Böyük Azərbaycan mesenatı və maarifçisi Hacı Zeynalabdin Tağıyev » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Böyük Azərbaycan mesenatı və maarifçisi Hacı Zeynalabdin Tağıyev
 
 » Elm və mədəniyyət » Dahilər » Böyük Azərbaycan mesenatı və maarifçisi Hacı Zeynalabdin Tağıyev

     
 
Elm və mədəniyyət » Dahilər: Böyük Azərbaycan mesenatı və maarifçisi Hacı Zeynalabdin Tağıyev
 
 
Müəllif: Zaur | 15 May 2010 | 19984 dəfə oxunub
http://zeka.az/492-bgygk-azjrbaycan-mesenatd-vj-maarifgisi-hacd-zeynalabdin-taddyev.html

“Anası savadsız olan xalq kordur”

Böyük Azərbaycan mesenatı və maarifçisi Hacı Zeynalabdin Tağıyev

Milli tariximizin XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərinin bütöv bir mərhələsini - milli maarifçilik, milli oyanış və dirçəliş dövrünü təmsil edən, halal zəhməti ilə qazandığı sərvətlə bu prosesləri himayə edən Hacı Zeynalabdin Tağıyev (1838-1924) xalqımızın qan yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış “millət atası” idi.

“Anası savadsız olan xalq kordur” deyən Şərq dünyasının ilk mesenatı H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək türk-İslam aləmində ilk dünyəvi milli qadın təhsili ocağının Azərbaycanda yaradıcısı və banisi kimi də mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaisi, tarixdə iz qoymuş nadir şəxsiyyət idi. Bu böyük maarifçinin ömrünün sonunadək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin, özünün dediyi kimi, “yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər” prinsipi durmuşdu.

Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətə, insanlığa köməkdən, maarif və mədəniyyətin inkişafına, xalqın maariflənməsinə etdiyi yardımlardan mənəvi rahatlıq tapırdı.

Xalqın maariflənməsinə köməyi özünün həyat idealı hesab edən bu böyük mesenat və maarifpərvər ötən əsrin əvvəllərində “Tazə həyat” qəzetində (12.02.1908) çap olunan “Mənim təcrübəmdən” adlı məqaləsində yazırdı:

- ... Xoşbəxtliyimmidir, yoxsa Allahın vergisidir, - deyə bilmərəm nə ilə bağlıyam? Lakin mənim ən çox sevdiyim iş, mənim sənaye işimlə yanaşı, mən belə hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün, mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır. Xalqımın maariflənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən, mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi... tərbiyə (təhsil) ilə bağlıdır...

Hacı Zeynalabdin Tağıyev XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında müstəsna xidmətlər göstərmiş fenomenal şəxsiyyət, ictimai xadim idi. Tariximizin bu mərhələsində elə bir hadisə yox idi ki, orada onun bu və ya başqa şəkildə iştirakı olmamış olsun, dövrün hadisələrini yönləndirən fikir və əməl adamlarına maliyyə dəstəyi göstərməmiş olsun. Sözsüz, H.Z.Tağıyev, hər şeydən əvvəl, sahibkar idi. Azərbaycanda milli sahibkarlığın formalaşmasında, iqtisadiyyatın inkişafında müstəsna xidmətlər göstərmiş, neft sənayesinin, yüngül sənayenin, Bakı şəhərinin infrastrukturunun (Şollar su kəmərinin çəkilişi, konka şəhər nəqliyyatı və s.) təşəkkülünə dəyərli töhfələr vermişdi.

Bunlarla yanaşı, o, Vətənimizdə mesenatlıq-xeyriyyəçilik məktəbinin əsasını qoymuş, böyük maarifçi kimi maarif və mədəniyyətin inkişafı və tərəqqisi naminə misilsiz xidmətlər göstərmiş, Azərbaycan mədəniyyəti tarixinə özünün şərəfli adının ədəbi olaraq həkk olunmasına nail olmuşdu. Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndəsi Haşım bəy Vəzirov ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin türk-İslam dünyasına xidmətlərindən danışarkən “Tazə həyat” qəzetində (10.04.1907) yazırdı:

"Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün etdiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa, bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik...".

