İmam Məhəmməd Baqir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Məhəmməd Baqir
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Məhəmməd Baqir

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Məhəmməd Baqir
 
 
Müəllif: Zehra | 19 Aprel 2015 | 13963 dəfə oxunub
http://zeka.az/1135-dmam-mjhjmmjd-baqir.html

 İmam Məhəmməd Baqir

20 aprel, yəni Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür. Bununla əlaqədar İmam Zaman (Allah Onun mübarək zühurunu tezləşdirsin) ağaya və sizlərə təbrik ərz edərək, İmam Məhəmməd Baqirin həyatı haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Baqir hicrətin 57-ci ilində (milad tarixi ilə 676-cı il) Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinin vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin qızı Ümmü Abdullah (Fatimə binti Həsən) olmuşdur. Buna görə də, İmam Baqir həm ata, həm də ana tərəfdən Həzrət Əli və xanım Zəhranın nəslinə yetişən ilk şəxs olmuşdur. O,  hicrətin yüz on dördüncü ilində (milad tarixi ilə 733-cü il) Mədinə şəhərində şəhid olmuş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.

Elmi inqilabın banisi İmam Məhəmməd Baqir öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait hazırladı. İmam Baqir elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən , İmam Hüseynin övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən elmi cəhətdən faydalanırdılar. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir) buyurmuşdur”, yaxud “Məhəmməd Baqir buyurmuşdur” ifadəsi gözə dəyir.

İmam Baqir alimlər baxımından

 İmam Baqirin elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən, elmləri yaran) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir  maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”

İmam Baqir öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”

İmam Baqir məktəbinin şagirdləri

Bu haqda İmam Sadiq buyurardı: “Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”

Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqirin parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqirə sataşdı. Gördü ki,Peyğəmbərin buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (Ona salam olsun) buyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər mənim vasitəmlə sənə salam göndərdi.”

Hədis yazmağın qadağan edilməsi

Peyğəmbərin vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.

Peyğəmbərin hədis və buyurduqlarının Qurandan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qurandan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Quranla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: “Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Quran) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.” İkinci xəlifə Peyğəmbərin hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: “Kim Peyğəmbərdən bir hədis belə yazıbsa, onu məhv etsin.” Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin tanınmış səhabələrindən olan Qərzə ibn Kəb deyir: “Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: “Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: “Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: “Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Quran zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qurandan ayırmayın! Camaat üçün Quranı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”

Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.

Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məsud, Əbu Dərda və Əbuzərə demişdir: “Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.

Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cürət etmədilər. Bu məhdudiyyətlər bais oldu ki,Peyğəmbərin şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət məhrum oldular.

Bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yəni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bidəti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: “Peyğəmbərin hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.” Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı. Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sürətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.

Bəziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur. Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən etibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.

Əsassız bəhanələr

Burada belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki, hamıya məlumdur ki, hədislər (Peyğəmbər hədisləri) Quran ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Quran Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-Beytinə) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Quran ayələri, istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: “O, [Məhəmməd Peyğəmbər] kefi istəyəni danışmır. Bu, ancaq [Allah dərgahından] nazil olan bir vəhydir.” Bundan da əlavə, Allah-taala Peyğəmbərin buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə, onu götürün və ona itaət edin, nəyi qadağan edirsə, ondan əl çəkin.”

Abdullah ibn Ömər Peyğəmbərdən rəvayət edir ki, o Həzrət öz dodaqlarına işarə edərək buyurur: “Ey Ömərin oğlu! And olsun canım əlində olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, nə deyirəm, yaz.”

Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə “Kim Peyğəmbərdən bir dənə də olsun hədis yazıbsa, onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?

Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu-Bəkr demişdir: “Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki, hədislər Quran ayələri ilə qarışmasın.” Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Quranın bütün surə və ayələri yazılmış, vəhy yazanlar və Quran əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Quran ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qurana bir xələl yetirərdimi? Bundan da əlavə, Quran fəsahət-bəlağət, cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Quran ayələrilə qarışdırıla bilməz. Əmirəl-möminin Həzrət Əlinin «Nəhcül-bəlağə»dəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir, ancaq bununla belə, heç vaxt Quranla qarışdırıla bilməz. Həzrət Əlinin öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə, Əlinin sözü) arasında fərq qoyur.

