Müsahibimiz Rahim İbrahim oğlu Nuriyevdir. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Rahim İbrahim oğlu Nuriyevdir.
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Rahim İbrahim oğlu Nuriyevdir.

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz Rahim İbrahim oğlu Nuriyevdir.
 
 
Müəllif: Abdullah | 20 Yanvar 2010 | 12837 dəfə oxunub
http://zeka.az/276-mgsahibimiz-rahim-dbrahim-odlu-nuriyevdir.html

   O, 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992-1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir.

  Lənkəran bölgəsində milli-demokratik hərəkatının təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub. 1990-cı il yanvar hadisələri zamanı Lənkəranda “Elin səsi” qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib.

   Lənkəran Müəllimlər Cəmiyyətinin sədridir. Evlidir, 3 övladı var.  

   Rahim müəllim, ilk öncə bizə vaxt ayırdığınız üçün sizə həm öz adımdan, həm də “zeka.az” kollektivi adından dərin minnətdarlığımızı bildirirəm.

   Sual: İlk sualım belədir: 20 yanvar faciəsinin xalqımızın qan yaddaşında qoyduğu təsirləri izah edərdiniz.

   Cavab:  Hər hansı bir hadisəni qiymətləndirməzdən əvvəl onun səbəb-nəticə əlaqəsini qiymətləndirmək lazımdır ki, düzgün nəticə hasil olsun. 80-ci illərin ikinci yarısından sonra Azərbaycanda yenidənqurma və sürətləndirmə adı altında bir proqram həyata keçirildi. Əslində bu, dağılmaqda olan SSRİ-ni qoruyub saxlamaq məqsədi daşıyırdı. Lakin bu proseslər nəzarətdən kənara çıxdı və Respublikamızda milli-etnik məsələlər qızışmağa başladı və Milli Azadlıq Hərəkatı güclənməyə başladı. Bu dövrdə ermənilər Qarabağdan məharətlə istifadə edib Azərbaycan ərazilərinə iddialarını yenidən dirçəltdilər. O məqam gəlib çıxdı ki, Azərbaycan Xalq Cəbhəsi formalaşdı və Respublikada baş verən hadisələrə Xalq Cəbhəsi rəhbərlik etməyə başladı. 1990-cı il yanvarın 13-də Bakıda erməni talanları törədildi. Bir erməni iki azərbaycanlı öldürdüyünə görə təhrikçilərin əli ilə evlər talan edildi. Eyni zamanda Lənkəranda 10-dan 11-nə keçən gecə hakimiyyət çevrilişi oldu. Bir qədər əvvəl Cəlilabadda xalq hakimiyyəti yarandı. Naxçıvanda, Biləsuvarda, Astarada sərhəd məsələsi ortaya çıxdı və s. Bütün bunlar ondan ötrü oldu ki, mərkəzə bəhanə verilsin ki, burada hakimiyyət əleyhinə mübarizə gedir. Həmçinin burada yaşayan ruslara qarşı heç bir təpki olmadığı halda onların köçürülməsi işinə başladılar. Məsələ bu idi ki, Xalq Hərəkatının qarşısı alınsın və bunun üçün elə bir hadisə törətmək lazım idi ki, əhalinin gözü qorxsun. Bunun üçün də yanvar hadisələri törədildi.

    Sual: Bu faciənin Azərbaycanın müstəqilliy ində nə kimi rolu olmuşdur?

  Cavab: Bilirsiniz ki, yanvar hadisələri Azərbaycanda Milli Demokratik Azadlıq Hərəkatının dönüş nöqtəsi oldu. Mənim zənnimcə bu dönüş nöqtəsinə sübutlar ondadır ki, o zaman Lənkəranda telestudiya yox idi. Bir teleqüllə var idi ki, biz istifadə edib 20 yanvardan 26-dək verilişlər verdik. Respublika ərazisinin yarısını əhatə edirdi, Cənubi Azərbaycan da baxa bilirdi. Bəzən küləyin aparması nəticəsində bu dalğanı Bakıda da tuta bilirdilər. Azərbaycanda 40 gün tətil elan olundu. Dünyanın heç yerində analoqu olmayan bir hadisə idi ki, 40 gün insanlar tətil saxlayıb işə çıxmasınlar. Bu hadisə xalqı monolit (vahid) birləşdirdi və bu hadisəni təşkil edənlər düşünürdülər ki, Azərbaycan xalqını parçalayıb hərəkat iştirakçıları ilə əhalini, iştirakçılarla şəhid ailələrini üz-üzə qoyacaqlar və bundan bəhrələnəcəklər. Amma xalqımız bu hadisədən daha monolit çıxdı və hərəkət yeni bir nəfəs, yeni bir dalğa yaratdı. Artıq sovet imperiyasına inananlar təəssüf hissi keçirib partiya biletlərini cırmağa və yandırmağa başladılar və bu partiyanın qaniçən olduğu haqqında şüarlar da səsləndi. Bu hadisələr xalqımız üçün yeni bir demokratik dönüş nöqtəsi yaratdı.

