Müsahibimiz İlahiyyatçı – Hacı Elman Ağayevdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz İlahiyyatçı – Hacı Elman Ağayevdir
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz İlahiyyatçı – Hacı Elman Ağayevdir

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz İlahiyyatçı – Hacı Elman Ağayevdir
 
 
Müəllif: Elirza | 26 Fevral 2010 | 13262 dəfə oxunub
http://zeka.az/347-mgsahibimiz-dlahiyyatgd-v-hacd-elman-adayevdir.html

Müsahibimiz İlahiyyatçı – Hacı Elman Ağayevdir

Müsahibimiz Hacı Elman Ağayev 1979-cu ildə Lənkəranda anadan olmuş, ilk təhsilini şəhər 2 saylı orta məktəbdə və dini təhsilini isə Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetində almışdır. Evlidir bir oğlu var.

İlk öncə müsahibəmizdə iştirak etdiyinizə görə sizə Zeka.az saytının həmkarları adından təşəkkür edirik.

1)  Bu günlər imamət səmasının on birinci ulduzu İmam Həsən Əskəri (ə)-n şəhadəti və 26 fevral xalqımızın qan yaddaşı olan unudulmaz Xocalı faciəsi günüdür. Bu iki faciə haqqında məlumat verərdiniz?

 Sualınıza cavab verməzdən öncə Zeka.az saytının həmkarlarına, bu saytda xidmət göstərən, saytın ərsəyə gəlməsində və bu gün də fəaliyyət göstərməsində zəhmət çəkən qardaşlara öz təşəkkürümü bildirirəm və inşaallah Allah-Taala bizim Azərbaycanda belə saytların sayını gündən-günə artırsın.

Amma qaldı ki, sualın cavabına – doğrudan da İmam Həsən Əsgəri (ə)-ın şəhadəti biz müsəlmanların, Peyğəmbər (s) əhli-beytini sevənlərin ən acılı günlərindən biridir, vəzifəmiz bu günləri qeyd etməkdir. Elə onların özlərinin bizlərə buyurduğu kimi : “ Bizim şad günlərimizdə şadlanın və qəmli günlərimizdə qəmlənin! ”  Bu günki gün də qəmləndiyimiz günlərdəndir və İmam Həsən Əskəri (ə)-n həyatına nəzər saldıqda o imamın çox cavan yaşında şəhadətə çatması onu göstərir ki, dünyada indiki vəziyyət keçmiş dövrlərdə də olub, həmişə ədalətdən, haqdan, düzgünlükdən danışıb zülmə qarşı çıxanların aqibəti heç də bizim istədiyimiz kimi olmayıb. Tez həmin nuru söndürüblər. Bu gün də həmin nurlardan birinin sönən günüdür. Ümidvarıq hamımız İmam Həsən Əsgəri (ə)-ın şəhadətində o imamın mübarək vücudundan olmasa da,  bu gün ondan bizə qalan mübarək nurani kəlamlarından, qoyduğu yoldan düzgün istifadə edək. Qaldı ki, Xocalı məsələsinə - Xocalı məsələsi də bütün Azərbaycanda, həmçinin Azərbaycanın hüdudlarından kənarda insan haqlarından danışanlar, yanında balaca bir uşağa sillə vurulanda, yanında hər hansı bir qadının başına qışqırıb saçlarını dartanda və bu kimi sair pis əməlləri görəndə narahat olur, qəlbləri kövrəlir onların da bu hadisəyə heç olmasa narahat olub kövrəlməsi və qəmlənməsi lazımdır. Xocalı məsələsi bütün Azərbaycan xalqının bir başa heysiyyətinə, bir başa onların  vicdanına toxunan ən ağır məsələlərdəndir. Xocalı məsələsinə bütün Azərbaycan xalqı və bütün dünya həqiqi qiymət verməlidir. Çox təəssüflər olsun ki, bu günə qədər Xocalı məsələsində istədiyimiz hədəflərə nail ola bilməmişik. Ən azı istədiyimiz bu gün Xocalı səsinin dünyaya çatdırılması, orda olan insanların zülmə məruz qalmasının dünya tərəfindən qəbul edilməsi məsələsidir ki, bu gün hələ də layiqincə yerinə yetirməmişik.

