Ağa Məhəmməd şah Qacar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Ağa Məhəmməd şah Qacar
 
 » Elm və mədəniyyət » Dahilər » Ağa Məhəmməd şah Qacar

     
 
Elm və mədəniyyət » Dahilər: Ağa Məhəmməd şah Qacar
 
 
Müəllif: Zehra | 5 Noyabr 2010 | 14516 dəfə oxunub
http://zeka.az/1110-ada-mjhjmmjd-eah-qacar.html

  Ağa Məhəmməd şah Qacar

Türk-qıpçaq əsilli qacar tayfası da bayat, kəngərli, zülqədər, şamlı və digər boylar kimi Azərbaycan xalqının etnogenezində mühüm rol oynamışdır. Qacarların tarixi maraqlı və dramatikdir. Onlar parlaq qələbələr və acı məğlubiyyətlərlə müşaiyət olunan çoxəsrlik bir mübarizə yolu keçmişlər.

 Qacarlar əsasən, Azərbaycanın şimal hissəsində – Qarabağ, Gəncə və İrəvan tərəflərdə yaşayırdılar. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkmən Münşi (1560-1634) özünün məşhur "Tarixi-aləmarayi-Abbasi" əsərində yazırdı: "Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan ən gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burada gözəl bağlar salmışlar." Bu tayfalar haqqında xatirələr indiki Füzuli (Qacar) rayonunun və Zəngəzurdakı Qacar (indiki Qacaran) şəhərinin adlarında əbədiləşmişdir.

  Son 6-7 əsrdə qacarların ən yaxşı nümayəndələri İran və Azərbaycan ərazilərində gedən coşqun tarixi hadisələrdə ən fəal şəkildə iştirak etmişlər.

 Qacarların öz xronikalarına əsasən, "onların əcdadları Türküstanda şadxürrəm yaşamışlar, yay aylarında dağların yamaclarında qoyun sürülərini otarmış, qışda bu gözəl ölkənin məhsuldar yaylalarına enmişlər. Tayfanın yüksəlişi bu boyun tanınması və yüksəlməsi üçün cəhdlərini birləşdirmiş 5 qardaşın ailəsi ilə başlayıb. Onlar öz cəsarət və şücaətləri ilə döyüşlərdə şöhrət qazanmış və tanınmışlar. Onların xislətinə xas olan şücaət və cəsarət istisnasız olaraq, bütün qacarlara aiddir. Bu barədə aşağıdakı şeir bəndində də deyilir:

                                                                                                                                                           Biz bir kökdən gələn beş qardaşıq

     Beş barmaq kimi bir-birimizə sirdaşıq.

   Biz qalxanda qələbə bayrağı bizimdi

          Birləşəndə düşmənin başına qara daşıq.

