"Heyf ki, Fəridi gətirə bilmədim..." » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şəhidlər ölmür » "Heyf ki, Fəridi gətirə bilmədim..."
 
 » Şəhidlər ölmür » "Heyf ki, Fəridi gətirə bilmədim..."

     
 
Şəhidlər ölmür: "Heyf ki, Fəridi gətirə bilmədim..."
 
 
Müəllif: Admin | 2 Aprel 2011 | 12850 dəfə oxunub
http://zeka.az/1463-heyf-ki-fjridi-gjtirj-bilmjdim.html

"Heyf ki, Fəridi gətirə bilmədim..."

Əhməd Abdullayevin anası: "Mübarizin ölümündən sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən onun meyitini vermir, bu iş necə olacaq?

Vətən hər zaman igid oğulları ilə tanınır. Tarixən torpaqlarımızın, vətənimizin bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız çox olub. Onlar əməlləri ilə müqəddəs şəhid adını qazanaraq hər zaman yaddaşlarda qalıblar. Belə şəhidlərimizdən biri də ermənilərlə son nəfəsinə qədər döyüşüb qəhrəmancasına həlak olan kapitan Əhməd Abdullayevdir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin dəstəyi və redaksiyanın tapşırığı ilə Sumqayıt şəhərinə, qəhrəmanın həyat yoldaşı Ulduz xanımın yaşadığı ünvana gedirəm. Pilləkənləri qalxanda düşünürdüm ki, görəsən, qapını kim açacaq. Zəngi basdım. Qapını çox nurani bir ana açdı. Ağsaçlı ananın üzündə işıq, əzəmət və vüqarla yanaşı, dərin kədər, ağır bir itkinin, həyatın vurduğu ağır zərbənin izləri duyulurdu. Ağbirçək ananı görəndə "Bəlkə ünvanı səhv salmışam", - deyə düşündüm. "Bura Ulduz xanımın evidir?" . "Bəli, xoş gəlmisən, qızım", - deyərək məni içəri dəvət etdi. "Siz Ulduz xanımın nəyisiniz?", - soruşdum. "Qayınanası", - deyəndə hər şeyi başa düşdüm. Bəli, qarşımdakı o idi: doğma Azərbaycanımızın bu gün "oğul" deyib bağrına basdığı igidlərimizdən biri kapitan Əhməd Abdullayevin anası. Qəhrəman oğul dünyaya gətirən Firuzə ana! Onu qucaqlayıb bağrıma basıram. Mənzilə girəndə bir istilik, doğmalıqla yanaşı, həm də həsrət, hüzn duyulurdu. Otağın bir guşəsində masanın üzərində səliqə ilə düzülmüş şəkillər, kitablar diqqətimi cəlb elədi. Stolun üstündəki bir qeyd dəftərini açıb vərəqləyəndə birinci səhifənin yuxarısında yazılan bu sətirləri oxudum: "Orduda xidmət etməyən heç kəs cəmiyyətdə hörmət qazana bilməz". Daha sonra Türkiyədə, Hərbi Akademiyada təhsilini başa vurduqda ona təqdim olunan kitabda yoldaşlarından birinin Əhməd haqqında dediklərini oxuyuram və oxuduqca məni qürur qarışıq bir təəssüf hissi bürüyür. İlk söhbəti Əhməd Abdullayevin həyat yoldaşı Ulduz xanımla aparıram.

Ulduz xanım:

"Gecələr uşaqları yatmağa aparanda "biz atamızı istəyirik" - deyirlər. Nə vaxt gələcək? Hər dəfə uşaqlar bu sualı verəndə çox pis oluram və nə cavab verəcəyimi bilmirəm. Hələ körpədirlər, heç nəyi dərk etmirlər. İki gün əvvəl Hüseyn üçün ayaqqabı alıb qayıdırdıq. Yolu keçəndə Hüseynə deyirəm ki, ehtiyatlı ol, maşın vurar. Cavab verir ki, qoy maşın vursun, mən də atamın yanına gedim. Atasının ölümündən sonra Hüseyn şok keçirdi. İndi də hərdən mənə deyir ki, atam həmişə bizimlədir, bilirəm, qaranlıqda gəlib bizi öpüb gedir… Hüseynlə Nihad hər gecə mənə «"Atamın nağılını danış", - deyirlər. Bunu eşitmədən yatmırlar...".