 2) Bildiyimiz kimi Xocalı hadisəsi dünyada misli görünməyən faciədir, sizcə xalqımıza olunan zülmü biz dünyaya tanıtdıra bilmişikmi?

 Bəli siz görürsünüz ki, dünyanın özündə elə sadə günlər qeyd olunur ki, adam təəccüb edir. Hərdən telekanallarda, yaxud qəzetlərdə görürsən ki, bir neçə min nəfərdən ibarət cəmiyyət yığışıb dünyada ən məşhur bir heyvanın anılması gününü qeyd edirlər. Məsələn, Rusiyanın özündə ilk dəfə kosmosa gedən itin anma mərasimini keçirirlər. Amma çox təəssüflər olsun ki, bu gün bu qədər insanların amansızcasına öldürülməsinə baxmayaraq,  onları anma mərasimi keçirilmir. Hətta keçmiş SSRİ illərində iti ilk dəfə Qaqarindən qabaq kosmosa göndərəndə Avropada və dünyada insan hüquqlarından dəm vuranlar bir itin haqqının pozulmasından, itin Yer kürəsindəki sabit asayişinin, yaşayışının pozulub səmada parçalanmasına etiraz etmişdilər ki, bu itin yaşayış haqqını pozmaq olmaz. Amma çox təəssüflər olsun ki, 26 fevral günü Xocalıda və bu günün özündə,yəni bir neçə gün əvvəl əsgər öz yerindən gedib su götürəndə düşmən tərəfindən snayper gülləsinə tuş gəlirsə, yaxud da gündə dəfələrlə ermənilərin atəşkəsi pozub hər gün bir neçə əsgərimizi evlərinə şəhid yola salınmasını eşidiriksə, həmçinin dünyanın hər yerində Fələstində, İraqda, Əfqanıstanda axan qanları, xüsusilə də müsəlmanları biz nəzərə almırıq. Bir insanın haqqının pozulmasından danışanda belə üstündən vaz keçilməsini gördükdə başa düşürük ki, bu gün dünyada insan haqlarından danışanlar bunlara düzgün diqqət vermirlər. Bizim də tələbimiz bundan ibarətdir ki, hal-hazırda dünyada Xocalı məsələsi düzgün tanınsın. Mən bu məsələni iki başlı qoymaq istəyirəm. Məsələnin bir tərəfi xaricdə müəyyən olan Azərbaycan xalqının düşmənlərinin burda soyuq mövqe tutmasıdırsa bizim özümüzün də müəyyən naqisliyimiz var. O da nədən ibarətdir? Məsələn baxın, bizim Xocalı haqqında neçə internet saytımız var, bizim Qarabağ haqqında neçə internet saytımız var? Sonra deyirik ki, erməni lobbisi güclüdür. Mən internet saytlarını gəzəndə diqqət etdim ki, ermənilərin Xocalı qırğınını Azərbaycanın yox, sanki Azərbaycan əsgərlərinin Qarabağda yaşayan ermənilərin başına gətirdiyi kimi təqdim edirlər. Baxın internet saytlarına, mən bunların bir neçə dəfə şahidi olmuşam. Bizim başımıza gətirdikləri Xocalı müsibətini öz başlarına gətirilən müsibət kimi təqdim edirlər. Necə ki, tarixçilərin bəziləri iddia edirlər ki, erməni soyqırımında bu qədər erməni qırılmayıb, bu rəqəm şişirdilib, eləcə də Xocalı məsələsini onlar öz adlarına çıxarıblar. Niyə başımıza gələn bu hadisəni özümüz təbliğ edə bilməyək, amma onlar bunu öz başlarına gələn hadisə kimi göstərirlər. Əlbəttə hərdəm eşidirik hansısa avropa ölkələrində, məsələn bu yaxınlarda Çexiyada küçələrin birinə Xocalı adının verilməsi, yaxud da filan yerdə Xocalı haqqında tədbir keçirilməsi, hər il Azərbaycandan xaricdə yaşayan diaspor və səfirliklər tərəfindən Xocalıda olan qırğınların şəkillərinin təqdimatı, Çingiz Mustafayevin çəkdiyi kadrlardan müəyyən fraqmentlərin vurulması və s. bunlar bəyənilən haldır, bunları danmırıq. Amma bununla kifayətlənmək olmaz. Bu gün ermənilər görün haçan baş verən hadisəni –100 il bundan qabaq Osmanlı imperiyası ilə baş verən hadisəni hansı müstəviyə çıxarıblar, Avropa səviyyəsinə, Amerika səviyyəsinə, hətta Amerika senatına və Türkiyə kimi hegemon dövlətə hədə-qorxu gəlirlər. Amma biz 18 il bundan qabaq baş vermiş bir hadisəni layiqincə çatdıra bilməmişik. Əgər burada pul rol oynayırsa gərək etiraf edək ki, ermənilər pul məsələsində bizimkilər qədər güclü deyillər. Yox əgər ermənilərin qədim, güclü sivil tarixi bir dövlətə malik olması məsələsidirsə Azərbaycanla bir zaman müstəqil olublar. Ermənistanın tarixi ümumiyyətlə, Azərbaycansız təsəvvür oluna bilməz. Çünki Ermənistan adlı qondarma bir respublika Azərbaycanın öz torpaqları üzərində yaradıldı. Deməli, bizim burda Xocalı hadisəsinə düzgün qiymət verilməməsinə dair öz vəzifəmiz , öz boynumuza düşən işlərimiz və iddialarımız var ki, onları da gərək nəzərə alaq. Ümidvarıq ki, düzgün qiymət verilə bilər.