Yüz il bundan əvvəl söylənmiş və tarixi həqiqəti əks etdirən bu fikir indi də öz qüvvəsində qalmaqdadır. Tarixi reallıq belədir ki, ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev haqqında kifayət qədər sanballı əsərlər yazılmış, Tağıyev fenomeninin məzmunu və mahiyyəti xalqa çatdırılmışdı. Lakin bolşevik rejiminin Azərbaycana gəlişi, Vətənimizdə 28 Aprel çevrilişi ilə meydana çıxan sovet ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Tağıyev fenomenini də xalqın yaddaşından silmək yolunu tutdu. Sovet dövrü tarixşünaslığında onun adı yasaq edildi, xeyirxah əməlləri başqalarının adına çıxıldı... Sovet rejiminin bütün basqalarına rəğmən, Hacının adını və böyük əməllərini xalqın yaddaşından silmək mümkün olmadı. Onun haqqında tarixi həqiqətlər əfsanə şəklində xalqın yaddaşına köçdü, Hacı əfsanələşdi və yaşadı...

Azərbaycanın müstəqilliyə qovuşması Hacı Zeynalabdin Tağıyev fenomenini yenidən xalqa qaytardı. Son illərdə bu böyük insan haqqında elmi-kütləvi, bədii-publisistik xarakterli dəyərli əsərlər yaransa da, bu görkəmli mesenatın, Şərqin böyük filantropunun bioqrafiyasında öyrənilməli mətləblər kifayət qədər çoxdur...

Ancaq bir həqiqəti etiraf etməliyik ki, Hacı Zeynalabdin Tağıyevin çoxcəhətli sahibkarlıq fəaliyyətində mərkəzi yeri maarifçilik, mesenatlıq, filantropluq, xeyriyyəçilik tutur. Bu yazıda bizim məqsədimiz onun maarifçilik fəaliyyətinin əsas aspektlərinə işıq tutmaqdan, bəzi qaranlıq, dolaşıq mətləbləri ilkin mənbələr əsasında incələməkdən, hələ sağlığında əfsanələşən bu böyük insanın maarif və mədəniyyətimizim tarixində misilsiz rolunu aydınlaşdırmaqdan ibarətdir.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının “İçərişəhər” adlanan qədim hissəsində başmaqçı ailəsində doğulmuşdu. Kasıb ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəyə götürmüş, gərgin əmək, dəmir iradə sayəsində quyu qazdırmış, nəhayət, neft fontanı nəticəsində milyonçuya çevrilmişdi. Başqa milyonçulardan fərqli olaraq, halal zəhmət, alın təri ilə qazandığı sərvətini milləti, onun maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi yolunda sərf etdi, nəticədə xalqın yaddaşında və tarixdə “sərvət və səxavətdə məşhur Hacı” kimi əbədiləşdi.

 

1924-cü il sentyabrın 1-də Bakının Mərdəkan kəndində əbədiyyətə qovuşana kimi kəşməkəşli, uzun, lakin mənalı və şərəfli ömür yaşayan H.Z.Tağıyev son mənzilində də həmişə özünə müəllim, ruhani ata saydığı Axund Əbuturabın ayaqları altında uyumağı hər şeydən uca tutdu. Bununla da insana bilik verənin, savad öyrədənin hamıdan uca məqamda dayandığını, “Mənə bir hərf öyrədənin qulu olaram” fikrini bir daha təsdiqləmiş oldu...

…Bir dəfə rus çarı III Aleksandrın tacqoyma mərasimində iştirak edən Hacını imperatora təqdim edən senator demişdı:

“Vaşe veliçestvo, eto predstavitel dikoqo naroda" (“Zati aliləri, bu, vəhşi xalqın nümayəndəsidir”). Bundan əsəbiləşən Hacı senatora etiraz etmişdi:

- Mı ne dikiye, moy narod ne dikiy, on imeyet boqatuyu, mnoqovekovuyu svoyu istoriyu» (“Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malikdir”).

Ömrü boyu bu təhqiramiz adın xalqın üstündən götürülməsinə çalışan və bütün sərvətini bu yolda xərcləməkdən çəkinməyən H.Z.Tağıyevin oğlu Məhəmmədtağı 1918-ci ilin martında çar Rusiyası tərəfindən azərbaycanlılardan təşkil olunmuş “Dikaya diviziya”da zabit olmuş, ehtiyatsızlıq üzündən açılan güllədən dünyasını dəyişmişdi...

Hacının Bakının Təzəpir Məsçidi yaxınlığındakı malikanəsinin qonşuluğunda yaşayan Həsən bəy Zərdabi ilə tanışlığı, bu tanışlığın əbədi dostluğa, məsləkdaşlığa çevrilməsi faktı da bu böyük mesenatın maarifçilik dünyagörüşünün formalaşmasına böyük təsiri olmamış deyildi...

