Məhəmməd Füzuli » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Məhəmməd Füzuli
 
 » Elm və mədəniyyət » Dahilər » Məhəmməd Füzuli

     
 
Elm və mədəniyyət » Dahilər: Məhəmməd Füzuli
 
 
Müəllif: Zaur | 31 Dekabr 2009 | 20229 dəfə oxunub
http://zeka.az/237-mjhjmmjd-fgzuli.html

Məhəmməd Füzuli

      Orta əsrlərin nəhəng şair və mütəfəkkirlərindən biri də Məhəmməd Füzuli olmuşdur. Onun yaradıcılığı təkcə Azərbaycan poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. Füzulinin zəngin ədəbi və fəlsəfi irsi olmuşdur. Üç qəzəl divanı (azərbaycan, fars və ərəb dillərində), alleqorik poemaları “Bəngü badə”, “Yeddi cam”, “Söhbətül-Əsmar”, “Leyli və Məcnun” aşiqanə-romantik poeması, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü-Zahid” adlı farsca yazılmış alleqorik (mücərrəd məfhumların konkret obrazlarda ifadəsi), ictimai-fəlsəfi nəsr əsərləri, “Hədisi-ərbəin”, “Hədiqədüs-süəda” kimi tərcümələri, “Mətləül-etiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri bura daxildir. Bu əsərlər XII əsrin birinci yarısının obyektiv poetik səlnaməsidir. Xalq nöqteyi-nəzərindən təsdiq və inkarıdır, həmin keşməkeşli, qanlı-qadalı dövrün yeri-göyü titrədən, fəryadı daşa can verən məhəbbəti, aləmi yandırıb külə döndərən qəzəb və nifrətidir. Bu əsərlər Azərbaycan bədii fikrinin Nizamidən sonra bir də ucaltdığı əlçatmaz zirvəsidir.

      Füzulinin əsərləri içərisində onun ərəb dilində yazdığı fəlsəfi traktatı “Mətləul-etiqad” fəlsəfi görüşlərini tədqiq etmək üçün mühüm əsərdir. Onun əsərlərində dərin fəlsəfi fikirlərə, hikmətli kəlamlara, adamı düşünməyə vadar edən mülahizələrə rast gəlirik. O, “Mətləul-etiqad” əsərində Qədim Yunanıstanın və Orta əsr Şərqinin əsas fəlsəfi cərəyanlarının qısa xülasəsini verir. Eyni zamanda həmin dövrün mühüm ontologiya və idrak nəzəriyyəsi problemlərini işıqlandırır. Füzulinin əsəri dörd hissədən və ya bölmədən ibarətdir. Hər bir hissə də öz növbəsində müvafiq fəsillərə bölünür. Birinci hissə “Bilik elmi və elmi bilik” adlanır. Burada elmin məqsəd və vəzifələri haqqında ümumi müddəalar, idrakın mənşəyi və mahiyyəti, onun mənbələri, tərkib hissələri, bir sözlə, idrakın yolları və vasitələri ilə bağlı bəhs edilir. İkinci hissə “Dünyanın yaradılması və dərk edilməsi haqqında” adlanır. Burada Füzuli əsas fəlsəfi problemləri, o cümlədən: dünyanın başlanğıcı və mahiyyəti haqqında, psixi və fiziki olanın nisbəti, ruh və cismin nisbəti, azad iradə və hər şeyin qabaqcadan müəyyənləşdirilməsi və s. məsələləri nəzərdən keçirmişdir. Bununla əlaqədar o, fəlsəfə tarixinə müraciət edir, göstərilən məsələlərlə bağlı qədim yunan və Şərq mütəfəkkirlərinin fərqli baxışlarının olduğunu ğöstərir.

      Traktatın üçüncü və dördüncü hissələri , əsasən müsəlman teologiyası və doğmatikasına həsr olunmuşdur. Həmin hissələrdə Füzuli Allahın varlığının sübutlarını qeyd edir. Öz dövrünün əksər mütəfəkkirləri kimi dünyanın mənşəyi haqqında idealist mövqeyindən çıxış edir. Səbəblər səbəbini izah edərkən Füzuli onun Allah olduğunu bildirir. Allah yaradılmamış və Özü dünyanı yaratmışdır. Bütün varlıq və mövcud olanlar dəyişməyə və məhv olmağa məruz qalandır. Yalnız Allah əbədidir, sonsuzdur, yeganə mahiyyətdir. Maddi dünya isə Allahın inikasıdır, yəni Allahın varlığı həqiqi varlıqdır, real dünyanın varlığı isə ilyuzordur – keçib gedəndir.

