Ruh insanın orqanizminə daxil olub ölənə qədər onu idarə edir. İnsan öldükdən sonra isə ruh yenidən ilahi məkana qayıdır. Ruh haqqında sufi-neoplatonik fikri müdafiə edən Füzuli yunan fəlsəfəsinə çox yaxşı bələd olduğunu göstərir. Məlumdur ki, Platon ruh haqqında təlimini “Timey” və “Fedon” dialoqlarında vermişdir. Ruh özünün təcəssüm olunduğu cismani təbiətindən əvvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir. O da bədənsiz mahiyyətdir, bölünməzdir, görünməzdir, hissedilməzdir, ölməzdir. Platonun “Fedon” əsərində ölümsüzlüyün elmi yolla sübutu verilmişdir: 1) Ruh bədəndə təcəssüm olunana qədər yaşadığı üçün onun mövcudluğu bədəndən asılı deyildir; 2) Kosmoloji qanun öyrədir ki, heç nə məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) Sadə və saf mahiyyətlər məhv olmur, ruh da sadə mahiyyətdir. Ona görə də o tərkib hissələrə parçalana bilməz. Məhv olma isə tərkib hissələrə parçalanma vasitəsilə olur; 4) Ruh həyat ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz.
|