Hacı həyatı boyu savadsızlığının ağrı-acısını dadmışdı. Ona görə də millət balalarının savadsızlığını, inkişafdan geri qalmasını can-dildən istəmirdi...

Böyük sənaye təşkilatçısı olan H.Z.Tağıyev Azərbaycanda sənaye, kənd təsərrüfatı və ticarətin inkişafına xüsusi əhəmiyyət verirdi. Bu sahələr üzrə mütəxəssis hazırlamaq məqsədilə hələ XIX əsrin 90-cı illərində “Kaspi” qəzetində elan vermişdi ki, 1888-ci ildən fəaliyyət göstərən texniki sənət məktəbinin orta texniki məktəbə çevrilməsi üçün tələb olunan bütün xərcləri ödəməyə hazırdır.

Hələ 1895-ci ildə fəaliyyətə başlamış Mərdəkandakı bağçılıq məktəbi də Hacı tərəfindən təsis edilmiş ilk internat tipli təhsil müəssisəsi idi. Məktəbin bütün xərcləri Hacı tərəfindən ödənilirdi.

Bakı Dumasının qlasnısı (deputatı) kimi, eyni zamanda kommersiya məktəbinin də açılmasını tələb edirdi. Nəhayət, 1900-cü ildə H.Z.Tağıyev Bakıda Kommersiya Məktəbinin binası üçün yer aldı, müsabiqə ilə binanın layihəsi təsdiq edildi, bina tikildi (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin binası) və məktəb açıldı. Hacı bu tikintiyə 50 min manat pul xərclədi və həmin məktəbin fəxri himayəçisi (qəyyumu) oldu.

Hacı eyni zamanda Zaqafqaziyada yeganə olan, 1896-cı ildən Bakı Orta Texniki Məktəbinə çevrilən bu təhsil müəssisəsinin fəxri himayəçisi idi. Məktəbin tikintisinə (hazırkı Azərbaycan Dövlət Neft Akademiyasının köhnə binası) külli miqdarda vəsait xərcləmiş, öz hesabına kimya laboratoriyası açdırmışdı ki, həmin laboratoriya “Həqiqi mülki müşavir Tağıyevin laboratoriyası” kimi tarixə düşmüşdü.

Yeri gəlmişkən deyək ki, 1907-ci ildə H.Z.Tağıyev mesenatlıq, xeyriyyəçilik xidmətlərinə görə sonuncu rus çarı II Nikolayın 25 yanvar 1907-ci il tarixli Fərmanı ilə Həqiqi Mülki Müşavir rütbəsinə layiq görülmüşdü. Bu, kontr-admiral, general və ober-prokuror rütbələrinə bərabər idi. Böyük imtiyazları vardı. Bu münasibətlə “General Tağıyev” marşı da bəstələnmişdi...

Bakı şəhər Duması Bakı Orta Texniki Məktəbin abadlaşdırılmasında xüsusi xidmətlərinə və məktəbin fəxri qəyyumu olduğuna görə Hacının Həqiqi Mülki Müşavirin rəsmi geyim formasında portretini çəkmək və məktəbin akt zalında yerləşdirmək üçün qərar qəbul etmişdi. Bu məqsədlə tanınmış rus rəssamı İosif Brodski Peterburqdan Bakıya dəvət olunmuşdu. 1913-cü ildə həmin portret hazırlanmış və məktəbin iclas zalına qoyulmuşdu. Portretin sifarişçisi şəhər Duması olsa da, rəssamın qonorarı (10 min manat) Hacı tərəfindən ödənilmişdi.

Hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan həmin portret sovet dövründə muzeyin zirzəmisinə atılmış, sonralar rəssam Fərhad Hacıyev tərəfindən bərpa edilmişdi.

Hacı eyni zamanda Bakıda fəaliyyət göstərən rus qadın məktəblərindən olan Mariya Qadın Gimnaziyası binasının (indiki İncəsənət Muzeyi) tikilməsinə çoxlu vəsait xərcləmiş, həmin məktəbin fəxri qəyyumlarından biri olmuş, eləcə də “Müqəddəs Nina” Qadın Məktəbinə də (indiki 132 və 134 saylı məktəblərin binası) müntəzəm olaraq yardımlar göstərmişdi.