      Füzuli dünyanın maddi və mənəvi şeylərdən ibarət olduğunu bildirir. Maddi olanlar da öz növbəsində yer (elementar) və səma şeylərinə bölünür. Qeyri-maddi olanlar da iki kateqoriyaya bölünür. Birincisi materiya ilə əlaqəsi olmayan (ağıl), ikincisi materiya ilə əlaqəsi olan (ruh). Bütün maddi şeylər dörd ünsürdən – od, su, hava və torpaqdan ibarətdir. Elementlər daim bir-biri ilə çulğaşırlar və bir-birinə keçməklə müxtəlif şeyləri yaradırlar. Füzuli beş substansiyanı bir-birindən fərqləndirir. Bunlar: forma, ilk materiya, cisim, ruh və ağıldır. İlk materiya və cisim maddi substansiyalardır. Ağıl ona görə qeyri-maddi substansiyadır ki, o cisimlə əlaqədar deyildir. Füzuli on ağıldan danışır ki, doqquzu səma sferalarını idarə edir, onuncu ağıl isə (buna Füzuli əməli fəaliyyətdə olan ağıl adı verir) fərdi cisimləri idarə edir. “Leyli və Məcnun”, “Sağlamlıq və xəstəlik” əsərlərində o, ruhun əbədiliyi və ölməzliyini qəbul etmişdir. Bu əsərlərdə ruh ilahi mahiyyət daşıyır və axirət dünyasında olan kimi nəzərdən keçirilir. Ruh insanın orqanizminə daxil olub ölənə qədər onu idarə edir. İnsan öldükdən sonra isə ruh yenidən ilahi məkana qayıdır. Ruh haqqında sufi-neoplatonik fikri müdafiə edən Füzuli yunan fəlsəfəsinə çox yaxşı bələd olduğunu göstərir. Məlumdur ki, Platon ruh haqqında təlimini “Timey” və “Fedon” dialoqlarında vermişdir. Ruh özünün təcəssüm olunduğu cismani təbiətindən əvvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir. O da bədənsiz mahiyyətdir, bölünməzdir, görünməzdir, hissedilməzdir, ölməzdir. Platonun “Fedon” əsərində ölümsüzlüyün elmi yolla sübutu verilmişdir: 1) Ruh bədəndə təcəssüm olunana qədər yaşadığı üçün onun mövcudluğu bədəndən asılı deyildir; 2) Kosmoloji qanun öyrədir ki, heç nə məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) Sadə və saf mahiyyətlər məhv olmur, ruh da sadə mahiyyətdir. Ona görə də o tərkib hissələrə parçalana bilməz. Məhv olma isə tərkib hissələrə parçalanma vasitəsilə olur; 4) Ruh həyat ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz.

       Qeyd etməliyəm ki, Füzuli ruhun ölməzliyi ideyasına tərəfdar çıxsa da, əvvəlki mütəfəkkirlərin mülahizələrindən fərqli fikirlər də söyləmişdir. Füzuli ruhla bədənin vəhdəti haqqında deyilən fikirlərin müəllifidir. Füzulinin fikrincə insan ruh və bədəndən ibarətdir. Onları birlikdə olmadan təsəvvür etmək olmaz. Onlar bir-birindən ayrılıqda fəaliyyət göstərə bilməz. Füzuli filosofları üç qrupa bölür: rasionalistlər, vəhy tərəfdarları və təqlidçilər. Rasionalistlər üçün səciyyəvi olan cəhət idrakın yeganə vasitə kimi etiraf edilməsidir. Vəhy nəzəriyyəsinin tərəfdarları isə mistik məhəbbətə üstünlük verirlər.

      Alim-şair Füzuli elmi iki əsas qrupa bölür: praktiki elmlər və nəzəri elmlər. Praktiki elmlər insandan asılı olan predmetlərlə məşğul olur. Nəzəri elmlər isə insandan, onun iradəsindən asılı olmayan predmet və hadisələrlə məşğul olur. Praktiki elmlərin tərkibinə əxlaq (etika) haqqında elm, siyasət, evşünaslıq və s. daxildir. Etika ruhla, qəlblə bağlı hadisələri əhatə edirsə, evşünaslıq şəxsi həyatı, siyasət isə bütövlükdə cəmiyyətin həyati məsələlərini əhatə edir. Nəzəri elmlər də öz növbəsində üç qrupa bölünür: teoloji, riyazi və təbii elmlər. Birinci iki qrup materiya ilə əlaqədar deyildir. Təbii elmlər bilavasitə materiya ilə əlaqədardır və materiya haqqında təsəvvürləri, hadisələri öyrənir.

       M. Füzuli Azərbaycan xalqının, Yaxın və Orta Şərq xalqlarının fəlsəfi fikrinin sonrakı inkişafına böyük təsir göstərmişdir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 11)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.