Əziz oxucu, mən isə Hüseynlə Nihadın atasının gerçək nağılını danışmaq istəyirəm; şəhid kapitan Əhməd Abdullayevin keçdiyi həyat və fəaliyyət yolu haqqında oxuculara məlumat verməyi özümə borc bilirəm. Əslində, Əhməd kimi igid eloğlumuz haqqında yazmağı özümə şərəf bilirəm.

…Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı il iyulun 30-da Jəlilabadda ziyalı ailəsində anadan olub. Bu ailədə ancaq oxumaq, Vətənə xidmət etmək kimi meyarlar ən şərəfli iş sayılıb. Hüseynağa müəllimlə Firuzə ananın 4 övladı - 2 qızı və 2 oğlu vardı. Ailənin böyük oğlu Əhməd idi. Ananın dediyinə görə, uşaqlıqdan qeyri-adi hərəkətləri ilə seçilirdi. Həm də nadinc uşaq idi. Əhməd 1983-cü ildə Cəlilabad rayon 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub və həmin məktəbi uğurla bitirib.

1992-ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedib, İstanbul şəhər Hərbi Məktəbinə daxil olub.1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib. Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri olub.

2010-cu il martından Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun zabiti, kapitan Əhməd Abdullayev 2010-cu il sentyabrın 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında igidlik göstərdiyinə görə ölümündən sonra kapitan Əhməd Hüseynağa oğlu Abdullayev "İgidliyə görə" medalı ilə təltif edilib.

Vətən üçün gələcəyin iki əsgərini – Nihad və Hüseyni yadigar qoyub getdi…

Anası Firuzə Abdullayeva:

Əhməd düzgünlüyü sevən, təmiz uşaq idi. Yalan danışmazdı. 9-cu sinifdə oxuyanda hərbiyə getmək qərarına gəlir. Baxmayaraq ki, orta məktəbdə əla qiymətlərlə oxuyurdu. Riyaziyyatı çox yaxşı bilirdi. Həm də bir neçə dil - ingilis, ərəb, fars, erməni dillərini bilirdi, ispan dilini isə öyrənirdi. Həmişə deyirdi ki, düşmənə qalib gəlmək üçün onun dilini bilmək lazımdır.

Telefonunda ingilis dilində o qədər elektron kitablar var idi ki. Onların hamısını oxumuşdu. Mütaliəyə marağı böyük idi. Bir kitabı oxumağa başlayanda onu bitirməyə çalışırdı. 15 yaşından sonra özü-özünü dolandırırdı. 1991-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə qəbul oldu. Eşitdiyimə görə, orada da hörmət qazanmışdı, əlaçı idi. 92-ci ildə yay tətili vaxtı oradan bizə zəng edib dedilər ki, "Türkiyəyə tələbə göndərirlər, Əhməd savadlı, əlaçı tələbədir, istəyirik ki, o da getsin". O vaxt vəziyyət gərgin idi. Biz də qorxurduq ki, gedər, sərhədlər bağlanar, ona görə də razı olmurduq. Ana ürəyidir də… Özü getmək istəyirdi. Atası Əhmədi imtahan verməyə apardı. Mən də ağlayırdım ki, tək qadınam, bacım-qardaşım da yoxdu, sən də getsən, necə olacağam? Əhməd dedi ki, narahat olma, ana, bilmək olmaz, bəlkə kəsiləcəyəm?". Bir neçə dəfə imtahan verdi, hamısından da uğurla keçdi. Beləliklə, Əhməd1992-ci ildə İstanbul Hərbi Liseyinə qəbul oldu. 4 il orada təhsil aldı, 1996-cı ildə imtahan verərək Ankaradakı Hərbi Akademiyaya qəbul oldu. Əhməd orada Ramil Səfərovla birlikdə oxumuşdu. 2000-ci ildə "Karahal Okulu" adlanan Ali Hərbi Akademiyanı fərqlənmə diplomu ilə istehkamçı kimi bitirdi. Daha sonra İzmir şəhərində kursa getdi. 2001-ci ildə Azərbaycana qayıtdı. Gəncədə "N" saylı hərbi hissədə işə başladı və burada ona baş leytenant rütbəsi verdilər. 2001-ci ilin sonunda Xüsusi Təyinatlı Qüvvələrə məxsus "N" saylı hərbi hissədə qulluğa başladı və 10 il burada fəaliyyətini davam etdirdi.