Həmin beş qardaşın böyüyü Qacar xan idi. Tayfanın kökü də adını buradan götürmüşdü. Oğuz xanın Fars vilayətinə yürüşü zamanı onun ordusunun əksər qismi bu tayfadan idi. İran tutulandan sonra onlar özlərinin yaylaq və qışlaq yerlərini Diyarbəkr və Yerlatda saldılar. Sultan Həsən bəy Ağqoyunlunun (1453-1478) hökmranlıq zamanında onlar Diyarbəkrdən Azərbaycana köçürülürlər. Sultan Yaqubun və Əlvənd Mirzənin dövrlərində qacarlar tayfasının tanınmış adamları Azərbaycan, Fars və İranın bir çox böyük şəhərlərinin hakimləri oldular. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın oğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış və bundan sonra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Tayfanın digər bir nəsli isə Dovanlu Qacar adlandırılıb. Əldə olan tarixi sənədlər göstərir ki, qacarlar axırıncı dəfə Ön Asiyaya XIII əsrdə Çingiz xanın nəvəsi Hülaku xanın (1256) qoşunlarının tərkibində gəlmişlər. Qacarların həmin qrupları İrana, Elxanilər dövlətinin süqutundan sonra isə Suriyaya (Suriya ilə İran arasındakı ərazilərə) köçürlər. Teymurun vaxtında onları Qarabağ, Gəncə və İrəvan ərazilərində, öz tayfalarından olanların yanında məskunlaşdırırlar. Səfəvilərin ilk vaxtlarında Qacarların təsiri güclü surətdə artır. Şah İsmayıl onlara tutduqları ərazilərə sahiblik haqqında sənəd verir, onların malikanələrini rəsmiləşdirir. Qacarlar Səfəvilərin Azərbaycanda və sonra da İranda öz hakimiyyətlərini möhkəmləndirməkdə arxalandıqları qızılbaş tayfalarından olurlar. Bu arada İranda və Azərbaycanda elə bir vilayət, yaxud şəhər tapmaq olmazdı ki, onlara nə vaxtsa bu boydan olan adamlar hakimlik etməsin. Belə ki, Şəkinin ilk Səfəvi hakimi Toyqun bəy Qacar (XVI əsr) idi, təqribən elə həmin vaxt məşhur Səfəvi siyasi xadimi, 1547-ci ildə Sultan rütbəsi almış Kəmaləddin Şahverdi xan Ziyadoğlu Qacar Qarabağ və Gəncə hökmdarı təyin edilir. İrəvan vilayətinin ilk hökmdarı Qulu xan Qacar, İrəvan xanlığının banisi isə Həsən Əli xan Ziyadoğlu Qacar (vəf. 1783) idilər. Ümumiyyətlə, Ziyadoğlular XVI əsrdən düz XIX əsrədək, Azərbaycan Rusiyaya birləşdirilənə qədər az qala fasiləsiz olaraq, bu vilayətlərdə hakimlik etmişlər. Səfəvilər dövründə Şirvan bəylərbəyləri Əliqulu xan Qacar, Peykər xan Ziyadoğlu Qacar kimi adamlar olub. Mürtəzaqulu xan Qacar (1664-cü ildə ölüb) Azərbaycan bəylərbəyisi olub və s. Şah Abbas Qacarların güclənmiş hakimiyyətlərini zəiflətmək və eyni zamanda İran sərhədlərini möhkəmləndirmək üçün onları Qafqazdan ölkənin sərhədyanı rayonlarına köçürür. Qacarların bir qismi ölkənin şimal-şərq sərhədlərini özbəklərdən qorumaqdan ötrü Xorasana, İranı döyüşkən türkmənlərlə ayıran Qorqan çayının sahillərinə, Astrabada köçməli olur, bir hissəsi isə Gürcüstan sərhədlərində qalırlar. Xorasan qacarları tezliklə assimilyasiyaya uğrayır. Astrabad və Qaradağdakılar isə İranın və Azərbaycanın siyasi həyatında fəal iştirak edirlər. Onların arasından bir çox körkəmli şəxsiyyətlər yetişir.

Astrabad qacarlarının özləri də iki yerə bölünmüşdülər: Qorqan çayının yuxarı sahilində yaşayanlar yuxarıbaşlı, yaxud dovalu qacarlar, aşağı sahilində yaşayanlar aşağıbaşlı, yaxud kovanlu qacarlar adlanırdılar. Astrabadda nüfuz dairəsi uğrunda onlar arasında fasiləsiz mübarizə gedir. Kovanluların nümayəndələri daha tez-tez qələbə çalırlar. Bu boyun ilk görkəmli nümayəndəsi Fəthəli xan Qacar Kovanlu olub. O, Astrabad hakimi olur və öz malikanələrini genişləndirmək uğrunda uğurla mübarizə aparır. II şah Təhmasib (1722-1732) onu öz ordusunun baş komandanı təyin edir və Fəthəli xan əfqanlara qarşı döyüşlərdə böyük şücaətlər göstərir. Ancaq sonralar Nadir şaha çevrilən Nadir Qulu xanın şəxsində baş komandanlığa layiq yeni bir namizəd tapan kimi Təhmasib çox tez bir zamanda yüksək nüfuz qazanmış Qacardan canını qurtarmağa tələsir. Nadir Qulu xanın fitvası və onun əmri ilə 1727-ci ildə Fəthəli xanı qətlə yetirirlər.

Kovanlu qacarlarının yeni yüksəlişi Fəthəli xanın oğlu Məhəmməd Həsən xanın dövründə baş verir. O, Astrabadda hakimiyyəti ələ keçirir və oradan Nadir şahın nümayəndələrini qovlayır. Cavabında Nadir şah oraya qoşun yeridir və Məhəmməd Həsən xan türkmənlərin yanına qaçmağa məcbur olur. O, Astrabada yalnız Nadir şahın ölümündən sonra gəlir.