H.Z.Tağıyevin maarifçilik, mesenatlıq fəaliyyətinin zirvəsi müasirlərinin dediyi kimi, “bizim diyarda, hətta imperiyada birinci” olan Bakıda rus-müsəlman Qadın Məktəbinin açılması sayılmalıdır. Bu təhsil ocağı Azərbaycanın təhsil tarixinə “Tağıyevin Qız Məktəbi” kimi daxil olub. Bu məktəbin açılması uğrunda Hacı uzun illər mübarizə aparmış, bir neçə dəfə rədd cavabı alsa da, ruhdan düşməmişdi. Nəhayət, 1896-cı ildə II Nikolayın tacqoyma mərasimində Hacı çarın arvadı Aleksandra Fyodorovnaya bir senator vasitəsilə çox qiymətli hədiyyələr göndərmiş, Bakıda açılacaq rus-müsəlman məktəbinə onun adının veriləcəyini bildirərək imperatordan icazə alınmasını xahiş etmişdi. Beləliklə, böyük istək yerinə yetirilmişdi. Məktəbin binasının tikintisinə 1898-ci ildən başlanıldı və 1901-ci ildə başa çatdırıldı. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski (hazırkı İstiqlaliyyət küçəsi, Azərbaycan MEA Əlyazmalar İnstitutunun binası) küçəsində yerləşən, rəsmi adı “Bakı Aleksandrinskaya Rus-Müsəlman Qadın Məktəbi” olan, lakin xalqın yaddaşında “Tağıyevin Qız Məktəbi” kimi əbədiləşən təhsil müəssisəsinin təntənəli açılışı oldu.

Böyük ədib Ömər Faiq Nemanzadə isə Qız Məktəbinin açılmasını böyük hadisə hesab edərək yazırdı:

«Burada Tağıyevin açdığı Qız Məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim... Bakıda, doğrudan da bir möcüzə sayılan bu maarif ocağından başqa üz ağardacaq bir şey yox idi...».

Məktəbin açılışında təbrik nitqi söyləyən Bakı quberniyasının baş keşişi, görün nə demişdi:

«Cənab Hacı! Siz ömrünüzdə çox yaxşı işlər və xeyir əməllər görübsünüz. Siz o xeyir əməllər ilə öz başınız üçün çoxdan gözəl tac əmələ gətirib hazır edibsiniz. Lakin Sizin bu əməli-xeyriniz ki, Bakıda rus-müsəlman ünasiyyə (qadın) məktəbini təsis edibsiniz, o tacın üzərində çox qiymətli almaztək şölə edəcəkdir...».

Bəli, Qız Məktəbi Hacının maarifçilik fəaliyyətinin simvolu olan qızıl tacın almaz qaşı kimi milli təhsil tariximizə daxil oldu. Bu məktəbdə təhsil əvvəllər dördillik idi, 2 ildən sonra beşillik, sonra altıillik oldu. 1913-cü ildən Qız Məktəbi seminariyaya çevrildi, orada müəllimlər hazırlayan ikiillik kurslar da açıldı. 1918-ci il mart qırğınları zamanı məktəb bağlandı. Cümhuriyyət dövründə də onu bərpa etmək mümkün olmadı. Lakin bir həqiqət var ki, ötən əsrin əvvəllərində yetişən Azərbaycan ziyalı qadınlarının böyük əksəriyyətini bu məktəbin məzunları təşkil etmişdi...

Mərhəmətli Hacının maarifçilik fəaliyyətinin mühüm istiqamətlərindən biri də milli kadrların yetişdirilməsi məqsədilə tələbələrin təqaüdlə təmin olunması idi. 1903-cü ildə çap olunmuş bir mənbədə deyilir ki, “Hacı dəxi öz millətinin tərəqqisi yolunda köməklik qədəmlərini səxavət meydanına qoyub hər ildə 20 nəfərəcən mütəllimlər (tələbələr) ümumi-dünyəviyyə (dünyəvi elmlər) və sənayeyi-elmiyyəni (sənaye elmləri) təhsil etmək üçün darülfünun (universitet) mərkəzlərinə göndərirdi və ildə onlara yeddi min beş yüz manat qədərində xərc verirdi...”

Digər bir mənbədə 1890-1917-ci illər ərzində səxavətli Hacı tərəfindən təhsil alan tələbələr üçün 143,3 min manat vəsait xərcləndiyi göstərilirdi.