Əhməd 2003-2004-cü illərdə NATO-nun hərbi təlim-məşqlərində iştirak etmək üçün Azərbaycan Ordusunu təmsil edərək İsveçrəyə və Kiprə göndərilir. Mən verilişlərin birində də demişdim, çoxlarının xoşuna gəlmədi. Oğlum şəhid olandan sonra düşünürəm ki, balam elə həmişə qəhrəman olub. Əhməd həmişə əsgərlərinə qayğı göstərərdi. Hətta əsgərlərdən birinin atası rəhmətə gedəndə öz cibindəki son pulunu də ona verib evinə yola salmışdı. Həyatı boyu nümunə olub, biz onu hiss etməmişik. Ərizə ilə müraciət etmişdi, müharibə zonasına getmək istəyirdi. Amma ona icazə vermədilər. Mən də fikirləşdim ki, yəqin, daha alınmadı. 2010-cu ilin martında evə gəldi və dedi ki, mən Tərtərə gedirəm. Əhməd Tərtərdə hər gün kəşfiyyata gedirmiş. O qədər şən, deyib-gülən idi ki, heç vaxt hiss eləməzdin bu adamın nə isə bir çətinliyi, problemi var. Martda özü getdi, Ulduz burda qaldı. Mən işləyirdim, gələ bilmirdim. Ona görə də atasını gətirib Ulduzun yanına qoydu ki, uşaqlarla tək qalmasın. Elə oldu ki, atası da yıxıldı, qolu sındı, bir aya qədər xəstəxanada müalicə olundu. Əhməddən xəbər yox idi. Demə, yüksək qızdırma ilə hospitalda yatırmış. Bizimlə də hər gün telefonla danışır və "narahat olmayın, tezliklə gələcəyəm" - deyirdi. Mən də hər dəfə ona deyirdim ki, ailəni də yanına apar. Həmin il iyul ayında gəldi ki, "orada ev tutmuşam, Ulduz, gedirsən, ancaq bir şərtlə ki, necə yaşamağından asılı olmayaraq heç vaxt «Niyə məni bura gətirdin?!" - deməyəcəksən". Tərtərdə doqquz kirayə ev dəyişib. Çox çətinliklər görüblər. Öz evində rahat yaşaya da bilmədi balam…

Həyat yoldaşı Ulduz Abdullayeva:

Məni Tərtərə aparanda şərt qoydu ki, heç vaxt həyatından gileylənməyəcəksən. Hətta mənə zarafatla deyirdi ki, səni kənd qızı edəcəyəm.

Anası Firuzə Abdullayeva:

Mübarizin ölümündən sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən onun meyitini vermir, bəs bu iş necə olacaq? Dedi, gətirəcəyik. Sən demə, elə ona çalışırlarmış. Sonra eşitdim ki, hər gecə kəşfiyyata gedir, səhər qayıdırmış. Amma bizə bir söz də deməzdi.