Onun oğlu Ağa Məhəmməd Qacar İranda Qacarlar sülaləsinin banisi sayılır. O, 1741-ci ilin 26 oktyabrında doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım qacarların o biri boyundan çıxmış ən görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dovalunun bacısı idi. Ceyran xanım gözəl, cəsur və ağıllı bir qadın olub. O özü yaxşı təhsil almışdı və Ağa Məhəmməddə kitablara, ümumən savada, biliyə, elmə sevgi hissi aşılamağa çalışırdı. Ceyran xanım Astrabadın idarə olunmasında ərinə kömək edir və yaxşı bir süvari olduğundan məsul döyüş sınaqlarında ərini tək buraxmamağa çalışır. Bir çox tarixçilərin fikrincə, əgər Ceyran xanım olmasaydı, Məhəmməd Həsən xan qazandığı yüksək mövqeyə çata bilməz, Ağa Məhəmməd isə şah ola bilməzdi.

Nadir şahın xələfi Əliqulu xan Əfşar (Adil şah) qüdrətli qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmməd Həsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır. Lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir. Nadir şahın az qala bütün qohum-əqrabasını qılıncdan keçirmiş amansız Adil şahın hökmranlığı çox çəkmir. Məhəmməd Həsən xan Nadirin nəvəsi Şahrux Mirzənin taxta çıxmasına yardım göstərir. Şahrux onun xidmətlərini yaxşı qiymətləndirir və onu Astrabad hakimi təyin edir. Lakin Şahrux Mirzənin özü də taxtında çox əyləşə bilmir. Səfəvi şahlarından Süleymanın nəvəsi Süleyman Sani onun gözlərini çıxartdırır və taxtından salır. Süleyman Sani şah Məhəmməd Həsən xanı Astrabadın sərdarı (hərbi rəhbəri) təyin edir. Bu isə ona öz başına sağlam qüvvələr yığıb, Astrabad və Mazandaranda möhkəmlənmək imkanı verir. O, Şahrux Mirzəni yenidən taxtına çıxarır və Səfəvi dövlətinin bərpası şüarı altında hakimiyyətə can atan Kərim xan Zəndlə mübarizəyə başlayır. Bu mübarizədə uzun müddət uğur Məhəmməd Həsən xana yar olur. Həsən bütün mərkəzi İranın (İraqi-Əcəm) və Azərbaycanın idarəçiliyini əlinə keçirir və İranın tacsız şahı sayılır. Onun adından hətta pul da buraxılırdı.

Yürüşlərin birində on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa Məhəmməd atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759-cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd Qacara keçir. Yuxarıda dediklərimizdən də aydın olduğu kimi, Ağa Məhəmməd Qacar taxt-tac uğrunda mübarizəyə boş əllə başlamırdı. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu.

Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq, öz tayfasının cavan nümayəndələrindən və cəsur türkmənlərdən dəstə toplayır. Bundan sonra zəndlərlə partizan müharibəsinə qoşularaq, hətta Astrabadı tutmağa da çalışır. 1761/62-ci ildə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə alır. Ağa Məhəmməd xanın 500 süvarisi mühasirəni yarmaq qərarına gəlir. Döyüş bir gün davam edir. Ağa Məhəmməd xan başda olmaqla yalnız 10 gənc mühasirədən çıxa bilir. Ağa Məhəmməd xan 9 ağır yara almasına baxmayaraq döyüşün axırına qədər yəhər üstdə qalmaq üçün özündə güc-qüvvə tapır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında qarovul qoyaraq, yatmaq istəyirlər. Lakin Mazandaran hakiminin qoşunları onların üstünə gəlir. Ağa Məhəmməd oyanan kimi müqavimət göstərmək istəsə də, artıq qüvvəsi onu tərk etmişdi. Onun əl-qolunu bağlayıb, Tehrana, Kərim xan Zəndin hüzuruna aparırlar. Kərim xan Zənd düz on altı il Ağa Məhəmmədi girov, yaxud "fəxri qonaq" sifəti ilə öz yanında saxlayır.

Bir məsələ indiyə qədər tarixçilər üçün qaranlıq qalır. O zaman adətən hökmdarlar öz rəqiblərini əsir tutanda onları ya öldürür, ya da kor edirdilər. Lakin Kərim xan bunların heç birini etmir. Niyə? Tarixçilərdən fərqli olaraq, əfsanələr bu suala ətraflı cavab verir.

