Siz bu şəxsləri tanıyırsınızmı? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Siz bu şəxsləri tanıyırsınızmı?
 
 » Elm və mədəniyyət » Dahilər » Siz bu şəxsləri tanıyırsınızmı?

     
 
Elm və mədəniyyət » Dahilər: Siz bu şəxsləri tanıyırsınızmı?
 
 
Müəllif: Zehra | 27 Oktyabr 2010 | 12927 dəfə oxunub
http://zeka.az/1083-siz-bu-ejxsljri-tandydrsdndzmd.html

Siz bu şəxsləri tanıyırsınızmı?

Müzəffərəddin Cahanşah Həqiqi

Görkəmli dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Cahanşah Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi.

 Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər.

Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır.

 İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə, Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. 1440/41 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlular dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir də. Cahanşahla Şahrux arasındakı dostluq qohumluğa keçir. Şahruxun arvadı Gövhərşad bəyim Cahanşahı oğulluğa götürür. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı.

Qaraqoyunlular dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.

Cahanşahın beş oğlu vardı: Pirbudaq, Həsənəli, Qasımbəy, Mirzə Məhəmməd və Mirzə Yusif. Onlar hakimiyyət uğrunda mübarizədə atalarına hər cür kömək edir, lakin eyni zamanda bir neçə dəfə atalarından ayrılmağa və müstəqil olmağa da cəhd göstərirlər. 1452-ci ildə Cahanşah İranı fəth edir və Fars vilayətinin bir hissəsini tutur. Oğlu Pirbudağı İsfahan hakimi qoyur. O isə Farsa hücum edərək, Şiraz və Kirmanı tutur. 1453-cü ilin sonunda Cahanşah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıdır. 1457-ci ildə isə qoşununu Xorasan üzərinə çəkir. O biri il Teymurilərin paytaxtı Heratı tutaraq, Şahruxun məşhur sarayında yerləşir.

Elə həmin vaxt oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahanşah üsyançılarla sərt rəftar edir. Yalnız anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun Həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahanşaha tabe olmadıqlarını elan edirlər. Bunu eşidən sultan 1462/3-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür: Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür.

Pirbudaq yenidən üsyan edib sultanlıq eşqi ilə atasının üzünə ağ olur. Cahanşah 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdadı tutur və bu dəfə aman vermədən oğlunu edam edir. Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. 1458-ci ildə o, Gürcüstana yürüş edir. Ərdəbil hakimlərinin də fəallığı artmaqda idi. Şah İsmayılın babası, məşhur şeyx Cüneydin xalq arasında nüfuzunun artması Cahanşahı narahat edirdi və odur ki, onu Ərdəbildən Diyarbəkirə sürgünə yollayır. Üstündən dörd il keçəndən sonra şeyx Ərdəbilə gəlir və Şirvanşah Xəlilüllahla döyüşdə öldürülür. Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzrumu tutur. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahanşahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi "Göy məscid"də dəfn edirlər. Bir neçə şair Cahanşaha mərsiyələr də söyləyir. Qaraqoyunlu dövləti özünün 58-ci ilində beləcə məhv olur və Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli oğullarımızdan birinin ömrü beləcə gözlənilmədən kəsilir. Bu elə bir şəxsiyyət idi ki, özündə dövlət xadimi, diplomat, sərkərdə və şairə məxsus ən gözəl keyfiyyətləri birləşdirmişdi.

Cahanşah ticarət, sənətkarlıq, elm, incəsənət və mədəniyyətin inkişafı naminə çox işlər görmüşdür. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və xüsusilə də Təbriz kimi iri şəhərlərimiz çiçəklənmişdi. Onun əmri ilə 1456-cı ildə Təbriz şəhərində Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan "Göy məscid" tikilir. Bundan əlavə həmin dövrdə bir ucdan ictimai və yaşayış binaları da tikilir.

 "Göy məscid"in mərmərdən qurulmuş binası qeyri-adi dərəcədə gözəl, parlaq və rəngarəng kaşı ilə bəzədilmişdi ki, bunun da Azərbaycan memarlığında indiyə qədər bənzəri yoxdur. Bütün bunlardan başqa Cahanşahın Azərbaycan poeziyası tarixində də mühüm xidmətləri vardır və bunlar üzərində xüsusi dayanmağa dəyər. Doğma Azərbaycan dilində gözəl şeirlər yazmış Cahanşah ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınır. Yüksək təhsil görmüş Həqiqi Azərbaycan və fars dillərində gözəl qəzəllər, məsnəvi və rübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. Həqiqi dahi fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şeirlərindən birində o, bu divanı "Xəzinə" adlandırmışdı. "Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstambulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, Yerevan Uni-versitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı burada tapmış və işləyərək, dərc etdirmişdir.

Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. Şah olmasına baxmayaraq, o, Nəimi və Nəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi:  “Vüsalını dilərəm kam ilən ze fəzli-ilah Məni-şikəstəyə kami-vüsal beylə gərək.”

Azərbaycan hürufizminin tədqiqatçısı Zümrüd Quluzadənin yazdığı kimi, "Həqiqinin poeziyası öz formasına görə, tamamilə hürufi mahiyyətdədir. O, dəfələrlə hərflərin insan əməllərində, xüsusən də onun sifətində əks olunduğunu yazır. İnsan və onun surəti Quranı və Quran ayələrini təcəssüm etdirir:

 “Ey xətin səbül-məsani, vey ləbin mai-təhur,

 Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur.”

 Yaradıcılığının aşkar hürufi mahiyyəti daşımasına baxmayaraq, maraqlıdır ki, Cahanşah Təbrizdə Nəiminin qızı başda olmaqla 500 hürufi edam etdirmişdi. Buradan da belə nəticəyə gəlmək olar ki, Həqiqini hürufizmdə cəlb edən ya münasib poetik formalar, yaxud da bəzi hürufilərin yeritdiyi siyasətdə Teymurilərin əleyhinə yönəlmiş istiqamət olmuşdur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.