
"yardıma göz tikmə və çalış özün özünü yaşat. Unutma ki, yardımla yaşamaqdansa ölmək yaxşıdır." cox gözel heyatda devizleri varmış arıların.bu cür gözel megale üücn cox sagolun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.