Hacı Çələbi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Hacı Çələbi
 
 » Elm və mədəniyyət » Dahilər » Hacı Çələbi

     
 
Elm və mədəniyyət » Dahilər: Hacı Çələbi
 
 
Müəllif: Zehra | 5 Yanvar 2011 | 15604 dəfə oxunub
http://zeka.az/1263-hacd-gjljbi.html

 Hacı Çələbi

     Görkəmli siyasi xadim və istedadlı sərkərdə Hacı Çələbi tarixə müstəqil Şəki xanlığının yaradıcısı kimi daxil olub. O, 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı.

Nadir şah tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər. Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Məlik Nəcəfin yığdığı vergilərə nəzarət səlahiyyəti verir. Bundan sonra Hacı Çələbi faktiki olaraq hakimiyyəti öz əlinə alır. O, Məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox işlərə açıq müdaxilə etməkdən də çəkinmir.

Nəcəf Hacı Çələbidən şikayət etmək məqsədilə Nadir şahın düşərgəsinə gəlir: "Çələbi qoymur ki, mən şahın tapşırıqlarını yerinə yetirim. Özü də mənə qulaq asmır, camaatın da başını pozur." Belə zəngin bir mahalı əldən buraxmaq istəməyən Nadir şah Hacı Çələbini öz düşərgəsinə çağırır və onu asdırmaq istəyir. Lakin Hacı cəsarətli hərəkət edib, boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. O deyir: "Məlik şahdan hansı tapşırığı alırsa-alsın buna bir neçə başqa tapşırıqlar da əlavə edir." Nadir şah inanıb, Hacı Çələbini bağışlayır, ona daha böyük səlahiyyətlər verir. Öz əmirlərinə isə acıqlanaraq söyləyir: "Hamınız bunu bilə-bilə səsinizi çıxara bilmədiyiniz bir zamanda bu nuxalı Çələbi boynu kəndirdə də məndən qorxmayıb, öz rəyini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç vaxt yanılmıram." 1743-cü ildə Nadir şah Şirvandan çıxandan sonra burada yenidən onun əleyhinə çıxışlar başlanır. Hacı Çələbi bundan istifadə edərək başındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini Məlik Nəcəfin iqamətgahına hücum çəkərək onu öldürür. Bundan sonra o, Şəkini müstəqil bir xanlıq elan edir. Fuad Əliyev bu barədə belə yazır: "Bununla da Azərbaycan ərazisində kiçik dövlət qurumlarının – müstəqil xanlıqların yaranması prosesi başlanır. Belə bir fakt da diqqətə layiqdir ki, əgər müstəqil xanlıqların əksər qismi Nadir şah dövlətinin süqutundan sonra yaranmışdırsa, Şəki xanlığı özünün istiqlaliyyəti məsələsini hələ onun hakimiyyəti illərində qaldırmışdır." 1744-cü ilin qışında Nadir şah öz qoşununu qiyamçı Hacı Çələbinin üzərinə göndərir. Hacı Çələbi isə bunu irəlicədən gördüyü üçün şəkililəri geri çəkilib, Nadir şahın hücumundan sonra "Gələrsən-görərsən" adlandırılan möhkəmləndirilmiş və təchiz olunmuş məşhur qalada gizlənməyə çağırır.