      Sual: Zəhmət olmasa, bu hadisənin Lənkəranda hansı şəkildə cərəyan etməsi haqda bizə məlumat verərdiniz.

     Cavab: O zaman radikallar və liberallar meydana gəlmişdi. Mən özüm liberal qanun tərəfdarı idim. Amma radikallar bir işi beş addımla görmək lazım idisə onu bir addımla görməyi tələb edirdilər. O zaman mən Ali Məclisin üzvi, burada İdarə Heyətinin üzvi idim. Yanvar ayının 10-da gecə saat 1-də cəbhədəkilərdən biri ardımca gəlib dedi ki, İdarə Heyəti yığışıb səni istəyir. Gəldim gördüm Cəbhənin həyətində silahlılar doludur. İçəri keçib gördüm Əlikram Hümbətov oturub. Soruşdum: - Nə məsələdir? Bu camaat nədir? Azərbaycanın on dörd-on beş rayonunda Cəbhə hakimiyyəti ələ götürüb, tapşırıq var ki, biz də götürək. Mən bunun İdarə Heyətində müzakirəyə qoyulmasının gərək olduğunu dedim və İdarə Heyətini bir yerə topladım. Amma mümkün olmadığına görə müəyyən adamların yaradılması ilə rayon strukturları – polis şöbəsi, raykom, rabitənin alınmasına cəhd göstərdilər. O zaman çox pis bir vəziyyət idi. Mən, İltifat və Akif müəllim də bu məsələyə qoşulduq ki, görək nə olur. Amma müəyyən tələblər qoydular ortaya ki, Dağlıq Qarabağda Azərbaycanın bayrağı endirilib, hakimiyyəti ermənilər ələ götürüb. Cəbhəçilər olaraq burda hakimiyyəti götürdük ələ bu şərtlə ki, Dağlıq Qarabağda Azərbaycanın bayrağı qaldırılsın, biz də burada hakimiyyəti təhvil verək. Bu proses getməyə başladı. Sonra müxtəlif adamlar – Artur Rəsulzadə, Miri Cavadzadə, General Çernoven və s. deputatlarımız var idi. O və Qafqaz Hərbi Donanmasının generalı və s.  müşavirə keçirməyə gəldilər. Söhbətlər apardıq. Burada əks-qüvvələr rus dilli əhaliyə hücumlar edirdi. Şəxsən mən özüm onlarla görüşlər keçirdim. Əlbəttə bu işlər bəhanə idi ki, rus qoşunları Lənkərana girə bilsin. 25-i yanvardan xüsusi təyinatlı uzun saçlı və saqqallı dəstələr gətirildi. Biz onlarla danışıqlara getdik. Protokol imzaladıq ki, qoşun şəhərə girməsin. Onların da tələbi də bu idi ki, polis şöbəsindən götürülmüş silahlar təhvil verilsin. Silahlar da yalnız ov tüfəngləri və tirlər idi. Onlar da heç atmırdı. O silahlar da Haftoni qəsəbəsinə çəkilmiş Əlikram Hümbətovun rəhbərlik etdiyi dəstədə idi, bizdə deyildi. Mən Əlikramla söhbət etdim ki, tapşırıq versin ki, silahları təhvil versinlər, yoxsa bəhanə edib şəhərə girəcəklər. O, qəbul etmədi. Valideynlər gəlib bizdən övladlarını tələb edirdilər. Ona dedim ki, tapşırıq ver uşaqlar evlərinə dönsünlər. Amma mümkün olmadı. Biz çıxıb geri gəldik onlar meşəyə çəkildilər. Sonra məlumat gəldi ki, meşədə atışma olub, ölən və yaralananlar var. 58 nəfər əsir götürülüb.