 3) Artıq Xocalı hadisəsindən 18 il keçib, bu zaman müddətində biz gənclərimizə milli-mənəviyyatımızı  və qeyrəti aşılaya bilmişikmi?

 Baxmayaraq ki, Xocalı tarixi hadisədir və xalqımızın tarix yaddaşına yazılıb, uşaqdan böyüyə qədər hamımız, xüsusilə cavanlarımız buna diqqətlə yanaşmalıdır. Təkcə orta məktəb dərsliklərinə salınmış Xocalının 26 fevralda deyil, daim yada salınması lazımdır. Hər bir təbəqə - şair öz şeri ilə, tarixçi öz tarixi bilgiləri ilə, ruhani, yəni İlahiyyatçı dini və şəhidlik baxımından və s.  televizorda tez-tez Xocalıya aid hazırlanmış verilişlərlə,  mətbuatda bu haqda məqalələrin hazırlanması ilə, xaricdə yaşayan azərbaycanlıların yaşadıqları məhəllədə  və yaşadıqları hər ölkədəki insanları məlumatlandırmaları ilə bu faciəni təbliğ etməlidir. Hamı bacardığı dərəcədə Xocalı məsələsində gərək öz gücünü işə salsın. Gəlin biz bu gün etiraf edək ki, cavanlarımızın futbolçuların adını əzbər bilməsi, yaxud da ki, balaca-balaca uşaqların Azərbaycanda olan şou biznes və şou verlişlərin müğənnilərinin – hansı ki, onlarla çox tanınmışıq, adlarını əzbər bilməsi çox təəssüf edici bir haldır. Lazım olmayan bir şeyin uşağın əzbər bilməsini və ya öyrənməsini evdə ona atası demir. Ata ona demir ki, sən evdə otur filan futbolçunun adını əzbərlə, bir azdan səndən on futbolçunun adını soruşacağam. Yaxud da ana ona demir ki, bax televizora səndən on müğənninin adın soruşacağam. Nəyin nəticəsidir? Bu gün uşaq televizoru açır həmin verlişlərdir, radioya qulaq asır həmin verlişlərdir, çölə gedir, hətta lazım olsa bir saqqız əgər alacaqsa o saqqızın içindən çıxan şəkillər ya futbolçunun, ya da müğənninin şəkilləridir. Orta məktəbə də getsə, divarda plakatda, hətta təqvimlərdə belə vurulan onların şəklidir. Baxın hal-hazırda bazarımıza gedək, müəyyən mağazaya girək, dəftər ləvazimatı satılan yerlərə girək və görək neçə təqvimdən biri Qarabağ qəhrəmanları, Xocalıda can vermiş o məzlum insanların şəklini əks etdirir. Amma nə qədər desən futbolçuların adına kalendar var. Nə qədər desən şou biznesdə olan və xalqımızın mənəviyyatına, milli-mənəvi dəyərlərinə uyğun gəlməyən çılpaq, lüt qadın şəkilləri var. Birinci Allah Taalanın müqablində, ikinci də ki, cəmiyyətimizin müqabilində məsuliyyətlə deyirəm: Bu gün bizim bazarımızda milli qəhrəmanlarımızın adına neçə kalendar tapa bilərik? Bu gün bizim cavanlarımızın qabağını alıb sual verək ki, kim milli qəhrəmanlarımızın adını bilir ? Bəlkə də heç biri bilməz. Amma uşaqlarımız futbolçuların adlarını əzbər bilir. Təbliğatın nəticəsidir. Təbliğat deyəndə əlbəttə ki, biz hamısını nəzərə almırıq, burda təbliğatda mühüm rol daşıyanlar mətbuat, mediya və ikinci növbədə hər kəsdir. Yəni öz ətrafında olan ailədirsə ailədən, məktəbdirsə müəllimdən, idarədirsə müdirdən – hamısından asılıdır ki, cavanlarımıza Xocalı ruhiyyəsini aşılasınlar. Bu  cür təbliğat torpaqlarımızın azad olunmasında və şəhidlərimizin yaddan çıxarılmamasında bir sıra rol oynaya bilərlər.

