Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
 
 » Abbasqulu Ağa Bakıxanov (Qüdsi)

     
 
---: Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
 
 
Müəllif: Admin | 15 Avqust 2009 | 19196 dəfə oxunub
http://zeka.az/39-abbasqulu-a287a-bak305xanov-q252dsi.html

 

alt

 

Ən qədim insan məskənlərindən sayılan Azərbaycan torpağı böyük alim və şəxsiyyətlər yetişdirmişdir. Bu ölkə İslamdan sonra da bəşəriyyətə görkəmli mütəfəkkirlər, elm və din xadimləri təqdim etmiş, onlar da öz növbəsində İslam dünyasına misilsiz xidmətlər göstərmişlər. Bunlardan Əbdurrəşid Salih Bakuyi, Seyyid Yəhya Bakuyi, Şeyx Ramazan Təbib Lənkəran, Hinduşah Naxçıvan, Fazil İrəvani, Mirzə Ləli İrəvani, Əbussəlam Axundzadə Səlyani, Fazil Dərbəndi, Mirzə İsmayıl Qasir, Mirzə Əhməd Lənkərani, Mücirəddin Beyləqani, Bədr Şirvani, Bahar Şirvani, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Hacı Zeynəlabidin Şirvani, Abbasqulu ağa Bakıxanov və başqalarının adlarını da çəkmək olar.

Biz bu məqalədə Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının ictimai-mədəni fikir tarixində ensiklopedik şəxs kimi məşhur olan və XIX əsrin birinci yarısında yaşayıb yaradan İslamşünas Abbasqulu ağa Bakıxanov haqqında danışacağıq. Milli ədəbiyyatda maarifçilik ideyalarının yaranması müəyyən mənada onun adı ilə bağlıdır. Abbasqulu ağa Bakıxanovun yazdığı əsərlərdən göründüyü kimi o, İlahiyyat və İslam elmlərinə, o cümlədən məntiq, fəlsəfə, astronomiya, coğrafiya, həmçinin ərəb, fars, rus və ana dili – Azərbaycan dilinə dərindən bələd olmuşdur. Bundan əlavə o, bir çox vilayətlərə səfər etdiyinə görə səyahətçi kimi də tanınmışdır. Bakıxanovun İslama xüsusi məhəbbəti olmuş və bu məhəbbət onun yazdığı şer və mərsiyyələrdən aydınca görünmüşdür. O, Əhli-Beyt (ə) aşiqlərindən və davamçılarından olmuşdur.

Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakı yaxınlığındakı Xilə (indiki Əmircan) kəndində anadan olmuş Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Bu böyük alimin ədəbi təxəllüsü Qüdsi olmuşdur. Bakıxanov ərəb ədəbiyyatını, habelə İslam elmlərini Bakı və başqa şəhər alimlərindən öyrənmişdir. O, 1819-cu ilin dekabr ayında Qafqazın baş hakimi general A. F. Yermolovun idarəsində Şərq dilləri üzrə mütərcim vəzifəsinə qəbul olunur. Qafqazın inzibati və mədəni mərkəzi – böyük və gözəl şəhər olan Tiflisin gənc alim və yazıçının fikri inkişafinda ciddi rolu olmuşdur. Bir tərəfdən də burada o, dövlət idarələrində və ordu hissələrində Rusiyanın dövlət başçıları, dünya mədəniyyəti, Avropa və rus ədəbiyyatı, həmçinin bir sıra qabaqcıl fikirli ziyalılarla tanış olmuşdur.

Tiflisdə rəsmi dövlət qulluğunda çalışdığı illərdə A. Bakıxanov Rusiyanin İran və Türkiyə ilə apardığı diplomatik siyasi danışıqlarında iştirak etmişdir. Qulluğu ilə əlaqədar olaraq o, tez-tez İrana və Türkiyəyə gedərək bu dövlətlərin siyasi dövlət xadimlərilə görüşüb danışmışdır. Qafqaz ordu qərargahının baş rəisi qraf Paskeviç və bu illərdə Zaqafqaziyada xarici işlər məmuru vəzifəsində çalışan A. S. Griboyedov öz xatirat və hökumət dairələrinə təqdim etdikləri təliqələrində A. Bakıxanovu bacarıqlı bir diplomat və fəal bir dövlət xadimi kimi qiymətləndirir. 1827-ci ildə Naxçıvan və İrəvan xanlıqları rus qoşunları tərəfindən alındıqdan sonra Paskeviç tərəfindən danışıq aparmaq üçün Abbas Mirzənin yanına göndərilən heyətdə A. Bakıxanov da var idi.