 Nadir şah dayanmadan, 15 minlik seçmə qoşunu ilə qalanın üzərinə yeriyir. Ancaq heç üç gün keçməmiş o, hətta mühasirə də qurmadan geri çəkilməli olur. Şəkililər tez-tez qaladan qəfil çıxışları ilə Nadir şahın qoşununa ciddi zərbələr vururlar. Bu hücumların birində Nadir şahın özü də az qala öləcəkdi. Şəkililər böyük qənimət əldə edirlər. Nadir şah qoşununu Bərdəyə çəkir. Orada möhkəmləndikdən sonra 30 minlik qoşunla 1744-cü ilin sonunda Dərbəndə yola düşür. Fevral ayında o, yenidən Hacı Çələbinin üzərinə gəlir. "Gələsən-görəsən" qalasının mühasirəsi yenidən heç bir nəticə vermir. Bundan qəzəblənən Nadir şah qədim Şəkini və onun ətrafındakı kəndləri yandırıb külə döndərir. Qəhrəman şəkililər az qala üç il özlərini "Gələsən-görəsən" qalasında ağır məhrumiyyətlərə düçar edib, Nadir şahın hər cəhətcə üstün ordusuna müqavimət göstərirlər. Nəhayət, 1746-çı ilin martında Hacı Çələbi Nadirlə müqavilə bağlayır. Nadir şah Nəcəfin bir qohumunu Şəkiyə məlik təyin edir, lakin eyni zamanda Hacı Çələbiyə də məlik səlahiyyəti verir və ona xeyli xərac göndərir. Bu, artıq Hacı Çələbinin qələbəsi demək idi. Çünki üstündən bir il keçəndən sonra Tiflis, Gənçə, Naxçıvan və İrəvan Nadir şahdan üz döndərəndə Hacı Çələbi artıq Nadir şahın əleyhinə yeni çıxışlara başlamaq üçün hazır idi.

Hacı Çələbinin şöhrəti, habelə onun qoşunlarının səfərbərliyi və silahlanma səviyyəsi o qədər artır ki, Qafqazın ən müxtəlif vilayətlərindən ona kömək üçün müraciətlər olunur. Belə ki, məxəzlərdən birində qızılbaşlar qarşısında əndişə duyan gəncəlilərin Hacı Çələbiyə müraciət etməsindən sonra 1748-ci ilin yay aylarında onun Əli xanla oraya getməsi və orada qalması göstərilir.

"Pənah Əli bəy xan rütbəsinə layiq görüldükdən və 1748-ci ildə Bayat qalasında tikinti işlərinə başladıqdan sonra onunla düşmənçilik edən qonşuları kömək üçün Hacı Çələbiyə müraciət etdilər. O dövrün tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin yazdığına görə, onlar suverenlik qazanmış və eyni zamanda Şirvanın hakimi olan Şəkili Hacı Çələbiyə müraciət edirlər." Ancaq Pənah Əli xan əvvəlcədən xəbərdar edilmişdi və qalanın etibarlı müdafiəsini təşkil edə bilmişdi. Buna görə də, Hacı Çələbinin dəstələri geri çəkilməli oldular. O, geri döndükdən sonra demişdi: "İndiyə qədər Pənah xan naxışlanmamış gümüş idi. Biz isə gedib bu gümüşü zərb etdik (yəni ona qalib gələ bilmədiyimiz üçün ona ad qazandırdıq) və geri döndük." Bundan sonra Hacı Çələbi çox vaxt da qonşularının hesabına öz xanlığının hərbi və iqtisadi qüdrətini artırmaq qayğısına qalır. Şuşanı mühasirədə saxlasa da uğur qazana bilməyən Məhəmməd Həsən xan Qacar Qarabağdan geri çəkiləndən sonra Pənah xan Qarabağlı, Kərim xan Qarabağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Hacı Çələbinin hərəkətlərini müzakirə edirlər. Müşavirədə deyilir ki, Hacı Çələbi onları saymır və onlarla "sülh və dostluq yoluna gəlmir". Onlar Hacı Çələbi ilə mübarizəyə başlamaq qərarına gəlir və bu qərarlarını gürcü çarına da çatdırırlar. Çar onları danışığa dəvət edir.

Danışıqlara gəlmiş bu dörd xanı 1752-ci ildə Gəncə yaxınlığında gürcü çarı Teymuraz və onun oğlu İrakli Gəncəni və Qarabağı tutmaq niyyəti ilə əsir götürürlər. Şahverdi xan Qacarın xidmətçilərindən biri (başqa bir versiyaya görə, Pənah xanın oğlu İbrahim Xəlil xan) baş verən hadisəni Hacı Çələbiyə xəbər göndərməyə imkan tapır. Hacı möhtəşəm bir ordu ilə müttəfiq qoşunlarının qarşısına çıxaraq, Kürün o biri sahilində qərar tutur.