Sentyabrın 4-də bu hadisə baş verəndə birinci əmisi oğluna xəbər verirlər. Axı o da hərbçidir. O da Elnura, Əhmədin qardaşına deyir. Bizə isə heç nə deməmişdilər. Yalnız dedilər ki, yaralanıb, gətirirlər. Fikirləşdim ki, əgər yaralanıbsa, evə niyə gətirirlər? Sonradan bildim ki, oğlum şəhid olub… Hərbçilər də gəlmişdilər. Onların dediyinə görə, ermənilər Fəridi vurandan sonra Əhməd əsgərlərini qaytarıb gətirir ki, onlara heç nə olmasın. Düşmənlə son nəfəsinə qədər vuruşur, qolundan yaralanır. Biz onun hərbi hissədə Fəridlə bir yerdə olduğunu bilmirdik. Fəridin anası ilə mən əvvəllər bir yerdə işləyirdik. Mən bağçada tibb bacısı, o isə tərbiyəçi idi. Həmişə Əhməd Türkiyədən məktub göndərəndə işdə oxuyub ağlayırdım. Çünki poçt bağçaya yaxın idi. O isə mənə həmişə deyərdi ki, sizdə ürək var, uşağı Türkiyəyə hərbi təhsil almağa göndərirsiniz. Amma yazıq Nərgiz o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq. Sonralar hər ikisi rayona gələndə də deməzdilər ki, biz bir yerdə işləyirik.

Əhməd qolundan yaralı halda Fəridin ardınca gedir. Ancaq böyründən yaralanır. Nə yaxşı ki, əsgərləri sağ-salamat geri qaytara bilir. Əsgərlər deyirdilər ki, sürünə-sürünə necə gəlmişdisə, bütün toz-torpaq içində idi. Axırıncı sözü bu olub: "Heyf ki, Fəridi gətirə bilmədim...".

Əhmədi Cəlilabadda dəfn etdik. Amma 2 ay, Fəridlə Mübarizin meyiti gətirilənə qədər onların valideynlərindən utanırdıq ki, onların balaları orda qalıb. Əhməd onlardan ayrı düşdüyünə görə bir qədər adı hallanmadı. Kömək edən insanlar sağ olsunlar ki, Əhmədin igidliyi haqqında prezidentimizə müraciət etdilər. Əhməd medalla təltif olundu. Bu, bir ana kimi mənə böyük təsəllidir. Bu işdə bizə dəstək olanların hamısına ailəmiz adından təşəkkür edirəm. Əhməd öz övladlarına həmişə vətənpərvərlik aşılayırdı. Bayrağımızı harda görsəydi, "Azərbaycandır!" - deyərdi. Hər ikisinə Vətənimiz, Prezidentimiz, Bayrağımız, düşmənlərimiz haqqında öyrədirdi. Balam çox mehriban, qayğıkeş idi. Bir dəfə atası xəstələnmişdi, biz onu həkimə apara bilmədik. Amma Əhməd gələn kimi onu apardı. Evə gələn kimi də «qala bilməyəcəyəm», - deyib hərbi hissəyə qayıdırdı. Bir gün evdə qalanda isə ailəmizdə toy-bayram əhvalı hiss olunurdu. Oğlum olduğuna görə demirəm, uşaqlıqdan tərbiyəli, qayğıkeş, vətəni sevən idi. Hərtərəfli uşaq idi. Uşaqlıqda tək bir dəfə atası ona əl qaldırıb. Yəni özünə söz dedirdən deyildi.

Hadisədən bir gün əvvəl Ulduz zəng bizə zəng etdi. Dedi, Əhməd işdən gəlib, yatıb, başqa bir şey demədi. Əhməd həmişə özü mənimlə danışardı. Telefonda mənim səsim incə çıxır, ona görə də həmişə mənə "cavan qız" deyə müraciət edirdi. Bizim nəsildə hərbçi olmayıb. Amma Əhməd hərb sənətini çox sevirdi. Bəlkə də onun buna həvəsi dövrün hadisələri ilə əlaqədar idi.

Ulduzla Əhmədin evlənməsinin səbəbkarı mən oldum. Əhmədin 29 yaşı vardı, evlənmirdi. Məcbur evləndirdim onu. Ulduzun şəklini ona göndərdim. Ulduzun kiçik qardaşı Xalidlə Əhməd bir sinifdə oxuyub. Evlənəndən sonra çox sevinirdi, "Kaş tez evlənəydim", - deyirdi. Ulduzdan çox razı idi.

