İmam Əliyyən Nəqinin təvəllüdü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Əliyyən Nəqinin təvəllüdü
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Əliyyən Nəqinin təvəllüdü

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Əliyyən Nəqinin təvəllüdü
 
 
Müəllif: Zehra | 31 Oktyabr 2012 | 12425 dəfə oxunub
http://zeka.az/1157-dmam-zhliyyjn-njqinin-tjvjllgdg.html

İmam Əliyyən Nəqinin təvəllüdü

15 Zilhəccə, yəni 31 oktyabr İmam Əliyyən Nəqinin (Ona salam olsun!) təvəllüd günüdür. Sizi təbrik edir və Onun haqqında qısa məlumat veririk

‎Onuncu İmam Əliyyən Nəqi (Ona salam olsun!) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (Ona salam olsun!), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.

Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “Üçüncü Əbül Həsən” deyirlər.

İmam Hadi (Ona salam olsun!) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

İmam Əliyyən Nəqi (Ona salam olsun!) Mütəvəkkilin oğlu Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.

İmam Əliyyən Nəqinin (Ona salam olsun!) İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur. Buna görə də, onun İmam Əliyyən Nəqinin (Ona salam olsun!) müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.

Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O, Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhim etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşaraq onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi. Mütəvəkkilin Əli (Ona salam olsun!) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əliyə (Ona salam olsun!) rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi. Elə buna görə də, İmam Əliyyən-Nəqi (Ona salam olsun!) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Şiələrin canını xətərdən qorumaq üçün hər məntəqəyə vəkil təyin etmişdi və lazım gəldikdə vəkillər vasitəsilə şiələrlə əlaqə saxlayırdı.

Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cəfər də İmam Əliyyən Nəqinin (Ona salam olsun!) vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdi. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da İmam Əliyyən Nəqinin (Ona salam olsun!) sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.

İmam Əliyyən Nəqinin (Ona salam olsun!) nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şəri vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən də razı qalsın və onları dünya və Axirətdə bizimlə bir yerdə qərar versin...”

Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları, Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bəzi vəkillərinin ölümünə, bəzilərinin isə həbs edilməsinə gətirib çıxarır. Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar yetirsə də, İmam Əliyyən Nəqi (Ona salam olsun!) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxlayırdı.

İmam Əliyyən Nəqinin (Ona salam olsun!) Mədinədən Samirraya gəlməsi

İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi məlumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.

Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi məktubda İmam Əliyyən Nəqinin (Ona salam olsun!) Mədinədə sosial baza toplaması haqqında yalan məlumat verərək onu bərk qorxuya salır. Ancaq İmam Əliyyən Nəqi (Ona salam olsun!) Mütəvəkkilə bir məktub yazaraq Abdullahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır ki, İmam Əliyyən Nəqiyə (Ona salam olsun!) bir məktub yazsın. O, öz məktubu ilə zahirdə İmama olan əlaqəsini göstərmək istəyir, həqiqətdə isə məqsədi İmamı öz nəzarəti altına almaq idi.

Şübhəsiz ki, İmam Əliyyən Nəqi (Ona salam olsun!) Mütəvəkkilin fikrindəki pis məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi yox idi. Çünki Mütəvəkkilin dəvətini qəbul etməmək o Həzrətdən şikayət edənlər üçün qəti bir sübut ola bilər, eyni zamanda Mütəvəkkili daha da qəzəbləndirib o Həzrətə daha artıq təzyiqlər göstərməsi üçün bir bəhanə ola bilərdi. İmam Əliyyən Nəqinin (Ona salam olsun!) sonralar Samirrada buyurduğu “Məni Mədinədən güclə Samirraya gətirdilər” cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur.

İmam Əliyyən-Nəqi (Ona salam olsun!) Samirra şəhərinə gəldikdən sonra zahirdə azad olsa da, əslində elə bil ki, həbsdə saxlanılırdı. Çünki o Həzrətin qaldığı yer, onun yanına gəlib-gedənlər və bütün işləri daima nəzarət altında idi.

Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad, İmam Əliyyən-Nəqinin (Ona salam olsun!) güclə Samirraya gətirilməsinə işarə edərək deyir: “Əgər qeyb aləmindən xəbəri olan bir nəfər varsa, o da məhz odur (İmam Hadidir). Onu bura gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. Çünki onun Samirradan uzaqda olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”

Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı.