1828-ci ildə A. S. Qriboyedovun təşəbbüsü ilə “Tiflisskiye vedomosti” qəzeti Tiflisdə nəşrə başladı. ”Tiflisskiye vedomosti” qəzeti çar hökumətinin rəsmi orqanı olsa da Zaqafqaziya xalqlarının mənafeyinə xidmət edən mütərəqqi bir qəzetə çevrilmişdir. Hətta görkəmli rus şairi A. S. Puşkin bu qəzetə böyük qiymət vermişdir. Qəzet o zamanlar Tiflisdə yaşayıb rusca savad alan Azərbaycan ziyalılarını rus mədəniyyəti ilə tanış etməkdə mühüm rol oynamışdır. ”Tiflisskiye vedomosti” qəzetinə əlavə olaraq həftədə bir dəfə “Tatarskiye vedomosti” adlı bir vərəqə 1832-ci ilin yanvar ayından çıxmağa başladı. Vərəqin çıxmasında və hazırlanmasında A. Bakıxanov fəal iştirak edirdi.

A. Bakıxanov görkəmli bir alim kimi hələ 1829-cu illərdə müasirlərinin diqqətini özünə cəlb etmişdi. ”Tiflisskiye vedomosti” qəzetinin bir nömrəsində onun haqqında: ”Abbasqulu bu yerli ölkənin ən görkəmli simasıdır” - sözləri yazılmışdır.

Bakıxanov hərbi sahədə yüksək məlumatlar əldə etmiş, hətta rus ordusunda general rütbəsinədək yüksəlmişdir.  

O, 1835-ci ildə istefaya çıxmış və Tiflisdən Qubaya köçərək atasının malikanəsində yaşamışdır.

1841-ci ildən sonra A. Bakıxanov “Gülüstani İrəm” əsərinin rus dilinə tərcümə və nəşri ilə əlaqədar olaraq tez-tez Tiflisə gedir. O, Tiflisdə Mirzə Şəfi Vazeh, Bodenştedt və başqaları ilə görüşüb tanış olur. A. Bakıxanov Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani-hikmət” ədəbi məclisində iştirak edir və öz mənalı çıxışları ilə müasirlərinə təsir edirdi.

Bakıxanov 1847-ci ildə Türkiyəyə səfər edib, ordan da Həccə (Səudiyyə Ərəbistanının Məkkə şəhəri-Kəbəyə) gedir. Nəhayət, o, Məkkə və Mədinə arasında “Vadii Fatimə” adlı yerdə vəfat etmişdir.

Artıq qeyd etdik ki, Bakıxanov öz əsərlərini Azərbaycan, rus, ərəb və fars  yazmışdır. Burada həmin əsərlərin bir neçəsi haqqında qısa məlumat veririk:     

“Gülüstani-irəm“: Bu kitabdakı məlumatlar Dağıstan tarixinin qədim zamanlardan 1813-cü ilədək olan dövrünü əhatə edib, həmin ölkə sakinlərinin din, dil və məzhəbləri barəsində, həmçinin Şirvanşahlar, Albaniya, Babək hərəkatı və Azərbaycan xalqı haqqında xəbər verir. Bakıxanov bu əsəri fars dilində yazdıqdan sonra onu rus dilinə də tərcümə etmişdir. Adı çəkilən əsər ilk dəfə 1920-ci ildə rusca və 1951-ci ildə Azərbaycan dilində çap olunmuşdur.

 “Riyazül-qüds”: 14 məsuma və Əhli-Beytə (yəni peyğəmbər Muhəmməd (s) və onların 11 övladına həsr edilmiş bu əsər Kərbəla faciəsinə aid Məhəmməd Füzulinin “həduqətus-süəda” adlı Azərbaycan dilində yazılmış əsərinə nəzirədir.

“Təhzibul-əxlaq”: Bu kitab yunan, İslam və Avropa müəlliflərinin əsərlərindən istifadə edilməklə əxlaq haqqında yazılmış risalədir.

“Kitabi nəsayeh ya nəsihətnamə”: Bu kitab 1827-ci ildə uşaqlar üçün yazılmışdır. Dili çox sadə və Azərbaycan türkcəsindədir.

“Eynul-mizan”: Bu kitab ərəbcə məntiq barəsində yazılmış əsərdir.