Böyük mesenat ali təhsil almaq arzusunda olan və ona müraciət edən hər kəsə yardım əlini uzatmışdı. Bir neçə faktı da yada salmaq istərdik. Tiflisdə mehmanxanadan Hacıya teleqram vuraraq Beyrutdakı Amerika Məktəbində təhsil almaq arzusunda olduğunu, bu məqsədlə ona yolxərci və təhsilhaqqı ilə yardımçı olmağı xahiş edən təbrizli Seyid Həsən Tağızadəyə böyük maarifpərvər dərhal pul göndərir. Yaxud Qori Seminariyasının Azərbaycan şöbəsinə 2 nəfər şagirdin qəbulu üçün vəsaitlə yardım etməyi xahiş edən Soltan Məcid Qənizadənin arzusu dərhal, həm də daha geniş ölçüdə yerinə yetirilir. Belə ki, Hacı 4 müsəlman, 2 gürcü, 2 erməni uşağının da təhsilhaqqını öhdəsinə götürür...

Və yaxud İrəvan gimnaziyasını əla qiymətlərlə bitirib Peterburqda ali təhsil almaq üçün ona kömək etməyi xahiş edən Əziz Əliyevin ünvanına Hacı tərəfindən təcili 300 manat yolxərci göndərilir. Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil olur...

Belə faktlar bir deyil, beş deyil, yüzlərlə, minlərlədir...

Hacı qəzet və jurnallara böyük önəm verərək mətbuata “məktəbdarlara vacibatdandır” deyərdi. Hacı yazı-pozu bilməzdi. İmza atmağı güclə öyrənmişdi. Rusca “Q”, “Z”, “A”, “T” hərflərini (adının və soyadının baş hərflərini) birtəhər yazıb, doqquz dənə düz xətt çəkərdi. Lakin buna baxmayaraq, fars, türk, ərəb, fransız və rus dillərində çıxan qəzet və jurnallarla gündəlik tanış olardı. Şərq dillərində olan qəzetləri Mirzə Sadıq oxuyar, Avropa dillərində olan qəzet və jurnalları isə müsyö Kadusli tərcümə edib Hacıya çatdırardı...

Beləliklə, böyük mesenat və maarifpərvər H.Z.Tağıyevin maarifçilik sahəsindəki xidmətlərinin coğrafiyası çox əhatəli və geniş idi. O, təkcə Azərbaycanda deyil, Rusiya imperiyasında yaşayan türk-müsəlman xalqlarının, eləcə də İran, Türkiyə və Misirdə məktəblərin açılması işinə hər zaman yardımlar etmişdi. Hətta Misir məktəblərində Hacının mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə dair dərslər də keçilirdi....

XIX əsrin 90-cı illərində Hindistandan Vətəninə gedən Con Daltner adlı bir ingilis zadəganı Hacının qonağı olarkən onun mesenatlıq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına mərhəmətli Hacının abidəsini ucaltdırmışdı. Beləliklə, Hacı sağlığında abidəsi qoyulan ilk azərbaycanlı şərəfinə də qovuşmuşdu.

Hacı Xalq Cümhuriyyəti hökumətini sevinclə qarşılamış, məsləhət və yardımlarını əsirgəməmişdi. Bakı Dövlət Universitetinin təşkili məqsədilə külli miqdarda maliyyə köməyi etmişdi...

Bir neçə kəlmə ilə də bu böyük maarifpərvərin ailəsi və ailə həyatına dair bəzi məqamları xatırlatmaq yerinə düşərdi.

Hacı iki dəfə evlənmişdi. İlk həyat yoldaşından 3 övladı (İsmayıl, Sadıq və Xanım) olmuşdu. Böyük oğlu İsmayıl Rusiya II Dövlət Dumasına Bakı quberniyasından deputat seçilmişdi. Birinci arvadı dünyasını tez dəyişmişdi.

1896-cı ildə Hacı əslən Zaqataladan olan general Balakişi Ərəblinskinin qızı Sona xanımla evlənmiş, bu izdivacdan 5 övladı (Leyla, Sara, Sürəyya, Məhəmmədtağı, Məmmədkazım) dünyaya gəlmişdi, Sona xanım Bakı “Müqəddəs Nina” məktəbini bitirmiş, kübar hərbçi ailəsindən çıxmış ziyalı qadın idi. Azərbaycanda qadın xeyriyyəçiliyinin əsasını qoyanlardan idi. Mesenatlıq, xeyriyyəçilik sahəsində Hacının əsl silahdaşı idi. Ötən əsrin əvvəllərində keçirilən bütün xeyriyyə gecələrinin təşkilində hər zaman fəallığı ilə seçilmişdi. Çox təəssüf ki, sovet rejiminin təqibləri nəticəsində ruhi sarsıntılara məruz qalan Sona xanım 30-cu illərdə faciəli şəkildə həlak olmuşdu...