Şərab məclisi bir-birinə dəyir Bir dəfə yenə İmam Əliyyən Nəqidən (Ona salam olsun!) Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq üçün bir neçə nəfəri axtarış üçün oraya göndərir. Onlar gecə vaxtı İmamın evinə hücum çəkib evi axtarsalar da, bir şey tapa bilmirlər. İmamın isə qapısı bağlı bir otaqda yun paltar geyib boş torpaq üzərində oturub Allaha ibadət etməsini, Quran oxumasını görürlər. İmamı elə həmin vəziyyətdə Mütəvəkkilin yanına gətirib deyirlər: “Onun evindən heç nə tapa bilməyib özünü isə üzü qibləyə oturub Quran oxuyan gördük.” Mütəvəkkil İmamı görcək o Həzrətin əzəmət və heybətindən özünü itirib ixtiyarsız olaraq o Həzrətə qarşı hörmətlə rəftar etməyə başlayır və onu öz yanında otuzdurur. Şərab dolu piyaləni İmama uzatdıqda, o Həzrət buyurur ki, mənim ətim və qanım buna qatışmamışdır, məni üzürlü say. Mütəvəkkil piyaləni geri çəkib dedi: “Onda bir şer de!” İmam buyurdu: “Mən çox az şer bilirəm.” Mütəvəkkil dedi: “Mütləq bir şer oxumalısan”. İmam Əliyyən Nəqi (Ona salam olsun!) çarəsiz qalıb aşağıdakı məzmunda bir şer oxudu: “Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o bilərziklər, hanı o taclar, hanı o xələtlər? Hanı naz-nemət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq, indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər. İmam Əliyyən Nəqinin (Ona salam olsun!) bu sözünün təsirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki məclisini yığışdırsınlar. İmama isə dörd min dirhəm pul verərək hörmətlə evinə qaytarır.

Bütün bunlara baxmayaraq, Mütəvəkkilin qəlbində İmam Əliyyən Nəqiyə (Ona salam olsun!) qarşı böyük kin-küdurət var idi və həmişə o Həzrətə əzab vermək fikrində olmuşdur. İmamın Samirrada olması həqiqətdə onun zindanda qalması demək idi. Çünki o Həzrət Mədinədən Samirraya gəldiyi ilk vaxtlarda Mütəvəkkil onu həbs edir. Səqər ibn Əbu Dələf deyir: “İmam Əliyyən Nəqi (Ona salam olsun!) Samirraya gətirildikdən sonra onun əhvalından xəbər tutmaq üçün yanına getdim. Mütəvəkkilin qapıçısı Zərrafi məni görüb dedi ki, gəl içəri. İçəri keçdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, xeyirdir. Dedi: “Otur.” Oturdum, ancaq yaman qorxuya düşdüm və fikrə gedərək özlüyümdə dedim ki, səhv eləmişəm (ki, belə bir təhlükəli işə əl atıb İmamın görüşünə gəlmişəm).

Zərrafi camaatın işini həll edib oradakıları yola saldı. Ara sakitləşdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən, işin nədir?

Dedim: Xeyir iş üçün gəlmişəm.

— Yoxsa öz ağandan xəbər tutmağa gəlmisən?

— Ağam kimdir? Mənim ağam xəlifədir.

–  Sus, həqiqət sənin ağanladır. Qorxma, mən də səninlə həmfikirəm və onu İmam bilirəm.

(Bunu eşitcək) Allaha şükr etdim. Sonra o mənə dedi: “Onu görmək istəyirsən?” Dedim ki, bəli. Dedi ki, bir az otur, qoy qasid getsin. Qasid getdikdən sonra məni xadiminə göstərərək dedi: “Bunu Əliyyən Nəqinin (Ona salam olsun!) saxlanıldığı otağa apar, özün isə qayıt.”

İmamın hüzuruna yetişdikdə, gördüm ki, o Həzrət bir həsirin üstündə oturub, qarşısında isə bir qəbir qazılmışdır. Salam verdim. Buyurdu ki, əyləş. Oturduqdan sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, gəlmişəm sizdən bir xəbər tutam. Sonra qəbrə baxıb ağladım. İmam buyurdu: “Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz.” Allaha şükr etdim. Sonra o Həzrətdən bir hədisin mənası barədə soruşdum. İmam cavabımı verdikdən sonra buyurdu: “Bəsdir, dur get, qorxuram sənə bir zərər dəyə!”

Bu hadisə bir tərəfdən Mütəvəkkilin İmam Əliyyən-Nəqiyə (Ona salam olsun!) qarşı təzyiqlərinin nə qədər ciddi və ağır olduğunu, digər tərəfdən isə İmamın hətta xəlifənin xüsusi və ən yaxın adamlarının da yanında nüfuz sahibi olmasını çatdırır. Mütəvəkkil ömrünün son günlərində öz xadimi Səid ibn Hacibə əmr edir ki, İmamı öldürsün, ancaq İmam Əliyyən Nəqi (Ona salam olsun!) buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər. Həqiqətən də, elə bu cür oldu.

İmam Əliyyən Nəqinin (Ona salam olsun!) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Məlum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən Nəqini (Ona salam olsun!) öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.