      Sual: Sizcə 20 yanvar hadisələri necə təbliğ olunmalıdır: matəm kimi və ya qəhrəmanlıq səhifəsi kimi?

      Cavab: Bilirsinizmi, bunun təbliğ olunması milli mentolitetimizdən çox asılıdır. Burada həm matəm var, həm də qəhrəmanlıq. Yəni bunları bir-birindən ayırmaq olmaz. Ailə üzvünü itirmiş insan üçün matəmdir – faciədir, həm də hamımız üçün qüvvə mənbəyidir. Fəxrdir ki, övladlarımız bu yolda şəhid olublar. O yol ki, bizə azadlıq , istiqlaliyyət gətirdi. Amma eyni zamanda itki vermiş ailələr var ki, atasını itirib və kim onlara atalıq edəcək?! Nişanlı oğlanlar var idi ki, nişanlısı qaldı; körpəsi olanlar var idi ki, özgə ümidinə qaldı. Bu hadisəni nə sırf faciə, nə də sırf qəhrəmanlıq hesab etmək olmaz – burada həm müsibət var, həm fəxarət!

    Sual: bu hadisələrin beynəlxalq müstəvidə tarixi, siyasi və hüquqi qiymət tapmamasının səbəbi nədir?

    Cavab: Zaman keçməsinə baxmayaraq, aparılan təbliğat öz işini görür. Mən 20 il ərzində ilk dəfədir ki, müsahibə verirəm. Amma bəzən elə adamlar televiziyaya çıxıb çıxışlar edirlər ki, adam məəttəl qalır. Hansı ki, onların o hadisələr haqqında heç bir təsəvvürü yoxdur, heç bilmir ki, harada nə vaxt nə baş verib, kim-kim olub, nə iş görüb? Elə yana-yana danışır ki, hansı ki, o zaman tində qalıb tamaşa edib. Bu yaxınlarda “ Şəhidlər Xiyabanı ” mızı təmir etdilər. O hadisələr dövründə mən də şəhid ola bilərdim, çünki mən də iştirakçı idim. Çox qəribədir! O şəhidlərin qəbri üstünə gül qoyub rəhmət oxuyurlar, həmin hadisənin iştirakçılarına isə lənət oxuyurlar. Bu absurd bir vəziyyətdir. Axı bu adam mənim rəhbərliyim altında fəaliyyət göstərib. Necə olur ki, o, öldüyünə görə ona rəhmət göndərirlər, amma mən sağ qaldığıma görə günahkaram?! Bunu bu şəkildə necə beynəlxalq aləmdə tanıtdırmaq olar? Mən həbs olunmuşam, didərgin düşmüşəm, yuxusuz qalmışam. Nə qədər ki, baş vermiş hadisələrə öz aramızda qiymət verilməyib, özümüzdə düzgün münasibət yoxdursa beynəlxalq aləmin Azərbaycanda nə baş verdiyi nə vecinə? Mən hər dəfə Lənkəran Şəhidlər Xiyabanına ürək ağrısı ilə gedirəm, çünki mən onların hamısını tanıyıram. Əgər biz bu hadisəni olduğu kimi tanımasaq, əlbəttə beynəlxalq müstəvidə də tanımayacaqlar.

    Sual: Sizcə xalqımızın bu faciəni unutması mümkündürmü?

    Cavab: Mən əvvəla xalqımıza və şəhid verən bütün ailələrə baş sağlığı verirəm. Bu bir ümumxalq hüznüdür. Mən elə bilirəm ki, bu hadisəni unutmaq mümkün deyil. Nə qədər ki, o şəhid ailələri mövcuddur, nə qədər ki, o şəhidlərin övladları sağdır, nə qədər ki, Azərbaycan var – heç kəsə bu hadisəni unutdurmaq mümkün olmayacaq. 1918-ci ildə edilən qırğınları Sovet dağüstü park yaradaraq yaddaşımızdan çıxarmağa çalışırdı, nəsillər sürgün etdilər, həbslər, didərginlər olundu, bu barədə danışan dilləri kəsdilər, amma şükürlər olsun Allaha ki, bu deyilənlər Müstəqil  Azərbaycanda yoxdur. Bu hadisə bizim qan yaddaşımızda əbədi qalacaq. Bütün münaqişələr də sülh yolu ilə bitməlidir!

     “Zeka.az” saytının qonağı olduğunuz üçün sizə minnətdarlığımızı bildiririk.

Müsahibəni apardı Ramin Əkbərli

             





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.