Hişam ibn Əbdülməlik

O da İmam Baqirin həməsri olmuşdur. Hişam çox paxıl, qəzəbli, cəsur, zalım, rəhmsiz və natiq bir şəxs idi. O, mal-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bəzi iş yerləri təsis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti çox ağırlaşdı, insani hisslər demək olar ki, aradan getdi, xeyirxahlıq işləri yoxa çıxdı, daha heç kəsin heç kəsə ürəyi yanmadı. Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş, Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir:

“İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O,hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə Şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər, Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də, çox şücaətli və döyüşkən olan xaricilər (xəvaric) çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər, ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kor-korana arxayınçılığı nəticəsində hakimiyyət özünüsevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən, camaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür, öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq camaat arasında dinə qarşı rəğbət azalmış, saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki, itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini təmin etməkdən başqa bir məqsəd güdmürdülər. O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də, Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki, onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən (Yezid ibn Əbdülməlikdən) bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş, vüqar və mətanət laqeydsizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər camaatı boğaza yığmış, onun qənaəti get-gedə xəsisliyə çevrilmiş, bəzi çatışmayan əxlaqi və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dardüşüncəli, özbaşına, çox şəkk edən və nankor adam idi. Buna görə də, heç kimə etimad etmir, onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiyləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından, kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali, hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi çox acı nəticələrə səbəb oldu.”

İmam Baqirin şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir. Hişam ibn Əbdülməlik İmam Baqirin camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mənəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır.

İmam Baqir bir dəfə öz əziz oğlu Cəfər ibn Məhəmməd (İmam Sadiq) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (Ona salam olsun) bir dəstə müsəlman arasında Əhli-beytin fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət məmurları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqiriı (Ona salam olsun) öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiqə heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (Ona salam olsun) və oğlu İmam Sadiqi (Ona salam olsun) Şama (Dəməşqə) göndərsin. İmam Baqir (Ona salam olsun) məcbur olub əziz oğlu İmam Sadiq (Ona salam olsun) ilə birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqirin məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam ilə necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü. Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir ilə mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin.

Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqiriı də ora dəvət etmək qərarına gəldi. O bu yolla İmamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmama tutub dedi: “Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir buyurdu: “Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqirin məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqirə versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: “Afərin sənə, ey Cəfərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir və oğlu İmam Sadiqi öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmama tutub soruşdu: “Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir buyurdu: “Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: “Cəfər (İmam Sadiq) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir buyurdu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım” ayəsində buyurulmuş kamil din və tamamlanmış nemət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”

Məsihi yepiskopu ilə münazirə

 Hişamın sarayının İmam Baqirin elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir  bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqirə qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş və rahibləridir. Öz adət-ənənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir naməlum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər təyin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqirin siması onu özünə cəlb etdiyi üçün üzünü İmama tutub soruşdu: “Biz xristianlardansan, yoxsa müsəlmanlardansan?”

İmam Baqir: “Müsəlmanlardanam.”

— Onların alimlərindənsən, yoxsa nadanlarından?

— Nadanlardan deyiləm.

— Əvvəl mən sual edim, yoxsa sən soruşursan?

— İstəyirsinizsə, siz soruşun.

— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?

— Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O, anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur.

— Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?

— Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm.

— Başqa bir sualım var.

— Buyurun!

— Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?

— Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.

Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: “Camaat, dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.

İmam Baqirin münazirələri

 İmam Baqirin İmaməti dövründə Mötəzilə, Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar, fəaliyyət göstərirdilər. İmam Baqir bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır”, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini nəzərinizə çatdırırıq.

Bir gün Nafis İmam Baqirin hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki, nə üçün Əmirəl-möminindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam əlavə edib buyurdu: “Onlar deyəcəklər ki, o, Allahın dinində münsif təyin etdi. Onlara de ki, Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi təyin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: “[Ey möminlər!] Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif [vasitəçi] təyin edib [onların yanına] göndərin. Əgər onlar [bu iki vasitəçi ər-arvadı] barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən] xəbərdardır.”

İkincisi isə Səd ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-Beytinə) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif təyin etdi, o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki, Həzrət Əli münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Quran hökmünə əsasən hökm verib Quran hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (Ona salam olsun) şərt kəsdi ki, əgər münsiflər Quran hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Camaat Əliyə (Ona salam olsun) deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur: “Mən onu yox, Allahın kitabını (Quranı) münsif seçmişdim. Necə olur ki, xaricilər (dindən çıxmışlar) Quranın münsifliyini və Quranın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bidət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki, bu sözləri nə eşitmişdim, nə də fikrimə gəlmişdi, haqq elə budur. İnşaallah.”

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.