İnsanın ruhu sağlam da ola bilər (bu halda o gözəl əməl sahibi olacaq), xəstə də (bu halda o yaramaz əməllər sahibi və hətta cinayətkar ola bilər). Fitrətində Allah tərəfindən gözəlliyə sevgi qoyulan insanı bu sevgi, zahirən və batinən gözəl olmağa məcbur edir. Lakin fitrətinin əksinə yaşayaraq qəlbini xəstəliyə düçar edənlərin xəstəlikləri bəzən elə bir həddə gətirib çıxarır ki, şəkk, inkar, heyrət, sədaqət, düşmənçilik, qorxu və s. yerlərini dəyişərək yersiz izhar edilir və qəlb paxıllıq, həsəd kimi alçaq xislətlərin məkanına çevrilir. Beləliklə, zahirən insan olan varlıq - qəlbən misli olmayan bir yırtıcıya çevrilir.