Sədi Şirazi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Sədi Şirazi
 
 » Elm və mədəniyyət » Dahilər » Sədi Şirazi

     
 
Elm və mədəniyyət » Dahilər: Sədi Şirazi
 
 
Müəllif: Zaur | 17 Oktyabr 2009 | 16694 dəfə oxunub
http://zeka.az/111-s601di-350irazi.html
alt

Sədinin anadan olduğu tarix haqqında tədqiqatçılar arasında böyük ixtilaf vardır. Bəziləri onun 85-90 il, bəziləri isə 115-120 il yaşadığını qeyd edirlər. Bəziləri onun 1203-1208, bəziləri isə 1180-1185-ci illərdə anadan olduğunu təsdiq edirlər. Sədinin həyatı və yaradıcılığı haqqında tədqiqat işi aparan alimlərin əksəriyyəti onun miladi tarixi hesabı ilə 1184-cü ildə (hicrətin 604-cü ilində) anadan olduğunu qəbul edirlər. Beləliklə, orta hesabla Sədi 107-108 il ömür sürmüş olur.

Qəribədir, Sədi dünyaya gəldiyi zaman ailənin təqribən bütün kişilərinin savadlı olmasına baxmayaraq, onun anadan olduğu tarixi yazan da olmadı. Axı nə üçün də olaydı?! Onun əqli, zəkası kimin övladından daha kamil idi? Bunu bilməkmi olardı? Doğulmaq ölmək deyil ki, insanlar müxtəlif  istedad, müxtəlif əql, müxtəlif kamala malik olmaqla fərqlənsinlər. Doğum ölüm deyil ki, insanlar müxtəlif vəziyyətlərdə, müxtəlif şöhrət və hünər dərəcəsində, bəzən kimsəsiz bir yetim kimi səssiz-səmirsiz, bəzən də hörmətli bir şəxs kimi dəbdəbə və təntənə ilə yad edilsinlər. İnsanlar anadan olarkən eyni cürə doğulur, ölərkən müxtəlif ölürlər. Kimin böyük adam olacağını əvvəlcədən bilmək çox çətin bir işdir. Bəlkə elə buna görədir ki, Sədinin də doğum tarixini qeyd etmədilər.

Bustan” əsərində o, belə yazır:

Bilirsənmi Sədi muradını nədə tapdı,

O nə səhralar çapdı, nə dəryalar yardı

Uşaqlığında böyüklərdən o qədər kötək yedi,

Böyüdükdə Allah onu xoşbəxt etdi.

Sədi şah sarayında xidmət edən dindar və mömin bir şəxsin oğlu idi. Sədinin dəfələrlə etiraf etdiyi kimi, Atabəylərin onun ailəsi üzərində böyük himayəsi olmuşdu. Deyirlər ki, o, Sədi ləqəbini də Atabəylərdən olan Şiraz hökmdarı Atabəy Əbubəkr Sədi ibn Zənganiyə olan minnətdarlıq əlaməti kimi qəbul etmişdir. Öz adı isə Müşərrəf ibn Müsləhəddin Abdullah olmuşdur. Bəzi mənbələrin göstərdiyinə görə, məşhur münəccim və böyük alim Qütbəddin Şirazi Sədinin dayısıdır. Sədi kiçik yaşlarında ikən atası Müsləhəddin vəfat etmişdir. Atasının ölümü Sədiyə böyük təsir göstərmişdir. Sədi hələ gənc yaşlarında ikən monqol hücumları başlamış və bütün Yaxın Şərq, o cümlədən şairin vətəni olan Şiraz da təcavüzlərə məruz qalmışdır. Tədqiqatçılar Sədinin çox səyahət etməsinin səbəbini bu fırtınalı tarixi şəraitdə axtarırlar. Bir tərəfdən Çingiz xanının talançı ordusu, digər tərəfdən “Səlib müharibəsi” aparan Avropa istilaçıları bütün Şərqi qəsb etmək üçün insanları qılıncdan keçirir, kənd və şəhərlərə od vurub külə döndərirdilər.

Beləliklə, şair öz vətənini tərk edib səyahətə çıxır.  O, öz səyahəti dövründə Asiya və Afrikanın bir sıra vilayət və şəhərlərində, o cümlədən Xorasan, Türküstan, Bəlx, İraqi-Əcəm, Azərbaycan, İsfahan, Beyləqan, Şam, İraqi-Ərəb, Bəsrə, Fələstin, Kiçik Asiya, Şərqi Trablis, Dəməşq, Diyar-Bəkr, Cənubi Rum və sair kimi yerlərdə olmuş, Hindistandan qayıdarkən Yəmən, Səna, Hicaz, İsgəndəriyyə, Misir, və Həbəşistanda qalmışdır.

Sədi su yolu ilə Xəlici Fars, Umman dənizi, Qırmızı dəniz, Aralıq dənizi, Nil çayı boyunda səyahət etmişdir.

Sədi İraqi-Ərəbdə Bağdada getmiş, orada “Nizamiyyə” mədrəsəsində təhsil almışdır. “Nizamiyyə” mədrəsəsi öz dövrünə görə, Şərq aləmində ən görkəmli və məşhur mədəniyyət ocaqlarından biri hesab olunurdu. Burada orta əsrin görkəmli din xadimləri, nücum, fəlsəfə, elmi-əruz, fiqh, sərf-nəhv, elmi-inşa, elmi-bədi və sair fənlər sahəsində dünya şöhrəti qazanmış alimlər dərs deyirdilər. Bunların əksəriyyəti “Şeyx” ləqəbi qazanmış, müxtəlif dini və elmi əsərlərin müəllifi idilər.

Sədi “Gülüstan” və “Bustan” əsərlərində öz müəllimlərindən əsrinin böyük ensiklopedisti hesab olunan Əbülfərəc Əbdürrəhman ibn Cövzinin (1116-1201) və Bağdad sufilərinin mürşidi adlanan Şihabəddin Söhrəvərdinin (1144-1234) adını çəkir, özünü onların şagirdi hesab edir.

Sədi deyir:

 “Şeyxlərdən birinə gileyləndim ki, filankəs zərərimə danışmışdır. Dedi: Xeyrinə danışıb utandır”.

Sədinin külliyyatına aşağıdakı əsərlər daxildir:         

“Risalat”, “Kərima”, “Gülüstan”, “Bustan”, “Qəsaide-ərəbiyyə” (Ərəbcə qəsidələr), “Muləmməat” (bir misrası farsca, bir misrası ərəbcə yazılan şerlər), “Müsəlləsat” (bir misrası farsca, bir misrası ərəbcə və bir misrası isə başqa dildə oıan şer), “Tərciat” (tərcibəndli şerlər) və s. Sədinin on yeddi dildə yazılmış bir şeri də var ki,  bu onun yalnız bəzi külliyyatına daxil edilmişdir.

Sədinin bəzi kəlamlarından:

“Sən xeyirxah ol ki, bədxah adam Sənin nöqsanını deməyə imkan tapmasın”.

(“Gülüstan”, 2, 79)

“Özünə xudbin, xalqa isə bədbin olma”.

“Dünyada malına həris olanın dar gözünü ya qənaət doyurar, ya da gor”.

Sədi təqribən 70 yaşında 1257-ci ildə doğma vətəni Şiraza qayıtdı.

O, ömrünün son günlərini guşənişinliklə keçirərək, Şirazın şimal-qərbində dağ ətəyindəki xanəgahda yaşamışdır. Mənbələrə görə Sədi Şirazda öz “Sədiyyə” adlanan xanəgahında vəfat etmişdir.  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.