Azərbaycanlıların Dubay sərgüzəştləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanlıların Dubay sərgüzəştləri
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanlıların Dubay sərgüzəştləri

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanlıların Dubay sərgüzəştləri
 
 
Müəllif: Carchi | 1 İyul 2010 | 13765 dəfə oxunub
http://zeka.az/647-azjrbaycanldlardn-dubay-sjrggzjetljri.html

Azərbaycanlıların Dubay sərgüzəştləri

Ay ərzində 1500-dən çox azərbaycanlı BƏƏ-yə səfər edir

Azərbaycanda insan ticarəti məsələsindən danışarkən yada düşən ilk adlardan biri, məhz Birləşmiş Ərəb Əmirlikləri və onun paytaxtı Dubay şəhəridir. Təsadüfi deyil ki, azərbaycanlı miqrantlar bəzi digər ölkələrlə müqayisədə Birləşmiş Ərəb Əmirliklərinə daha tez-tez üz tuturlar. Məsələn, araşdırmalara görə, bir ay ərzində orta hesabla 1500-1900 Azərbaycan vətəndaşı Bakıdan Dubaya turist kimi səyahət edir. Onların əksər hissəsi fahişəliklə məşğul olanlar və onlara himayədarlıq edən şəxslərdir. Əldə etdiyimiz məlumatlara görə, Bakıdan Dubaya gedənlərin 25 faizini məhz fahişələr təşkil edir. Səyahətçilərin 10 faizə qədəri isə onların himayədarlarından ibarətdir.

Ümumiyyətlə, statistikaya əsasən Azərbaycanda son 15 ildə Rusiya, Türkiyə, İran, Qərbi Avropa ölkələri, eləcə də Kanada və ABŞ-a gedənlərin sayı artmışdır. Hal-hazırda da göstərilən istiqamətlərdə ölkədən miqrasiya edənlərin sayı artmaqda davam edir. Araşdırmalara görə Rusiya, Türkiyə və Qərbi Avropa ölkələrinə miqrasiya edənlərin böyük hissəsi kişilərdən ibarətdir. Belə insanların orta yaş həddi 18-35 yaş arası olur. Ekspertlərin rəyinə görə, ölkəni son illər ərzində tərk edənlərin daha çox kişilər olması, Azərbaycanda demoqrafik vəziyyəti olduqca gərginləşdirir. Məsələ burasındadır ki, kişilərin və xüsusilə gənc nəslin nümayəndələrinin ölkəni böyük sayda tərk etməsi həmin yaşda olan gənc qızların ərə getmək nisbətini aşağı salır. Yaranmış demoqrafik problemdən yararlanmağa çalışan insan ovçuları isə vəziyyətdən bir çox hallarda məharətlə istifadə etməyi bacarır. Buna görə də qadınların fahişəliyə cəlb olunması, uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə olunmasına cəhd göstərilməsi və əməyin istismar edilməsi, qadın və uşaqların xarici ölkələrə aparılması və satılması ölkədə geniş miqyasda tüğyan edir. Problemin bu səviyyədə yayılması bir çox qeyd edilən səbəblərlə bağlıdır. İqtisadi göstəricilərin ölkədə xeyli aşağı olması, işsizliyin kütləvi şəkil alması da Azərbaycan kişisi ilə yanaşı qadınların da xaricə üz tutmasına səbəb olur.