Ulduz xanım:

İnanırsınız, bir-birimizi nişana bir həftə qalmış gördük. Birinci dəfə məni görəndə necə ki, əsgər komandirinə məlumat verər, o da özü haqqında elə danışdı. Mənə dedi: "Bizdə valideynə hörmət var. Əgər mənim ata-anama hörmət edəcəksənsə, sənin də valideynlərin hörmət görəcək!". Mən dəhşətə gəldim, necə olur ki, oğlan ilk dəfə gördüyü qıza belə deyir. Amma onun qüruru, mətinliyi, mübarizliyi xoşuma gəldi.

Əhməd səyahət etməyi çox sevirdi. Hər dəfə deyirdi ki, sizi Türkiyəyə aparacağam. Orda oxuduğu yoldaşları ilə əlaqə saxlayırdı. Onlar Əhmədi Türkiyəyə dəvət edirdilər. O vaxt yoldaşları öz aralarında bir-birlərinə ləqəb qoyublarmış. Əhmədin ləqəbi "Amor" imiş. Bir türk yoldaşı vardı, o da evli idi, həmişə zəng vurardı ki, uşaqları da götür, gəl. Əhməd soruşanda ki, sizin niyə uşağınız yoxdur? O, "biz hələ planlaşdırırıq" deyəndə Əhməd "siz planlaşdırana qədər evdə mənim iki əsgər balam böyüyür", - demişdi.

Axırıncı dəfə gələndə telefonunu qardaşı ilə dəyişdi. "Sən səliqəli işlədirsən, qoy səndə qalsın", - dedi. Sonradan Elnur baxıb görür ki, telefonda nə qədər ingilis dilində yazılar var. Əhməd ailəsinə çox bağlı idi. Heç vaxt kənarda yeməz, hər tikəsini bizimlə bölərdi. Onun ailə sevgisindən ən çox bəhrələnən oğlumuz Hüseyn oldu. "Atam bizi çox istəyirdisə, niyə qoyub getdi?", - hər gün soruşur Hüseyn. "Atamı istəyirəm", - deyir. Onu bağçaya qoyduq ki, başı qarışsın. Hüseyn tamam başqa uşaqdır. 4 yaşı olsa da, çox dərrakəlidir. Atasının məzarı üstə gedəndə mənə deyir ki, gedib orada oyun çıxarma, az ağla. Əhmədin bir sözü vardı: "Sus, danışma". İndi də onun bu ifadəsini Hüseyn tez-tez işlədir.

Qardaşı Elnur Abdullayev:

Şəhid Əhməd Abdullayevin qardaşı olmaq çox böyük və şərəflidir. Əhməd haqqında keçmiş zamanda danışmaq çətin olsa da, onu deməliyəm ki, namuslu, vicdanlı, vətənini ürəkdən sevən bir insan idi. Bunu əməli ilə də sübut etdi. Dərin zəkası, natiqliyi, yüksək savadı ən çətin məqamlarda belə düzgün qərarlar verməsinə kömək edirdi. Qardaşım məhz bu xalqın, bu vətənin oğlu olduğu üçün qürur duyurdu. Əhmədin vətəni bu qədər sevməsinin bir səbəbi də yeniyetməlik çağlarının müharibə vaxtına düşməsi idi. Əhməd hərbçi olmaq qərarına elə o illərdə gəlmişdi. Qardaşım peşəkar bir zabit kimi hazır olduqdan sonra da torpaqlarımızı geri qaytarmaq, düşməndən intiqam almaq istəyi ilə yaşayırdı.

Biz Əhmədlə çox gec-gec görüşürdük. Uşaqlığımızın az bir hissəsi bir yerdə keçib. Mən Əhməddən 7 yaş kiçiyəm. Hər dəfə görüşəndə sevdiyi işlə məşğul olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyirdi. Düşünürəm ki, Vətənimizə Mübariz, Əhməd, Fərid kimi oğullar çox lazımdır.

