Əqaidin lüğəti və terminoloji mənası » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Əqaidin lüğəti və terminoloji mənası
 
 » Din » Əqidə » Əqaidin lüğəti və terminoloji mənası

     
 
Din » Əqidə: Əqaidin lüğəti və terminoloji mənası
 
 
Müəllif: Zaur | 22 Avqust 2009 | 16543 dəfə oxunub
http://zeka.az/45-399qaidin-l252287601ti-v601-terminoloji-m601nas305.html

Əqaidin lüğətdəki mənası (anlamı) düyünləmək anlamından gələn əqd sözündən törənmiş əqidə sözünün cəmidir. Eyni kökdən törənmiş etiqad kəlməsi isə düyün vurub bağlanmaq, bir şeyə könüldən (qəlbən) inanmaq, o şeyi qəlbən mənimsəmək anlamına gəlir. Beləliklə, əqidə könüldən bağlanılan şey deməkdir.

Terminoloji olaraq əqidə: İslam dinində inanılması və rədd edilməsi lazım olan əsaslara deyilir. Bu əsaslardan bəhs edən elmə isə Əqaid deyilir.

Tanınması lazım olan əsaslar: Allahın varlığına, birliyinə, Qüdrətinin sonsuzluğuna, mələklərinə, kitablarına (vəhyə), peyğəmbərlərinə, məsum imamlarına, Axirət həyatına, qəza və qədərə, Qurani-Kərimdəki əmr və qadağaların hamısına inanmaq deməkdir. Rədd edilməsi gərək olan əsaslar: Küfr, şirk, nifaq, fitnə, hər bir yanlış inancı, düşüncə və həyat şəkilləri və xürafatlardır.

 

Əqaid elminin mövzusu

 

Əqaidin mövzusu İslamda inanılması və rədd edilməsi lazım olan əsaslardır. İslam əqidəsini təşkil edən mövzular – Quranda və səhih (sənədi düzgün) hədislərdə fərqli yozumlar üçün heç bir imkan qoymayacaq şəkildə açıq və kəskin olaraq yer alan hökmlərdir. Məsələn: Allahın varlığı və birliyi, mələklər, kitablar, peyğəmbərlər, məsum imamlar, axirət, küfr, şirk, münafiqlik və s. ilə bağlı Quranda anlamı açıq və kəskin höküm ifadə edən ayətlər əqaid elminin mövzüsudur.

Beləliklə, bütün məxluqatın əşrəfi sayılan insan ilahi məsləhətlə bu dünyaya qədəm basır və bir müddət ömür sürdükdən sonra başqa aləmə köçür. İnsan bu dünya həyatında ixtiyar və təfəkkür sahibidir. Həqiqi səadətə yiyələnib, ölümlə alnıaçıq şəkildə qarşılaşmağa hazır olmalıdır. Buna əsasən hər bir ağıllı şəxsin cavabını aradığı ən əsas məsələlər aşağıdakılardır:

1. Bu dünyanı və insanı yaradan kimdir? Dünyanın ixtiyarı kimin əlindədir?

2. İnsan həyatının sonu haradır və aqibəti necə olacaqdır?

3. Həqiqi kamal və səadətə nail olmağın yolu hansıdır?

Bu sualların cavabı, hər insanın etiqad bəsləməli olduğu məsələləri və üsulid-din adlanan əsasları əhatə edir. İslam dinində üsulid-din aşağıdakılardan ibarətdir:

1. Tövhid.

2. Ədl.

3. Nübüvvət.

4. İmamət.

5. Məad.

Üsulid-din mövzularını müzakirə etməzdən öncə, ”din” sözünün lüğəvi və İslam terminalogiyasındakı mənasını bilmək lazımdır. Dinin ərəb dilində lüğəvi mənası “savab, itaət” deməkdir. İslam terminalogiyasında isə “yaradılış Aləmi və varlıqlar üçün tək Yaradana etiqad bəsləmək”dən ibarətdir. Yaradana etiqad bəsləməyən şəxsə “dinsiz”, bəsləyənə isə “dindar” deyilir. Yaradana etiqad bəsləyənlər arasında batil dinə və səhv əqidəyə malik dəstələr də vardır. Eyni zamanda, bir qrup insanlar da haqq tərəfdarıdırlar. Hər dində onun fikri və əqidəvi əsaslarını təşkil edən prinsiplər vardır ki, onlara üsulid-din (dinin əsasları) deyilir. Üsulid-dindən götürülmüş bəzi hökm və göstərişlər isə füruid-din adlanır.