Hacı Çələbi əsir düşmüş xanları xilas etmək istəyir. Ancaq bilir ki, əsas sözü onun əmirləri söyləyəcək. Buna görə də, müşavirəni açmamışdan Hacı Çələbi sonradan zərb-məsələ çevrilmiş bu sözləri söyləyir: "Siz hansı qərarı alırsız-alın, Kürü keçmək söhbəti orda mütləq olmalıdır." Məliklər müşavirəyə başlamaq istəməyib deyirlər: "Biz müşavirəyə ancaq ona görə gəlmişdik ki, iş Kürü keçmək dərəcəsinə çatmasın. Ancaq əgər istəyirsinizsə, qoy belə olsun. Qoşuna əmr edin ki, hücuma keçsin." Hacı Çələbi qoşunlara Kürü keçmək əmri verir. "Şeyx Nizaminin müqəddəs məqbərəsi yaxınlığında, o yerdə ki, aləmə insanların qəlbini və əqlini işıqlandıran ilahi nur yayılır, iki qoşun üz-üzə gəlir və döyüş başlanır." Gürcü qoşunları ağır bir məğlubiyyətə uğrayırlar. II İrakli qaçıb canını güclə qurtarır. Çələbi xan gürcüləri düz Tiflisəcən qovur və oğlu Ağakişi bəyi azad edilmiş bütün ərazilərinə – Gəncə, Qazax və Borçalının hakimi təyin edir. Bu, artıq Hacı Çələbinin gürcülərlə ikinci toqquşması idi. Əvvəlcə də II İrakli və III Teymurazın başçılıq etdiyi birləşmiş gürcü-kaxet qoşunları az vaxtda çoxlu güc toplamış Şəki xanına dərs vermək istəmişdilər. Əvvəl-əvvəl şəkililər gürcü qoşununun qabağından çəkilmişdi. Ancaq bu, hərbi fənddən başqa bir şey deyildi. Gürcülərin sayıqlığı itirməsindən istifadə eləyən Çələbi xan az sonra özü onlara hücum etmiş və düşmən canlı qüvvəsini və xeyli hərbi yükünü itirərək, qaçmağa üz qoymuşdu. 1755-ci ildə Hacı Çələbi böyük bir qoşunla Şirvan üzərinə yeriyir və Ağsunu mühasirəyə alır. Qubalı Hüseynəli xan şirvanlıların köməyinə gəlir. Çələbi xan məğlubiyyətə uğrayır və geri çəkilir.

Hacı Çələbi 1755-ci ildə vəfat edir. Şəki xanlığının ən möhtəşəm və inkişaf etmiş Azərbaycan xanlığına çevrilməsi onun müstəsna xidmətlərindəndir. Çələbi özünün paytaxtı olan Şəki şəhərinin abadlaşdırılması üçün çox işlər görmüşdür. Burada mədrəsələr, məscidlər, karvansaralar, hamamlar, məktəblər tikilir. O vaxtdan indiyəcən Şəki özünün təkrarolunmaz gözəlliyi ilə insanları heyran edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: ƏBDÜLƏHƏD (6 Yanvar 2011 15:06)



Qrup: İstifadəçi
Tarix: 4.01.2011
salam mən zirə qəsəbisindəki 8a sinif şagirdlərinə salamlarımı göndərirəm.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: Admin (6 Yanvar 2011 15:42)



Qrup: Administrator
Tarix: 9.06.2009
Admin: Əleykəs salam. Biz də sənə və dostlarına salam göndərir və saytımıza göstərdiyniz marağa görə təşəkkür edirik. Göndərdiyiniz ikinci məqalə tezliklə yüklənəcək.
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Xanim Zeyneb (27 Fevral 2011 22:28)



Qrup: İstifadəçi
Tarix: 17.02.2011
Hacı Çələbi haqqında bu qədər dolğun məlumata sahib deyildim.Bu şəraiti bizə yaratdığınız üçün sizə təşəkkür edirik.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.