İmam Muhəmməd Təqinin (Ona salam olsun) mövludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Muhəmməd Təqinin (Ona salam olsun) mövludu
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Muhəmməd Təqinin (Ona salam olsun) mövludu

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Muhəmməd Təqinin (Ona salam olsun) mövludu
 
 
Müəllif: Zehra | 12 İyun 2011 | 12652 dəfə oxunub
http://zeka.az/1114-dmam-muhjmmjd-tjqinin-ona-salam-olsun-ejhadjti.html

İmam Muhəmməd Təqinin (Ona salam olsun) mövludu

Əziz müsəlmanlar! Rəcəb ayının ilk ongünlüyü İmam Məhəmməd Təqinin (İmam Cavad kimi də tanınıb) mövlud günüdür, yəni İmam Cavad hicri-qəməri təqvimi ilə 195-ci ilin Rəcəb ayının 10-da (13 iyun) dünyaya göz açmışdır. Bu münasibətlə sizi təbrik edir və İmamın həyatı barədə qısa məlumatı diqqətinizə çatdırırıq:

Adı: Məhəmməd ibn Əli ət-Təqi

Şiələrin 9-cu imamı

İmamlıq dövrü: 818 — 835

Sələfi: İmam Riza (Ona salam olsun)

Xələfi: İmam Nəqi (Ona salam olsun)

Təvəllüdü:     811-ci il (milad) Mədinə

Vəfatı:          835-ci il, dəfn olunduğu yer Kazimeyn, İraq

Atası: Əli ibn Musa (İmam Riza (Ona salam olsun))

İmam Cavadın (Ona salam olsun) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (Ona salam olsun) məzarının yanında dəfn olunmuşdur.

İmam Cavadın (Ona salam olsun) həməsri olmuş xəlifələr

İmam Məhəmməd Təqi (Ona salam olsun) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (Ona salam olsun) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

Xeyir-bərəkətli bir təvəllüd İmam Riza (Ona salam olsun) ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (Ona salam olsun) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Rizanın (Ona salam olsun) hüzurunda olarkən Həzrət Cavadı (Ona salam olsun) onların yanına gətirirlər. Onlar İmam Riza (Ona salam olsun)  soruşurlar ki, bu, həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (Ona salam olsun) onların cavabında buyurur: “Bəli, bu, İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”

İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki, İmam Cavad (Ona salam olsun) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki, bu hədisdən məqsəd İmam Cavadın (Ona salam olsun) doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki, İmam Rizanın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazimin şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Rizanın (Ona salam olsun) İmamətini qəbul etməmiş, digər tərəfdən də, o Həzrətin (İmam Rizanın) təxminən qırx yeddi yaşına qədər uşağının  olmaması Peyğəmbərdən olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub, onların doqquzunun İmam Hüseynin nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini, həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Rizanın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Rizaya etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə İmam Rizanı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza   onun cavabında yazır: “Sən haradan bilirsən ki, mənim uşağım olmayacaq? And olsun Allaha, bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.” Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza da öz növbəsində onların bu sözlərini, bu “sübutlarını” cavabsız qoymurdu. Nəhayət, İmam Cavadın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir, nəticədə şiəliyin etibarı artır.

Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki, hətta İmam Cavadın (Ona salam olsun) anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Rizanın bəzi qohumları (həsəd, paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavadın o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavadın (Ona salam olsun) rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: “Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (Ona salam olsun) onların cavabında buyurur: “O, mənim oğlumdur.” Onlar dedilər: “Peyğəmbər fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (məcbur olub) buyurdu: “Siz onların (fizionomiklərin) ardınca adam göndərin, ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Rizanın əmi, qardaş və bacıları bir bağda oturur, o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağbandır və oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavadı (Ona salam olsun) gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki, onun atası burada yoxdur, ancaq bu oturan onun atasının əmisi, bu, öz əmisi, bu da bibisidir. Əgər atası da buradadırsa, onda mütləq (İmam Rizaya işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də baldırı eyni cürdür. Bu vaxt İmam Riza (Ona salam olsun) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki, onun atası bu kişidir. Bunun ardınca İmam Rizanın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavadın (Ona salam olsun) dodaqlarından öpərək dedi: “Şəhadət verirəm ki, sən Allah dərgahında mənim İmamımsan.”

Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.

Azyaşlı İmam İmam Cavad (Ona salam olsun) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?

Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.

Qurani-Kərim Həzrət Yəhyanın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət [[Allah] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik.”

Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı “Üsuli-kafi” kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də, İmam Baqirin qeyd etdiyimiz ayədəki “hikmət” sözünü Həzrət Yəhyanın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: “Həzrət Zəkəriyyanın (Ona salam olsun) vəfatından sonra oğlu Yəhya onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda “Ey Yəhya! Kitabdan bərk yapış! [Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!] Biz uşaq ikən ona hikmət [Allah] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik” - deyərək buyurmasıdır.”

Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, Həzrət İsa (Ona salam olsun) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (Ona salam olsun)  sözlərini bu cür açıqlamışdır: “[Allah]dan bir möcüzə olaraq körpə [İsa] dilə gəlib] dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab [İncil] verdi, özümü də Peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək [həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən] etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar, asi [dikbaş] eləmədi.”

Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu, təkcə İmamlara xas bir şey olmamışdır. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan rəvayətə cəlb edirik:

İmam Riza (Ona salam olsun)  və İmam Cavadın (Ona salam olsun) səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavadın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt sanki ürəyimdəkini oxumuş İmam Cavad mənimlə üz-üzə əyləşib mənə diqqət edərək buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın İmamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yəhya barədə buyurur ki, «Biz uşaq ikən ona hikmət [Allah] kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik», Həzrət Yusif barədə buyurur ki, «Yusif [gəncliyinin] ən yetkin dövrünə çatdıqda, ona hikmət [peyğəmbərlik] və elm verdik,» Həzrət Musa barədə buyurur ki, «Musa yetkinləşib kamilləşəndə ona hikmət [peyğəmbərlik] və elm verdik.» Deməli, insana qırx yaşında hikmət və elm əta edən Allah onu uşaq yaşlarında da, insana əta edə bilər.”

İmam Riza (Ona salam olsun) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”

Əqidə çaşqınlığı

Kiçik yaşında ikən İmamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavadın (Ona salam olsun) yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin, eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də, İmam Rizanın (Ona salam olsun) şəhadətindən sonra İmamətin İmam Cavadın (Ona salam olsun) öhdəsinə düşdüyü bir dövrdə şiələr (xüsusilə, adi şiələr) çox təhlükəli, o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavadın (Ona salam olsun) yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: “O, (İmam Cavad(Ona salam olsun)) altı yaş bir neçə aylıq olarkən, Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır.” Bu məsələni həll etmək məqsədilə şiələr yığıncaqlar təşkil edib İmam Cavad (Ona salam olsun) ilə görüşlər keçirərək o Həzrətin İmamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu barədə yazırlar: “Hicrətin iki yüz ikinci ili İmam Riza (Ona salam olsun)  vəfat edərkən, İmam Cavadın (Ona salam olsun) təxminən yeddi yaşı var idi. Buna görə də, Bağdad və digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan ibn Silət, Səfvan ibn Yəhya, Məhəmməd ibn Həkim,Əbdürrəhman ibn Həccac və Yunis ibn Əbdürrəhman bəzi şiə başçıları ilə birlikdə Bağdadın “Zəlzəl gölməçəsi” adlı məhəlləsində Əbdürrəhman ibn Həccacın evində toplaşaraq İmam Rizaya (Ona salam olsun) əzadarlıq etdilər. Yunis məclisdəkilərə dedi: “Əzadarlıq etməyimiz yetər, gəlin görək indi İmamət kimin öhdəsinə düşür? Bu uşaq (İmam Cavad) böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək?” Bu vaxt Rəyyan ibn Silət ayağa qalxıb onun boğazından tutaraq möhkəm sıxır və onun baş-gözünə vuraraq qəzəblə deyir: “Sən bizim yanımızda özünü imanlı göstərir, həqiqətdə isə kafir olduğunu gizlədirsən? Əgər onun (İmam Cavadın) İmaməti Allah tərəfindəndirsə, onda bir günlük uşaq olsa belə, yüz yaşlı kişi sayılar, yox əgər İmaməti Allah tərəfindən deyilsə, yüz yaşlı olsa da, adi adam kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin!” Rəyyan ibn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar.”

Yəhya ibn Əksəmlə elmi mübahisə

Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavada (Ona salam olsun) bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Rizanın Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (Ona salam olsun) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: “Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: “Bəs sizin fikriniz nədir?” Onlar dedilər: “O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Məmun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.”

Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavadın (Ona salam olsun) elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: “İcazə verirsən, bu gəncə bir sual verim?” Məmun deyir: “Onun özündən icazə al!” Yəhya İmamdan (Ona salam olsun) icazə istədikdə, o Həzrət buyurur ki, nə istəyirsən, soruş!” Yəhya deyir: “Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad buyurur: “Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir bü cür iş görür, yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?”