Üsulid-din bəhslərinə keçməzdən öncə, bütün məxluqatı yaradan Allahın varlığına etiqad məsələsi diqqət mərkəzində olmalıdır. Bu məsələ hər bir şəxsin əql və idrak qüvvəsi ilə həyata keçir. Dünyaya hakim olan nizama, növbənöv məxluqata, insan varlığındakı qəribəliklərə, dəryalara, asimanlara və digər yaranışlara dərindən baxdıqda, əzəmət və qəribəliklərin yaradanı və tənzimləyicisi Allah olduğu aydınlaşır. Çünki hansısa əsəri yazıçısız, binanı bənnasız təsəvvür etmək olmaz. Allah varlığı danılmaz bir həqiqətdir. Bu qədər qəribəliklərlə, sirlərlə dolu olan dünyanı Yaradansız təsəvvür etmək mümkün deyil. Bütün varlıqların yaradanı olan Allah əbədi və əzəli həyata malikdir. O, bütün alimlərin məbududur. Onun hər şeyə qüdrəti çatır.

Beləliklə, İslamın əqidə əsaslərı ilə tanış olun:

 

1. Tövhid

 

Allahın birliyinə etiqad bəsləməkdən ibarətdir. Qəbul etməmək şirk adlanır. Şirk isə Allaha şərik qoşmağa deyilir.

İnsanlar keçmişdə adətən, məxluqatın növbənövlüyünə əsasən, ”çoxallahlıq” fikrinə düşürdülər. İnsanın gözlə görünən məbuda meyl etməsi də şirkdir.

Tövhid sözü lüğətdə Allahı bütün işlər və sahələrdə tək bilməkdən ibarətdir. Üsulid-din bəhslərində də Allah-Taala sifət və iş baxımından təkdir. Onun varlığı çoxsaylı və mürəkkəb deyildir. Bütün işlərdə müstəqildir. Tövhidə dərin etiqadın kökü budur ki, insan yalnız Allahı ibadət və pərəstişə layiq görsün.

 

2. İlahi ədalət.

 

Ədl sözü lüğətdə bərabərlik və bərabər etmək mənalarındadır. Antonimi isə zülm adlanır. Üsulid-din bəhslərində isə ilahi ədalət məfhumu lüğəvi mənasından daha üstün və əhatəlidir. Belə ki, hər şeyi öz yerində qərar vermək, yaxud hər işi layiqli yerinə yetirmək ədldir. Bu məfhum hikmətin sinonimidir. Tərifə əsasən, ədl bərabərlik mənasını ifadə etmir və hamının bərabər yaranması mənasında deyil. Onun mənası ən çox xeyir və kamala malik nizamın yaradılmasıdır, belə ki, heç bir nəzm və yaranışların ondan üstün olmamasıdır. Digər tərəfdən də ilahi ədalət hər bir şeyin, hər bir varlığın istedad və bacarığına uyğunluğunu tələb edir.

Bəhsin xülasəsi budur: İlahi ədalət - Allahın öz sifətlərinə ədalətlə və müdrikcəsinə əməl etməsindən ibarətdir. Allah-Taala zülm etməz və Onun zatında mənasız bir sifət yoxdur.

 

3. Nübüvvət

 