  Kərim xan Zənd Ağa Məhəmmədin axtalandığını biləndən sonra daha onun şəxsində özünə rəqib görmürdü. Buna görə də onu sağ buraxır. Ağa Məhəmməd xan da bütün əsirlik müddətində öz davranışı ilə Kərim xan Zəndi inandıra bilir ki, guya siyasətə olan bütün marağını itirib. Ağa Məhəmməd xanın hansı şəraitdə axtalanması məsələsi ədəbiyyatda çox səthi işlənib. Belə hesab olunur ki, onu 7 yaşında ikən Adil şah axtalatdırıb. Ancaq əgər belədirsə, onda nəyə görə Ağa Məhəmmədlə birlikdə əsirlikdə olmuş qardaşı Hüseynqulu xanı axtalatdırmayıb? Bundan başqa orası da məlumdur ki, Ağa Məhəmməd xanın xarici görkəmi sonradan dəyişməyə başlayıb. Elə bunu nəzərə alanda gərək həmin bədbəxt hadisənin başvermə səbəbləri və şəraiti haqqında gəzən digər versiyaları da nəzərdən keçirək. Həmin versiyaların birinə görə, axtalanma Ağa Məhəmmədin Nəcəf yaxınlığındakı döyüş zamanı aldığı yaralardan baş verib. Başqa bir versiyaya görə, Ağa Məhəmməd Zəki xan Zəndin gözəllikdə ad çıxarmış qızına aşiq olur. Onlar nikah ərəfəsində görüşürlər. Lakin bu, dəhşətli günah sayıldığından, qəzəblənmiş ata Ağa Məhəmməddən qisas alır. Bu versiyaya əsasən, Məhəmməd Həsən xanın həlak olduğu döyüşdə Ağa Məhəmmədlə Ceyran xanım da iştirak etmişlər. Guya Ağa Məhəmməd anası ilə birlikdə Zəki xan Zəndin əlinə keçir. Ceyran xanımın bütün yalvarışlarına baxmayaraq, Zəki xan ailəsinin namusuna təcavüz etmiş Ağa Məhəmmədi o vaxtın qisas növlərindən biri ilə cəzalandırır –  axtalatdırır və bundan sonra ananı da, oğulu da azad edir. Elə həmin andan etibarən guya Ağa Məhəmməd zəndlərdən intiqam almaq, onların hamısını qılıncdan keçirmək üçün and içir. Qeyd edilir ki, Ağa Məhəmməd xan hakimiyyətə gəldikdən sonra dediyinə əməl edir.

Qacarları neytrallaşdırmaqdan ötrü Kərim xan Məhəmməd Həsən xanın bacısı Xədicə Bəyimə evlənir və bundan sonra gəlinin qohumlarını Qəzvinə göndərir. Qızın qardaşı Hüseynqulu xana Damğan əyalətinin idarəsini tapşırır. Hüseynqulu xan Damğanda evlənir və onun Baba xan adında oğlu olur. Həmin Baba xan İranın gələcək hökmdarı Fəthəli şah idi. Tezliklə Kərim xan Zənd Hüseynqulu xana tapşırır ki, qoşun yığıb artıq nəzarətdən çıxmış Astrabad hakiminin üzərinə yerisin. Orada hakim qacarların dovalu budağından Məhəmməd xan Qacar idi. Hüseynqulu xan Astrabadı tutur və Kərim xan Zəndin tabeçiliyindən çıxır. O özünü şah elan edərək, Mazandaran və Gilanı ələ keçirməkdən ötrü planlar cızır. Kərim xan Zənd təbii ki, buna razı ola bilməzdi və o, 1755-ci ildə muzdlu qatil tərəfindən Hüsenyqulu xanı öldürtdürür. Onu Astrabadda atasının yanında dəfn edirlər.