Ulduz Abdullayeva:

Əhməd uşaqların tərbiyəsinə də xüsusi fikir verirdi. Evdə söz-söhbət olanda uşaqlara bildirməz, səsini onların yanında yüksəltməzdi. Hirsələnəndə sözünü ingiliscə deyərdi ki, uşaqlar başa düşməsin. Çox xeyirxah insan idi. Bayramlarda hər zaman fitrə verərdi. Nasosnıda bir şəhid ailəsi var, məni də özü ilə aparardı ki, fitrəni sən apar ona ver. Əhməd danışardı ki, müharibə vaxtı vəziyyət ağır olanda bacısı Vüsalə ilə birlikdə Böyük Vətən müharibəsinə həsr olunmuş filmə baxırlarmış. Sonra Vüsalə görüb ki, Əhməd qəndlə quru çörək yeyir. Soruşanda niyə belə edirsən, Əhməd cavab verir ki, hazırlaşıram, görək müharibə vaxtı doğrudan da belə yaşamaq olar? Onu da deyim ki, Əhməd həm də çox qısqanc idi. Məni işləməyə qoymurdu. Deyirdi xoşuma gəlmir ki, mən evə gələndə sən işdə olasan. Qapalı insan idi. Mənim telefon nömrəmi anam, qayınanamdan başqa heç kim bilmirdi. Ayın 3-də səhər evə qayıtdı. Nihad bir ayağını, Hüseyn də o birini ovmağa başladılar. Birdən Hüseyn dedi: "Ata yatıb". Əhməd yatanda bizim səsimiz çıxmazdı. Axı bütün günü yorğun olurdu. Bu vaxt telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Çox tərəddüddən sonra telefonu açdım. Əhmədin iş yoldaşı idi:

- Bağışla bacı, narahat etdim. Əhmədin telefonuna zəng çatmır. Ona deyin ki, təcili iş var, gəlsin.

Heç kim bizim yaşadığımız ünvanı bilmirdi. Qorxa-qorxa Əhmədi çağırdım. Həm də soruşdum ki, bəs mənim nömrəmi ona niyə vermisən?

Dedi:

- Etibarlı adamdır. Əgər nə vaxtsa məndən xəbər ala bilməsən, o nömrəyə zəng vura bilərsən.

Sonra qalxdı, getməzdən əvvəl evə qatıq alıb gətirdi. Uşaqları ayrı-ayrılıqda öpərək maşına mindirib gəzdirdi. Çıxanda birdən qayıtdı ki:

- Gəlin sizi bir də qucaqlayım. Sən də gəl, - dedi mənə. Və əlavə etdi:

- Hər şeyə hazır olmaq lazımdır. Mən sənə arxayınam.

Getdi və o gecə gəlmədi. Səhərə qədər yata bilmədim. Düşündüm ki, o nə sözlər idi dedi Əhməd? Onun üçün ancaq dua edirdim…

Ayın 4-ü səhər tezdən əmisi oğlu zəng etdi.

- Hardasınız? Əhməd hardadır?

- Hələ gəlməyib. Nə isə olub?

- Heç nə olmayıb. Sənəd verməliydim ona.

Amma məni bir narahatlıq bürüdü. Sonra qaynım Elnur zəng etdi, soruşdu:

- Necəsiniz?

Bir azdan bacım zəng etdi. Dedi ki, Əhməd yaralanıb. İnanmadım. Elə bu zaman Əhmədin həmin dostu zəng etdi:

- Bacı, gəl, qapını aç. Əhməd yaralanıb, sizi başqa yerə aparırıq.

Amma üzündən bilinirdi ki, yaralanmaq məsələsi deyil. Yalvardım ki, mənə həqiqəti deyin. O, Əhmədin şəhid olduğunu bildirdi. Uşaqları tanış adam vardı, onların evinə qoydum. Məni xəstəxanaya apardı, ora həm də morq idi. Amma onu görməyə icazə vermədilər. «Valideynləri gəlsin», - dedilər. Evlə hospitalın arası yaxın idi. Dayana bilməyib qaça-qaça yenə getdim. (Ulduz xanım danışdıqca göz yaşları yanaqları boyu süzülürdü…). Heç ölüyə oxşamırdı. Qolundan və döş qəfəsinin altından yaralanmışdı. Sonrasını isə xatırlamıram. Bir də gözlərimi açanda gördüm ki, bayırda daşın üstündə oturmuşam. Sonra qaynım Elnur gəldi. Ona da göstərdilər. Elə bil uşaqlar da atalarının ölümünü hiss etmişdilər. Əhmədin tabutu qabaqda aparılır, biz də maşında arxadan gedirdik. Hüseyn deyirdi ki, bilirəm, onun içində atamı aparırlar. Əhməd uşaqları çox istəyirdi. Mənim iki əsgər balam var - deyirdi. Hətta Hüseyn 6 aylıq olanda Əhməd öz hərbi formasını onun əyninə geydirərdi.