Bəşəriyyət yaranandan Allahın iradəsi belə olmuşdur ki, insanlar ixtiyar qüvvəsilə ilahi rəhmətlərə çatmaq üçün təkamül yolunu qət etsinlər. Allaha itaət və bəndəlik də bu yoldadır. İnsan işləri seçməkdə həmişə iki yol ayrıcında qalmışdır. Onun seçimləri səadət, yaxud bədbəxtliyə səbəb olur. Xoşbəxtliyi bədbəxtlikdən ayırmaq üçün mövzunun bütün tərəflərini tanımaq, hamının ehtiyac duyduğu məsələlərdəndir. Bu yolda insan hiss və əql qüvvəsinə- məhdud şəkildə tanımaq qüdrətinə malikdir. Bu iki vasitə ilə sirlər, qəribəliklərlə dolu dünyada təkamülə çatmaq insan üçün qeyri mümkündür. Cəmiyyətin tərəqqisi, qanunların dəyişməsi, keçmiş elmi nəzəriyyələrin bəzisinin batil olması, yeni nəzəriyyə və formulların yaranmasının hamısı, insanın tanıma vəsitələrinin məhdudluğunu göstərir. O, səadət yolunu bədbəxtlikdən tam ayırmağa qadir deyildir. Buna əsasən Allahın hikməti hiss və əql qüvvəsindən əlavə, kamal və səadət yolunu etibarlı vasitə ilə göstərməyi tələb edir.                                                  Bəşərin təkamül yolu vəhy və peyğəmbərlər vasitəsilə təyin edilir. Nübüvvət İlahi hikmətə əsaslanaraq, bəşəriyyətin səadət yolunu tanımasında olan ehtiyacını ödəyir. İlahi vəhyi insanlara çatdıran peyğəmbərlər məsum- günahsızdırlar. Onlar vəhyi qəbul etməkdə, qorumaqda və insanlara çatdırmaqda tamamilə səhvsizdirlər. Peyğəmbərlərin Allah tərəfindən gətirdikləri vəhy və göstərişləri insanların  həqiqi və fitri ehtiyacları ilə uyğundur.

Allahın sonuncu Peyğəmbəri olan həzrət Məhəmməd (s) bəşəriyyət  səadətinin ən kamil nümünəsini (Quranı) dünyada sərgərdan və avara  qalmış insanlar üçün ərməğan gətirdi. Qurani-Kərim İslam Peyğəmbərinin (s) əbədi möcüzəsidir. Bu kitab insanlara hidayət və xoşbəxtlik yolunu göstərmiş, göstərir və göstərəcəkdir. Eyni zamanda da onlara höccəti tamamlamış, bəhanə yeri qoymamışdır. Bütün insanlar Qiyamət günündə bu höccətin (Quranın) qarşısında cavab verəcəklər.

 

4. İmamət

 

İmamət sözü lüğətdə rəhbər və öndər mənasındadır. İslam terminalogiyasında isə dini və dünyəvi işlərdə İslam cəmiyyətinə dünya miqyaslı (cahanşümul) rəhbərlik və başçılıq etmək mənasını daşıyır. Belə rəhbərlik şəriət tərəfindən aşağıdakı şərtlərlə qəbul olunur:

Birincisi-Allah tərəfindən seçilib təyin edilsin. İkincisi-Allah bəxş etmiş elmə malik olub səhv və xətadan uzaq olsun.

Üçüncüsü-günah etməsin.

İmamət və onun şərtləri mövzusuna davam etməzdən öncə Peyğəmbərdən (s) sonra imamın olması zərurətinə dair məsələləri diqqətinizə çatdırmalıyıq. Nübüvvətin sona yetməsinə, Allah tərəfindən vəhyin gəlmsinə Allah-Taalanın Quranı qorumasına dair verdiyi zəmanətinə baxmayaraq, bir çox hökm və məsələlər  Quran ayələrinin zahirindən ələ gəlmir. Məsələn: namazın rəkətlərinin sayını buna misal gətirmək olar. Buna görə də ayələri təfsir və hökmləri bəyan edən bir şəxsə ehtiyac duyulur. Qurandan əlavə Peyğəmbərin (s) sünnəsi İslamda dinin zəruri məsələlərini düzgün bəyan edən və təkmiledicidir. Lakin Peyğəmbərin (s) yaşadığı dövr ərzində bir çox məsələlər həyata keçmədi ki, Həzrət onlar barəsində Allahın hökmünü bəyan etsin. Digər tərəfdən Peyğəmbərin (s) dəstəmaz alması kimi aşkar məsələlərdə onun vəfatından sonra ixtilaf yarandı, hətta bu barədə səhv hədislər uydurub Peyğəmbərin (s) adına çıxartdılar.

