Bu dəfə yazımı evdar qadınlara ünvanlayıram. İşləməyən – evinin xanımı, yoldaşının gülü, övladlarının anası olan qadınlardan yazacam. Bu xanımlara nə məsləhət verə bilərik?! Əvvəla bu qədər çirkli, napak cəmiyyətdə ailə sahibi olmaq və övlad tərbiyə etmək çox uğurlu bir nəticədir.
Hörmətli xanımlar, gəlin biz özümüzdən başlayaq: birinci zahirimizi səhmana salaq. Hər gün yoldaşımızdan əvvəl oyanaq. Bu bir neçə gün, bir neçə ay çətin olacaq – sonunda isə vərdişə çevriləcək. Əvvəlcə güzgüdə özünüzü düzəldin, səliqəli geyinin və səhər süfrəsi açın. Bunu xüsusi məhəbbətlə etsəniz nəticə siz gözlədiyinizdən daha da gözəl alınacaq. Sonra yoldaşınızı oyadın. Allahın sizə bəxş etdiyi, çoxlarından isə əsirgədiyi balalarınızı xüsusi metodlarla oyadın. Nəhayət, onlar da buna vərdiş edəcək, hətta, sizə kömək belə edəcəklər. Bu bir qadın üçün özünün və ailəsinin gününə uğurla start verməsidir (başlamasıdır).