Kişilər Rusiyaya və Türkiyəyə, qadınlar Dubaya…

Araşdırmalar sübut edir ki, Azərbaycanın kişi vətəndaşları ilə qadın vətəndaşlarının miqrasiya etməsində üstünlük təşkil edən ölkələr biri-birindən fərqlənir. Rusiya və Türkiyəyə miqrasiya edənlərin əksəriyyətini kişilər təşkil etdiyi halda, Birləşmiş Ərəb Əmirliklərinə səyahət edənlərin 80 faizindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda olduqca acınacaqlı fakt olaraq vurğulanmalıdır ki, Dubaya aparılan qadınların böyük əksəriyyəti Azərbaycanın rayonlarından olanlardır. Son illər ərzində Dubayda çox sayda Azərbaycan vətəndaşlarının həbs olunması, qadın və uşaqların mütəmadi şəkildə BƏƏ-yə aparılması, satılması, fahişəliyə cəlb olunması, əməyinin istismar olunması barədə faktlar mövcuddur. Hətta qeyd edək ki, ABŞ Dövlət Departamentinin yardımı ilə mövcud vəziyyətin öyrənilməsi məqsədi ilə mütəxəssislər BƏƏ-də olmuş və bu ölkədə yaşayan azərbaycanlı miqrantların həyat tərzinin öyrənilməsi istiqamətində müəyyən tədqiqatlar aparmışlar. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, BƏƏ-də olan azərbaycanlıların sayı filippinlilərin, rusların, özbəklərin, hindlilərin və pakistanlılaın sayından az olsa da, orda xeyli sayda azərbaycanlı yaşayır. Məlumatlara görə, bu ölkədə olan azərbaycanlıların əsas məşğuliyyəti fahişəlik hesab olunur. Ümumiyyətlə isə, 1998-ci ilədək Dubaya qadınların gəlişi ilə bağlı heç bir məhdudiyyət mövcud olmayıb. Lakin ərazidə fahişələrin sayının artması 1998-ci ildə Dubay Əmirliyinin 30 yaşından aşağı qadınların şəhərə tək gəlişinə qadağa qoyan qərar imzalanması ilə nəticələnib. Lakin qeyd olunduğuna görə, bu qadağa bütün keçmiş sovet respublikalarına şamil edilsə də, daha çox şərti xarakter daşıyır. Yəni qərarın yerinə yetirilməsi istiqamətində ciddi səy göstərilməsi nəzərə çarpmır. Belə ki, 30 yaşına çatmamış hər hansı qadın eyni soyadlı kişi ilə ər-arvad statusu altında BƏƏ-yə gəlmək üçün problemlə üzləşmir.

Azərbaycan miqrantlarının Dubay günləri

Məlumata görə, BƏƏ-də beş beynəlxalq statuslu aeroport var. Bakıdan və əksinə olan uçuşlar «Dubay» aeroportunun bir saylı terminalı vasitəsilə həyata keçirilir. Ölkə ərazisində olan digər «Ras Əl Hayman» aeroportu isə vizadəyişmə yeri kimi olduqca məşhurdur. BƏƏ-nin qanunlarına görə, viza vaxtı qurtaran şəxs ölkə ərazisini tərk etməlidir. Lakin ölkə sərhədlərini tərk edərək, geri qayıtdıqda çox asanlıqla yenidən müəyyən müddətə viza əldə etmək mümkündür. Belə ki, viza vaxtı qurtaran və BƏƏ ərazisində fahişəliklə məşğul olmağa məcbur edilən qadınlar aeroport vasitəsilə ən yaxın ölkələrin birinə uçaraq, yenidən geri qayıdırlar. Hətta bəzi hallarda qonşu ölkəyə uçan təyyarə heç bir kənar aeroportda yerə enmədən, dövrə vuraraq yenidən BƏƏ-yə qayıdır. Geri qayıdan qadınları onlara himayədarlıq edən şəxslər yeni vizalarla qarşılayırlar. Məlumatlara görə, həftənin müxtəlif günləri özbəklər, ruslar, filippinlilər, pakistanlılar və azərbaycanlılar arasında bölüşdürülüb. Məhz bu vasitədən istifadə edərək müxtəlif turist firmaları həm öz işlərini yüngülləşdirir, həm də külli miqdarda gəlir əldə edirlər. Araşdırmalara əsasən, həftənin çərşənbə axşamı və cümə axşamı günləri Azərbaycandan olan fahişələrin vizadəyişmə günləridir. Məhz həftənin qeyd olunan günləri onlar «Ras Əl Hayman» aeroportuna gətirilir və orda təyyarəyə mindirilərək BƏƏ sərhədlərini müvəqqəti olaraq tərk edirlər. Bu vizadəyişmə üsulu üçün istifadə edilən xüsusi təyyarə reyslərindən BƏƏ-də müvəqqəti olaraq yaşayan miqrantlar istifadə edirlər. Hər bir belə təyyarədə 50-60 nəfər azərbaycanlı qadının olması müşahidə edilib. «Ras Əl Hayman» aeroportunda vizadəyişmə həyata keçirilən günlər orta hesabla 150-200 azərbaycanlı qadının müşahidə edilməsinin mümkün olunduğu söylənilir. BƏƏ-də fahişəlik rəsmiləşdirilməsə də, burda fahişəliyə cəlb edilənlərin primitiv vizadəyişmə prosesi hər bir şəxsin gözü qarşısında baş verir. «Ras Əl Hayman» aeroportundan savayı digər hava limanlarında da bu cür viza dəyişmək üçün həyata keçirilən təyyarə reysləri təşkil edilir.