Biz ailədə çox mehriban idik. Bir-birimizdən gizli heç nəyimiz olmazdı. Düzdür, əvvəllər çox qısqanc olsa da, sonradan deyirdi ki, indi sənə çox arxayınam. Mən onun ölümünə inanmıram. Mənə elə gəlir ki, o, nə vaxtsa qayıdacaq. Ölümündən sonra başıma daraq belə vurmaq istəmirdim. Halbuki Əhməd xoşlayırdı ki, mən özümə fikir verim. Hər ay məni özü salona aparardı. İstəyirdi ki, çölə çıxanda səliqəli görünüm. Uşaqlarla gəzintiyə çıxmağı da xoşlayırdı. Hüseyn indi deyir ki, atam da gəlmir, bəs bizi sirkə kim aparacaq? (Ağlayır). Əhmədin ən əsas hobbisi pul yığmaq idi. Müxtəlif dövlətlərin dəmir pullarını yığırdı.

Ailə başçısını itirmək çox pisdi. İndi dilim gəlmir ki, deyim Əhməd yoxdur. O mənim tək həyat yoldaşım deyil, həm də dostum, sirdaşım, qardaşım, hər şeyim idi. Medalın təqdimatında çox pis olmuşdum, əsirdim. Həm də utanırdım ki, valideynlərinin yanında medalı mənə verirlər. Başımı aşağı salıb dayanmışdım. Mənə dedilər ki, başını aşağı salma. Sən elə bir qəhrəmanın həyat yoldaşısan ki, başın həmişə uca olmalıdır.

Nə qədər maddi, mənəvi kömək olsa da, Əhmədi heç bir şey əvəz edə bilməz. Mən çalışacağam ki, bu iki uşağı əsl Əhmədə layiq övladlar kimi böyüdüm.

Qardaşı Elnur Abdullayev:

Əhməd neçə dəfə ölümlə üzləşsə də, sağ-salamat qurtulmuşdu. Aprel ayında dəhşətli avtomobil qəzasına düşmüş, amma sağ-salamat çıxmışdı. Sonradan mən anladım ki, onu uca şəhidlik zirvəsi gözlədiyi üçün bu qəzalarda həlak olmayıb…

Bir dəfə ona dedim ki, tez-tez gəl, səni doyunca görək. Dedi, vaxtım yoxdur. O, həmişə beləydi. Elə bil yoxluğuna alışdırırdı bizi…

Sonuncu görüşümüzdə mənimlə ancaq Mübariz haqqında danışdı. Dedi, az qalıb, gətirəcəyik onu… Əhməd peşəkar idi. Bütün minalanmış sahələri gözü bağlı belə bilirdi. Bunu əsgərlər, zabitlər söyləyirdilər…

Əhmədə ancaq bu cür ölüm yaraşırdı. O, əvəzsiz məhəbbətlə sevdiyi Vətəni uğrunda şəhid oldu.

Bəli, İnsan var ki, onların həyatı, fəaliyyəti, eləcə də ölümü çox şərəflidir,

Azərbaycan ordusunun zabiti kapitan Əhməd Abdullayev kimi. O ölümü ilə şəhidliyin uca zirvəsinə qovuşdu. Atalar yaxşı deyib: "İgid ölər, adı qalar". Onun hər anı, hər dəqiqəsi Vətənlə bağlı idi.

"Özündən, əsgərlərindən və Vətənindən muğayat ol!". Bu bir hərbçi dostunun Əhmədə göndərdiyi, amma onun oxuya bilmədiyi son mesaj idi… "El" jurnalı, Nigar Rüstəmova





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.