“Mişkatul-ənvar”: Bu kitab fars dilində əxlaq haqqında yazılmış mənzum hekayələrdən ibarətdir. Bakıxanov həmin əsərlərində İslam dininin əsas hökmlərini müdafiə etmişdir.

“Kəşful-qəraib”: Fars dilində yazılmış bu əsər Amerikanın kəşf edilməsinə və onun coğrafi təsfirinə həsr edilmişdir.

  “Ümumi coğrafiya”: Bakıxanov bu əsərində coğrafiya haqında ümumi və geniş məlumat verir.

“Miratul-camal”: Bu kitab Bakıxanovun farsca şerlər məcmuəsidir.

“Qanuni-qüdsi”: Bakıxanov bu kitabda fars dilinin ədəbi qayda-qanunları və bu dilin qrammatikası haqqında məlumat verir.

“Kitabi-Əsgəriyyə”: Bu kitab Quba əhalisindən olan dəmirçi oğlu Əsgər adlı bir gəncin hekayəsidir. Kitab azəri türkcəsində olan nəsr əsəridir. Bakıxanovun bu hekayəsi 1974-ci ildə Təbriz milli kitabxanasında tapılmışdır.

“Divan”: Bakıxanov bu divanı Azərbaycan, ərəb və fars dillərindədir. Bu əsər də 1974-cü ildə Təbriz milli kitabxanasında tapılmışdır.

 

Ey qüdsi, gözəldir öz məskənin,

Hər bir yerdən xoşdur sənin vətənin.

 

 “Bismillah” rədifli müxəmməsdən olan bu beyt Bakıxanovun öz şerlərində Qüdsi ləqəbini götürməsini və eləcə də doğma vətəni olan Azərbaycana dərin məhəbbətini çatdırır. Bu görkəmli şəxsin yazdığı mərsiyələrdən aydın olur ki, o Əhli-Beyt məktəbinin sadiq ardıcıllarından biri olmuşdur. O, mərsiyələrində İmam Hüseyn (ə) və onun qardaşı həzrət Abbas (ə), İmamın övladları Əli Əkbər və Əli Əsgərin son dərəcə faciəli olan Kərbəla müsibətindən söhbət açıb onların şəhadətini təsvir edir. Yaxşı olardı ki, Bakıxanovun əsərlərində Peyğəmbər (s) ailəsinə düşmənlər tərəfindən edilən zülmləri əks etdirən mərsiyə və növhələrindən bir neçə nümünəni hörmətli oxuculara təqdim edək:

                           

Kərbala saxlaginən nəşi-Əli Əkbərimi

Verirəm, çünki əmanət gülpeykərimi                                                                                               

 

Dilə, əzm eylə sən bülbül sifət gülzarə,                                                                                                                                                                                                         

Bismillah.

Muradın olsa, meyl etmək fəğanu zarə,

Bismillah.   

Gər istərsən müdam olmaq cigər sədparə,

Bismillah.

Qərəz fikrin tamaşadır əgər dildarə,

Bismillah.

Nəzər ləli ləbi canbəxşu rüxi-gülnarə,

Bismillah.

 

Bakıxanov başqa bir şerində səfər və səyahətin nə dərəcədə faydalı olduğunu açıqlayıb yazır:

 

Səfər sənə tanıdar bu dünyanı,

Öyrədər o sənə elmü ürfanı.

Yadındamı Rum elində, İranda

Bir düşgünlük görmüşdün hər insanda.

 

Yoxdu çün Leyliyi-biçarəyə qəmxari-dəlil,

Atəşin ahilə göz yaşım olur xakə səbil.

Çarəm olsaydı əgər qoymaz idim xaru zəlil,

Sayəban eylər idim nəşə qəra nəçərimi.

 

NÖVHƏ

 

Atəşi-suzi-ətəş tiflimi bitab elədi,

Löləvi-əşkini müşkaninə dürnab elədi

Vermədi Hərmələ su, tir ilə sirab elədi,

Şahi-ləbtəşnə qucağında Əli Əsgərimi

 

Qolların tiqi-cəfa ilə qələm etdi ədu,

Caridur sərvi-səhi-naz ayağından hu,

Verdi can abi-Fərat üstə, vəli içmədi su

Ricətə saxlaginən şiri qəzənfər-fərimi.

 

Tutacaq məhvili-Qüdsidə əza ruhil-əmin,

Olacaq həşrə kimi nohəsəra ruyi-zəmin,

Saldılar ərşi-səfadan yerə çün firqəyi kin,

Zülm ilən şəmsü münirü qəmərü əxtərəmi.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 51
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.