Bu məsələ barədə İmam Cavadın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki, bütün məclisdəkilər onun İmam Cavadın (Ona salam olsun) qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Məmun deyir: “Şükr olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: “Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”

İmam Cavadın (Ona salam olsun) tükənməz elmindən nümunələr

1. İmam Cavadın (Ona salam olsun)  fətva verməsi və saray fəqihlərinin rüsvay olması: İmam Cavad bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatıntəsəvvüründə canlandırırdı. Bu baxımdan o Həzrətin bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir: Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan deyir: “Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda deyir: Bu gün Allahdan istədim ki, kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə?

— Xəlifə Mötəsimin məclisində İmam Cavad tərəfindən başıma gələn hadisəyə görə.

— Məgər nə baş vermişdir?

— Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavadı da çağırtdıraraq bizdən soruşdu: “Oğrunun əli haradan kəsilməlidir?”

Mən dedim ki, biləkdən kəsilməlidir. Xəlifə dedi: “Hansı əsasa görə deyirsən?” Mən dedim: “Çünki təyəmmüm barədə olan ayədə “ondan [torpaqdan] üzünüz və əllərinizə sürtün” deyildikdə, “əlləriniz” sözündən “biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər, bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki, oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda cavab verdilər ki, dəstamaza aid olan ayədə “üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun” deyildikdə, “əlləriniz” sözündən məqsəd “dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavada tutub dedi: “Bu barədə sənin fikrin nədir?” O dedi: “Bunlar fətva verdilər, məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad)  dedi: “İndi ki, and verirsən, onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: “Hansı əsasa görə?” O cavab verdi: “Peyğəmbər buyurmuşdur ki, səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın, əllərin iki ovucu, iki dizlər, ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək, yaxud dirsəkdən kəsilərsə, onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: “Şübhəsiz ki, bütün səcdəgahlar [səcdə üçün lazım olan yeddi bədən üzvü] Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.” Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”