Prosesin araşdırılması sübut edir ki, insanların hər hansı bir dövlətdən digərinə aparılaraq, əməyinin istismar edilməsi və ya fahişəliyə cəlb edilməsi dərin düşünülərək, həyata keçirilən çoxmərhələli prosesdir. Belə ki, prosesin «uğurla» yerinə yetirilməsi üçün hətta vəzifə bölgüləri də aparılır. Vəzifə bölgülərinə sənədlərin müvafiq şəkildə saxtalaşdırılmasını təmin edən şəxslərdən tutmuş müştərilərin tapılması, pulların toplanması, fahişələrin evlərə daşınması, bitmiş vizaların müddətinin uzadılması və fahişəliyə cəlb olunanlar üzərində ciddi nəzarətin həyata keçirilməsi üzrə məsul olan şəxslər daxildir.

BƏƏ-yə oğlanlar da aparılır

Araşdırmalar nəticəsində əldə edilən məlumatlara görə, Azərbaycandan BƏƏ-yə gətirilən və fahişəliyə cəlb olunan qadınların sayı getdikcə artmaqdadır. Eyni zamanda Dubayla yanaşı Əbu-Dabi şəhərində də Azərbaycandan olan miqrantların sayında sürətli artım müşahidə olunur. Hətta məlumatlara görə Azərbaycandan BƏƏ-yə aparılan və seksual istismar məqsədilə istifadə edilməsi nəzərdə tutulan şəxslər Dubayla Əbu-Dabi şəhərləri arasında bölüşdürülür. Daha cəlbedici və azyaşlı olanların Əbu-Dabi şəhərinə aparılması son vaxtlar daha çox diqqəti cəlb edir. Belə azərbaycanlıların həmin şəhərdə xüsusi evlərdə, bağlarda və nisbətən qapalı mehmanxanalarda saxlandığı bildirilir. O da məlumdur ki, Əbu-Dabi şəhərində azərbaycanlı qadınlara himayədarlıq göstərən və onların ticarətini həyata keçirənlərin əksəriyyəti erməni sutenyorlar və «mama roza»lardır. Eyni zamanda insanların birdəfəlik imkanlı ərəblərə satılması halları da Əbu-Dabi şəhərində daha çox qeydə alınır. Olduqca sarsıdıcı informasiya ondan ibarətdir ki, aparılan araşdırmalar nəticəsində bu işlə məşğul olan şəxslər ekspertlərə hətta Azərbaycandan azyaşlı oğlanların gətirilməsini və həmin şəhərdə satılaraq seksual təcavüz obyektinə çevrilməsini etiraf ediblər.

Bu da məlumdur ki, Azərbaycandan qadın və uşaqların BƏƏ-yə aparılması çox külli miqdarda gəlir gətirir. Araşdırmalara əsasən, əksər hallarda Azərbaycanla BƏƏ arasında olan insan ticarətindən əldə olunan pulların böyük hissəsi məhz Azərbaycana, ölkədə bu işə havadarlıq edən şəxslərə çatır.

Anar Orucov

 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.