Elə həmin dövrlərdə onun anası Ceyran xanım və kiçik qardaşı Abbas Qulu xan da vəfat edir. Söylənildiyi kimi, Kərim xan Zənd Ağa Məhəmmədi Tehranda yanında saxlayırdı. Onun şəhəri tərk etmək hüququ yox idi. Ağa Məhəmməd xan burada mədrəsəyə getməyə başlayır və sadə bir həyat keçirir. Onun oxuduğu mədrəsədə tanınmış ilahiyyatçı və filosof şeyx Əli Təcrimi dərs deyirdi. Ağa Məhəmməd hər səhər xoruz banından durur, fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək, mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları və həmyerliləri ilə daimi yazışmalar aparırdı. O əmin idi ki, ulduzu gec-tez parlayacaq. Yeməyinə diqqət yetirməsi (o, yemək məsələlərində çox da tələbkar deyildi və öz çəkisinə görə yeyirdi) və daim bədən tərbiyəsi ilə məşğul olması nəticəsində Ağa Məhəmməd bədəninin cavan qalmasına, döyüşkənliyini saxlamağa nail olmuşdu. Ağa Məhəmməd xan ehtiraslı ov azarkeşi idi. O, xüsusilə şahinlərlə birlikdə tülkü ovuna çıxmağı çox sevirdi. Tutduğu tülküləri qonşularına və yaxınlarını hədiyyə edirdi. O vaxt belə hesab edirdilər ki, tülkü evə səadət gətirir. Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şeirlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin əndəlus alimi ibn-Tüfeyli sevirdi. Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan Ağa Məhəmməd bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, ibn-Tüfeylin "Yəqzanın oğlu Həy" adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş. Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan qəsddən xəbər tutur və qardaşlarından, sadiq qulluqçularından ibarət kiçik bir dəstə ilə ov adı altında Şirazdan Mazandarana qaçır.

 Səksəninci illərin əvvəllərində o, qacarların liderliyi uğrunda qardaşı Rzaqulu xanla mübarizədə qalib gəlir və bütün Mazandaranı, habelə Astrabadı özünə tabe etdirir. Bu mübarizədə qardaşları da ona yaxından köməklik göstərirlər. 1782-ci ildə Ağa Məhəmməd Astrabada gedir və qardaşları və yaxın qohumları ilə birligdə atası Məhəmməd Həsən xanın qəbrini ziyarət edir.

Kərim xan Zənd öləndən sonra onun qohumları hakimiyyətə can atırdılar. Onların arasında gedən gərgin mübarizə bir il davam edir. Heç kim hakimiyyətdə duruş gətirə bilmir. Bundan istifadə eləyən Ağa Məhəmməd 500-600 nəfərlik bir dəstə ilə Mazandarandan çıxaraq, İsfahana hərəkət edir. 1785-ci ildə o, həmin şəhəri tutur, oradan Zənd hakimini qovur və bu tayfanın nümayəndələri üzərində qazanılmış bir neçə parlaq qələbədən sonra təqribən bütün Mərkəzi İranı azad edir. Həmin döyüşlərdə Ağa Məhəmməd xana qardaşı – istedadlı sərkərdə Cəfərqulu xan böyük yardım göstərir. Bundan sonra Ağa Məhəmməd o zaman kiçik bir şəhərcik olan Tehranda iqamət edir və 1786-cı ilədə buranı yeni dövlətin paytaxtı elan edir. Elə həmin il o, özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır və çox keçmədən orada sui-qəsd qurbanı olur. Bundan sonra Ağa Məhəmməd xan Gilanı tutur və öz qardaşı Mürtəzaqulu xan Qacarı Astrabad hakimi təyin edir. Lakin qardaşı ona dönük çıxaraq, zəndlərin tərəfinə keçir. Buradan da Talışa qaçır və II Yekaterinanın himayəsinə keçmək istəyir. Bir il sonra rus donanmasının köməyinə arxalanan Mürtəzaqulu xan Gilana dönsə də, Ağa Məhəmmədin böyük bir ordu ilə üzərinə gəldiyini eşidən kimi yenidən Rusiyaya qaçır. 1798-ci ildə o, Peterburqda ölür. 1795-ci ildə Gürcüstan yürüşündən sonra Ağa Məhəmməd xan Mürtəzaqulu xana kömək edənləri cəzalandırır. Bu zaman Azərbaycan, Kürdüstan və Mərkəzi İranın (İraqi-əcəm) hökmdarları qacarların tərəfinə keçirlər. Artıq 90-cı illərin əvvəllərində az qala bütün İran Ağa Məhəmməd xanın tabeçiliyi altında idi. Onun idarəsi altına keçməkdən imtina edən türkmən yomudlar darmadağın olunur, öldürülənlərin kəllələrindən təpələr düzəldilir. Ağa Məhəmməd Kərim xana o qədər nifrət bəsləyirdi ki, onun cəsədinin qalıqlarını məzarından çıxarıb Tehranda, Gülüstan sarayının girəcəyində basdırtdırır. 1791-ci ildə Ağa Məhəmməd özünü İran şahı elan edir, lakin bu münasibətlə nəzərdə tutduğu təntənəli mərasimi bir qədər sonraya saxlayır. O, təcili surətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görür, baş qaldıran xanları yatırır, ölkə daxilində iqtisadi və ticarət əlaqələrinin bərpa olunması üçün əlindən gələn hər şeyi edir. Lakin o, köklü inzibati-təsərrüfat islahatları keçirməyə vaxt tapmır. Qacarlarla zəndlər arasında son qanlı döyüş – 1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

 Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik göstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II İraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra bir çox Azərbaycan xanı Ağa Məhəmməd şaha tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır. Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirir. Baxmayaraq ki, Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verirlər. Qılınc və çutqabağı Ərdəbildən şeyx Səfi əd-Dinin məqbərəsindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı. O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdlə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşar, Xələc, Bayat və Qaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi: "Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nikahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar." Buradan belə bir nəticə çıxarmaq mümkündür: Ağa Məhəmməd elə bir şahzadə istəyirdi ki, onun atası Kovanlu, anası Dovalu qacarlarından olsun. Buna görə də, sonralar Baba xanın (Fəthəli şahın) varisi kimi onun gürcü qızından doğulmuş böyük oğlu yox, Abbas Mirzə seçilmişdi.

Tacqoyma mərasimindən sonra Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır. Lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bu qocanın başına əridilmiş qurğuşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.

Rusların general V. A. Zubovun başçılığı altında Gürcüstana yürüşünə cavab olaraq, Ağa Məhəmməd 1797-ci ildə böyük bir qoşunla Qafqaza doğru irəliləyir. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirir. Qarabağ xanı İbrahim Xəlil Azərbaycanın şimalına qaçır. Lakin Gürcüstan yürüşü bu dəfə baş tutmur. Ağa Məhəmməd şahı onun öz qulluqçuları qətlə yetirirlər. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər Azərbaycan xanları və İranda yaşayan gürcülərlə birlikdə görkəmli dövlət xadimi, Qacarın bacarıqlı sərkərdələrindən biri Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görüb. Təzkirəçilərin yazdıqlarına görə, Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları – gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb. Şah bunları hansı günahlarına görə isə səhərisi gün öldürməli imiş. Şahın oğurlanmış zinət şeyləri Sadıq xan Şəqqaqiyə verilib ki, bu da onun sui-qəsdlə əlaqəsini göstərir. Saray tarixçisi bu hadisələrin finalını belə təsvir edir: "Elə ki, bu cəsarətli addım və mühüm hadisə vicdan əzabı çəkməyən dələduzlar tərəfindən cinayətkarcasına həyata keçirildi, onlar şah hakimiyyətinin əlamətləri olan çutqabağını və tacı ələ keçirdilər. Bunlar müqayisəyəgəlməz incilərlə bəzənmişdi və hər dənənin qiyməti yeddi iqlimin vergisinə bərabər idi. Bundan başqa həmin başkəsənlər şahın brilyant qolçağını, düşmənlərin kökünü kəsmiş, ziqiymət daşlarla bəzənmiş qılıncını, nadir əşyalar saxlanan sandıqçasını, həmçinin "Kuhi-nur", "Dəryayi-nur", "Taci-mah" adlanan brilyantlarını, hər biri dünyanın bir hökmdarına şərəf gətirəcək qədər gözəl illüstrasiyalarla bəzədilmiş nadir əlyazmalarını apardılar."

 Qatillər qacar xanımları, o cümlədən Baba xanın anası və şahın xalası tərəfindən çarmıxa çəkdirildilər. Şahın cəsədi Məşhədə aparılır və orada dəfn olunur. Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu şərəflə məşhur adamların basdırıldığı qəbristanlıqda torpağa tapşırırlar. Şahın qoşunları İrana qayıdır və Qacarın qohumu Baba xan Fəthəli şah adı altında şah elan olunur. İranda Qacarlar sülaləsinin banisinin kədərli həyat tarixçəsi bax, belədir. Həmin sülalə düz 1925-ci ilə – Pəhləvilər sülaləsi taxta çıxana qədər İranda hakimiyyətdə olub. Qacarlar sülaləsi bundan sonra da davam edir və yəqin ki, bunu da bilmək oxucularımız üçün maraqsız olmazdı. 1847/48-ci ildə Fəthəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. Onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları, hətta canlarını da qurban verirlər. Bəhmən Mirzənin törəmələrinin Qafqaz budağı faktiki olaraq, sıradan çıxır. İstedadlı siyasi xadim, sərkərdə və alim olmuş Bəhmən Mirzənin xatirəsi onun öz əsərlərində, Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarına səpələnmiş əlyazmalarında, habelə onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.