2. Hədis uyduranlar rüsvay olurlar: Nəql olunur ki, Məmun öz qızını İmam Cavada verdikdən sonra özünün, İmam Cavadın (Ona salam olsun), Yəhya ibn Əksəmin və bir çoxlarının iştirakı ilə bir məclis təşkil edir. Həmin məclisdə Yəhya İmam Cavada deyir: “Belə nəql edirlər ki, Cəbrail Peyğəmbərin hüzuruna gəlib deyir: “Ey Məhəmməd! Allah sənə salam göndərərək buyurur ki, Mən Əbu Bəkrdən razıyam, ondan soruş, gör o da məndən razıdır? Bu hədis barədə sizin fikriniz nədir? ” İmam Cavad onun cavabında Peyğəmbərin bu hədisini buyurur: “Mənim adımdan yalan danışanlar çoxalmış və məndən sonra daha da çoxalacaqlar. Kim mənim adımdan yalan danışırsa, yeri Cəhənnəmdə olacaqdır. Sizin üçün mənim dilimdən bir hədis söylənildikdə, onu Allahın kitabı (Quran) və sünnəmlə tutuşdurun, (bu vaxt) Quran və sünnəmə müvafiq olanı qəbul edin, (ancaq) Quran və sünnəmə müvafiq olmayanı isə qəbul etməyin.” Sonra İmam Cavad əlavə edib buyurur: “(Əbu Bəkr) barədə söylədiyin bu rəvayət Allahın kitabı (Quran) ilə uyğun gəlmir. Çünki Allah buyurmuşdur:“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq.” Məgər Əbu Bəkrin Allahdan razı qalıb-qalmaması Allahın Özünə məlum deyildi ki, onu Peyğəmbərdən soruşurdu? Bu, əqli nöqteyi-nəzərdən qeyri-mümkündür!” Yəhya deyir: “Rəvayət edilmişdir ki, Əbu Bəkrlə Ömərin yerdə olmaları Cəbrail ilə Mikailin asimanda olması kimidir.” İmam Cavad buyurur: “Bu hədis də, həqiqətlə uyğun gəlmir. Çünki Cəbrail və Mikail Allah dərgahında ən üstün mələklər olub əsla günah etməz və bir an da olsa belə, Allahın itaət çərçivəsindən kənara çıxmazlar. Əbu Bəkrlə Ömər isə vaxtilə müşrik olmuş, İslam dini meydana çıxdıqdan sonra müsəlman olmalarına baxmayaraq, ömürlərinin çoxunu müşriklik və bütpərəstliklə keçirmişlər. Deməli, Allahın Əbu Bəkrlə Öməri Cəbrail ilə Mikailə bənzətməsi qeyri-mümkündür!” Yəhya dedi: “Həmçinin, rəvayət edilmişdir ki, Əbu-Bəkrlə Ömər Cənnət qocalarının ağalarıdır. Bu hədis barədə nə deyirsən?” İmam Cavad buyurdu: “Bu hədisin də doğru olması qeyri-mümkündür! Çünki Cənnət əhlinin hamısı cavan olacaq və onların arasında bir dənə də, qoca olmayacaq. Bu hədisi Bəni-Üməyyə Peyğəmbərin “Həsənlə Hüseyn Cənnət gənclərinin ağalarıdır” hədisinin qarşısına çıxarmaq üçün uydurmuşlar.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, Ömər ibn Xəttab Cənnət əhlinin çırağıdır.” İmam Cavad  buyurdu: “Bu da mümkün olan şey deyil! Çünki Allahın yaxın mələkləri, Həzrət Adəm, Həzrət Məhəmməd (Allahın salamı olsun Ona və pak Əhli-Beytinə) və bütün peyğəmbərləri Cənnətdə olacaqlar. Necə ola bilər ki, mələklər, peyğəmbərlər qala-qala Cənnət Ömərin nuru ilə işıqlansın?” Yəhya dedi: “Rəvayətdir ki, Ömər nə deyirsə mələyin dilindən deyir.” İmam Cavad buyurdu: “Mən Ömərin fəzilətini inkar etmirəm, lakin Əbu Bəkrin Ömərdən daha fəzilətli olmasına baxmayaraq, o, minbərdə olarkən deyirdi ki, mənim məni düz yoldan çıxaran bir şeytanım var. Düz yoldan çıxdığımı gördükdə məni düz yola tərəf cəlb edin.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, buyurub: Əgər mən Peyğəmbər seçilməzdimsə, onda mütləq Ömər Peyğəmbər seçiləcəkdi.” İmam Cavad buyurdu: “Daha doğrusunu Quran buyurur. Allah Quranda buyurur: “[Ya Rəsulum!] Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da...” Bu ayədən açıq-aşkar başa düşülür ki, Allah peyğəmbərlərdən əhd almışdır. Belə olduğu halda, necə ola bilər ki, Allah Öz əhdinə vəfa etməsin (əhdini dəyişdirsin)? Peyğəmbərlərin heç biri bir göz qırpımı qədər də Allaha şərik qoşmadıqları halda, necə ola bilər ki, Allah ömrünün çoxunu bütpərəstliklə keçirmiş bir şəxsi Peyğəmbər seçsin? Bundan da əlavə, Peyğəmbərin özü buyurmuşdur ki, Adəm hələ yaranmamışdan qabaq mən Peyğəmbər idim.” Yəhya dedi: “Rəvayət edilmişdir ki, Peyğəmbər  buyurmuşdur: Vəhy məndən kəsildikdə mən belə güman etdim ki, vəhy (Ömərin atası) Xəttabın ailəsinə nazil olur. Yəni nübüvvət (peyğəmbərlik) məndən onlara keçmişdir.” İmam Cavad buyurdu: “Bu da qeyri-mümkündür! Ona görə ki, Peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsi mümkün olası iş deyildi. Çünki Allah buyurmuşdur: “Allah mələklərdən də Peyğəmbər seçər, insanlardan da...” (Deməli, Allahın Öz seçimi ilə artıq Peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsinə heç bir lüzum qalmır). Yəhya dedi: “Rəvayət edilmişdir ki, Peyğəmbər buyurub: “Əgər (yer üzünə) bəla gəlsəydi, Ömərdən başqa heç kəs canını qurtara bilməzdi.” İmam Cavad buyurdu: “Bu da qeyri-mümkündür! Çünki Allah-taala Peyğəmbərə buyurmuşdur ki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib] bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. Deməli, nə qədər ki, Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-Beytinə) camaatın arasındadır və nə qədər ki, müsəlmanlar Allahdan bağışlanmalarını diləyirlərsə, Allah onlara əzab verməz.”

Alimlərin nəzərində İmam Cavadın (Ona salam olsun) şəxsiyyəti İmam Cavadın (Ona salam olsun) söhbətləri, elmi mübahisələri, böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini, istər şiə olsun, istərsə də sünni heyran qoymuş, onlar İmamın (Ona salam olsun) şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.”

İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.”

Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.”





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.