Hacının qızları - Leyla və Sara Peterburqda Smolnı Qızlar İnstitutunda yüksək təhsil almışdılar. Sovet dövrünün repressiyalarına tuş gələn Tağıyevlər ailəsinin üzvləri pərən-pərən düşdü. Ən çox müsibətlərə düçar olan Sara xanım sovet dövründə bütün faciəli həyatını atasının həqiqi, təmiz adının bərpası uğrunda mübarizəyə həsr etmiş, H.Z.Tağıyevin maarifçilik fəaliyyətinə dair araşdırma aparsa da, istədiyinə nail olmamışdı. Sara xanım ömrünün son vaxtlarında Hacı haqqında həqiqətlərin üzə çıxdığı 1991-ci ildə 92 yaşında dünyasını dəyişdi. Taleyin işinə bax: Sara xanım anadan olduğu, 70 il həndəvərinə buraxılmayan ata evindən - indiki Milli Azərbaycan Tarixi Muzeyi yerləşən binadan son mənzilə yola salındı, atasının yanında da dəfn edildi...

Atalar doğru deyib: “Haqq nazilər, ancaq üzülməz”. Həqiqətən də səxavətli və maarifpərvər Hacının böyük adı və əməlləri kommunist rejimi tərəfindən nə qədər inkar edilsə də, saxtalaşdırılsa da, axırda yenə də haqq-ədalət zəfər çaldı, onun təmiz adı özünə qaytarıldı. Adının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu məqsədlə ölkənin bir sıra qəsəbə, küçə, məktəb və digər müəssisələrinə onun adı verildi.

Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə Mərdəkanda böyük mesenatın və qızı Sara xanımın uyuduğu görkəmli din xadimi Axund Əbuturabın məqbərəsi, bütövlükdə Pirhəsən ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Hacının qəbirüstü abidəsi, vaxtilə təsisçisi və banisi olduğu bağçılıq məktəbinin (indiki 123 nömrəli orta məktəbin) ərazisi abadlaşdırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə Hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi” də yaradıldı.

Bir tarixi həqiqəti də yada salmaq lazımdır ki, böyük neft sənayeçisi H.Z.Tağıyev vaxtilə neft gəlirlərindən xalqın maarifləndirilməsi və milli kadrların yetişdirilməsi yolunda ilk addımlar atmışdı.

Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən həmin strategiyanın əsas prioritet istiqamətlərindən biri “Qara qızıldan əldə edilən kapitalın ölkədə insan kapitalının inkişafına yönəldilməsi” sayılır. Bu istiqamətdə atılan uğurlu addımlar böyük mesenatın yüz il bundan əvvəlki arzularının çin olduğunu, nurlu ideyalarının reallaşdığını göstərir.

Vaxtilə Hacı Vətənimizdə dünyəvi qız məktəbinin açılması yolunda böyük maneələri, keçilməz sədləri dəf etmək zorunda qalmışdı. Nə xoşbəxtik ki, Hacının arzuladığı ana dilli dünyəvi məktəb, təhsil şəbəkəsi bu gün müstəqil Azərbaycanda tam reallığa çevrilib. Sevindirici haldır ki, bu gün sürətlə dünya təhsil məkanına inteqrasiya olunan Azərbaycanın təhsil sistemində 1664 məktəbəqədər təhsil, 4557 ümumi təhsil, 108 texniki peşə təhsili, 60 orta ixtisas təhsili və 51 ali təhsil müəssisəsi fəaliyyət göstərməkdədir. Bütün bunlar böyük maarifpərvər H.Z.Tağıyevin vaxtilə arzuladığı ideyaların parlaq təntənəsidir. Hacı indi rahat uyuya bilər ki, millətlər arasında onun millətinin də imzası var və hər zaman da var olacaqdır...

Hesab edirik ki, Hacı Zeynalabdinin böyük adı və maarifçilik sahəsində misilsiz əməlləri bu gün də yaşayır, Azərbaycan təhsilinə və mədəniyyətinə ləyaqətlə xidmət edir.

Ruhun şad olsun! Qəbrin nurla dolsun, Hacı!..

P.S. Məqalədə istifadə olunan şəkillər Milli Azərbaycan Tarixi Muzeyi və Xalq Təhsili Muzeyinin fondlarından götürülmüşdür. Buna görə hər iki muzeyin rəhbərliyinə təşəkkür edirik. anspress.com





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 18
Robot: 3
Qonaq: 15
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.