 4) Peyğəmbər (s) və onun pak əhli beyti sayılan məsumlarımız kamil insan nümunələridirlər. Onlardan biri olan İmam Həsən Əskəri (ə)-n hansı xüsusiyyətlərini gənclərimizə tövsiyə edərdiniz?

 Bu suala cavab vermək üçün gərək və gərək bütün İmamlarımızın həyatını əhatə edən o qədər tarixləri, onların yaşayış tərzini, onların yaşadığı həyatı formalaşdıran bütün amilləri bilək. Bu sual dərinlik istəyir,  dərin danışmaq istəmirəm, sadəcə onu demək istəyirəm ki, bu gün dinimizin kamil bir din olduğu və bu dini bizə çatdıran insanların kamil bir insan olduğu haqqında şəkk- şübhəmiz yoxdur. Cavanlarımıza da, ümumi xalqımıza da tövsiyəmiz – birinci növbədə özümüzə çatdırmaq istədiyimiz, sonra başqalarına demək istədiyimiz nöqtə bundan ibarətdir ki, biz heç vaxt özümüzün insan olduğumuzu, məsuliyyət daşıdığımızı, ətrafımızda baş verən hadisələr haqqında sorğu-suala söykəndiyimizi yaddan çıxarmamalıyıq. Yəni buna imamlarımızın dili ilə desək, Peyğəmbərimiz (s) buyurduğu kimi: Səhəri açmış hər bir müsəlmanın ki,  səhərdən axşamacan bir müsəlmana xeyri keçməyə, bir müsəlmanın dərdinə yanmaya, bir zülm görmüş məzlum müsəlmanı zülmdən xilas edə bildiyi halda bu addımı atmaya o məsuliyyət daşıyır. Bunlar  bir müsəlmanlıq, bəzi yerlərdə, hətta bir insanlıq borcu kimi bizə tapşırılıb.  Biz İmam Həsən Əskəri (ə)-n və ondan qabaq olan İmamlarımızın həyatlarına baxır və min bir açıqlıqla görürük ki, İmamlarımız bəzən öz sözlərində bizi hətta daha  geniş fikirləşməyə vadar edirlər. Misal üçün Allahın yer üzərində yaratdığı ən üstün bir varlıq , bu günki ədəbi terminlə desək “ Təbiətin şah əsəri ” olan insanın, yəni bu şah əsərindən danışanda gərək şahla davranırmış kimi davranasan. İnsan olduğumuzu və insandan olduğumuzu yaddan çıxarmayaq. Əgər belə olarsa həqiqi bir insan kimi insanlıq xüsusiyyətlərinə, müsəlman xüsusiyyətlərinə yiyələnib, İslamın tapşırdığı şəkildə yaşasaq əlbəttə ki, torpaqlarımız da azad olar, cəmiyyətimizdə də mənəvi- maddi vəziyyətlər düzələr  və dünya və axirət problərimizin hamısı həll olar.

 Sonda mən də bu müsahibəni apardığınıza görə və saytda zəhmət göstərənlərə təşəkkürümü bildirirəm. Ümidvaram saytınız inşaallah tutduğu yolda müvəffəq olsun. 

Müsahibəni apardı: Ceyhun Məmmədov 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.