Bu hədislər Peyğəmbər (s) sünnəsi adı ilə İslam cəmiyyətində müzakirə   olunub yayılmağa başladı. Özünü ən kamil və bəşəriyyətə düz yol göstərən bir din kimi təqdim edən İslam, belə şəraitdə Peyğəmbərin (s) vəfatından sonra ixtilafları aradan qaldırmaq, İlahi hökmləri açıqlamaq üçün hansı yolu seçəcək? Müsəlmanlara rəhbərliyi hansı şəxsə tapşıracaqdı? Peyğəmbərin (s) müsəlmanları rəhbərsiz qoymasını, özündən sonra dini qorumaq, hökmləri bəyan etmək üçün bir şəxs təyin etməməsini qəbul etmək olarmı? Allah-Taalanın bütün əmrlərini dəqiq, incəliklə yerinə yetirdiyi halda Peyğəmbər (s) 23 il çəkdiyi əzab-əziyyətlərdən sonra İslam ümmətinə heç bir rəhbər təyin etmədən onları başlı-başına buraxıb bu mühüm məsələyə laqeyd ola bilərdimi? Halbuki, birinci və ikinci xəlifə ölümlərindən əvvəl özləri üçün canişin seçdilər. Bu sualların ən kamil və yaxşı cavabı imamət bəhsidir. İmamət Əhli-beyt ardıcılları əqidəsinə görə üsulid-dinin bir hissəsi sayılır. Bəli, müsəlmanlara rəhbərlik etmək, din və hökmləri qoruyub ilahi əmrləri dəqiq şəkildə insanlar üçün bəyanlamaq bu şərtlərə malik şəxsin öhdəsinə düşür:

1. Allah tərəfindən təyin edilsin.

2. Dinin həqiqətlərini açıqlamaq üçün Allah tərəfindən verilmiş elmə malik olsun.

3. Nəfsani və şeytani vəsvəsələrdən uzaqlıq üçün məsum və günahsız olsun. Qəsdən və bilməyərəkdən təhrifə uğramasın, Peyğəmbərdən (s) sonra bəşəriyyəti təkamül və səadət yoluna hidayət edə bilsin. Əhli-Beyt ardıcılları əqidəsinə əsasən, müsəlmanlara rəhbər olmaq üçün Peyğəmbər (s) vasitəsilə Allah tərəfindən seçilmiş imamlar 12 nəfərdir və bu 12 nəfəri həyatında tam ixtiyar sahibi kimi qəbul etsin. Onlar aşağıda adları  sadalanan  şəxslərdən ibarətdirlər:

1. Əli ibn Əbu Talib (ə)

2. İmam Həsən (ə)

3. İmam Hüseyn (ə)

4. İmam Zeynəl-Abidin (ə)

5. İmam Mühəmməd Baqir (ə)

6. İmam Cəfər Sadiq (ə)

7. İmam Museyi-Kazim (ə)

8. İmam Riza (ə)

9. İmam Muhəmməd Təqi (ə)

10. İmam Əliyyən-Nəqi (ə)

11. İmam Həsən Əskəri (ə)

12. İmam Mehdi Sahib-əz-Zaman (ə.c.)

 

İmamların həyatı ilə tanış olub onları tanımaq, kamil insan nümünəsi kimi həyat tərzləri və əxlaqlarından bəhrələnmək bütün müsəlmanlara vacibdir.

 

                                           5. Məad.

 

Məad sözü lüğətdə “qayıdış” mənasındadır. Əqidəvi məsələlərdə isə məad ölümdən sonrakı həyata etiqad bəsləməkdən ibarətdir. Ölümdən sonrakı aləmdə insanlar etdikləri əməllərə görə sual-cavab olunacaqlar. Cənnət və cəhənnəm insanların öz əməllərinin nəticəsidir. Onlar cənnətdə nemət içərisində yaşayacaq, cəhənnəmdə isə əzaba düçar olacaqlar. Başqa sözlə, dünya əkin yeri, axirət isə məhsul götürmək yeridir. Peyğəmbərlər və imamların buyurduqlarına əməl edib, onların arxasınca gedənlərin məkanı cənnət, onlarla düşmənçilik edənlərin yeri isə cəhənnəmdir və onlar ağır, şiddətli əzablara düçar olacaqlar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.