Müsəlmanları birləşdirən dəyər – mübarək Ramazan ayı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Ramazan » Müsəlmanları birləşdirən dəyər – mübarək Ramazan ayı
 
 » Ramazan » Müsəlmanları birləşdirən dəyər – mübarək Ramazan ayı

     
 
Ramazan: Müsəlmanları birləşdirən dəyər – mübarək Ramazan ayı
 
 

 Müsəlmanları birləşdirən dəyər – mübarək Ramazan ayı

 Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar Ramazan ayının orucunu vacib hesab edir və onun gəlişini səbirsizliklə gözləyirlər.

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” Bəqərə, 183

Bu ibadəti digər ibadətlərdən fərqləndirən cəhət ay boyu haramlardan çəkinməklə bərabər halal nemətlərdən də çəkinməyimizdir. Haramlardan çəkinməklə kamil insan nümunəsini xatırladan bu varlıq, halallardan çəkinməklə isə kamil mələk nümunəsini xatırladır. Hətta mələkdən belə üstün bir məxluqa çevrilir. Halbuki insanın mələkdən fərqli olaraq onu harama təhrik edən nəfsi, halalı tələb edən ehtiyacları vardır ki, mələklərdə bu funksiya yoxdur.

Ramazan ayı məzhəbindən asılı olmayaraq müsəlmanlara İslam missiyasını çatdıraraq onları tək hədəfdə birləşdirir və onları təqvalı olmağa səsləyir:

“Sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”  Bəqərə, 183

 Müsəlman şəxs təqva (şüurlu şəkildə Allaha ibadət etmək, haramlardan və şübhələrdən çəkinmək) mərtəbəsinə yüksəlmişsə, demək olar ki, o artıq nicata yetişmişdir. Təqva sifəti qazanılan və uğrunda səy göstərilən bir mərtəbədir. Hər bir müsəlmanın o mərtəbəyə çatması onun üzərində haqqdır, hətta Quran ayələri və hədislərin özü müsəlmandan təqvalı olmağı tələb edir. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın və Onun Rəsulunun buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla ölçülür.

“Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. Hucurat, 13

 “Hər şeyin bir zəkatı vardır. Bədənin də zəkatı oruc tutmaqdır”.

Lakin oruc tutanlar üç qismdir:

Birinci qismə sübh azanından axşam azanına qədər ac qalıb haram və halallardan çəkinənlərin orucu daxildir. Birinci qrupdan olanlara avamların orucu adı verilir.

İkinci qismə seçilmişlərin orucu daxildir. Bu qrupdan olan oruc tutanların bütün bədən üzvləri də oruc tutur. Onların gözləri harama baxmaz, qulaqları qeybət eşitməz, dilləri nalayiq sözlər işlətməz, əlləri harama əl uzatmaz, ayaqları haram yerlərə ayaq basmaz.

 Üçüncü qism isə seçilmişlərin ən üstünlərinin orucudur. Bu qrupa qəlbləri ilə oruc tutanlar daxildir. Belə ki, onlar hər iki qrupdan olan oruc tutanların xüsusiyyətlərini daşımaqla bərabər qəlbləri ilə də oruc tuturlar. Qəflətdə olmayıb zikr halını yaşayırlar. Sanki onların  qəlbləri bir Kəbə olaraq heç bir haram haqqında düşünmür, ancaq Allahı razı salan işlər barəsində düşünürlər.
Oruc nəfslərimizə ən ağır gələn ibadətlərdən olduğu üçün Rəbbimiz bir hədisi Qüdsdə onun savablığına bu şəkildə toxunur: “Oruc mənim üçündür. Mükafatını da Özüm verəcəyəm!”

Əziz müsəlmanlar! Ömür öz əcəlini başa vurana qədər neçə belə saatları, günləri, həftələri, ayları və illəri geridə qoyur. Vaxtın qiymətli olmasını və özümüzü hesaba çəkmək üçün bir fürsət olduğunu qəbul etsək, ömrümüzün bu payına düşən Ramazan günlərini Allahı sevindirən və razı salan şəkildə keçirmək barəsində düşünməyimiz gərəkməzmi?! Ramazan ayı o qədər müqəddəsdir ki, onun əvvəli rəhmət və yaxşılıq, ortası əfv və bağışlanma, sonu isə Cəhənnəm odundan xilas olmaqdır.

Bu mübarək Ay haqqında görün Peyğəmbərimiz (s) nə buyurur: “Ramazan ayını keçirib günahlarından bağışlanmayan kəs necə də ziyan içindədir”.

İstəyi və təmənnası Cənnət olan kəslər bu mübarək ayı özü üçün fürsət bilib onun rəhmət, mərhəmət və nicat tapmaq kimi nemətlərindən tam yararlana bilərlər. Ramazan ayının hər bir gecəsində Allahın Cəhənnəmdən xilas etdiyi bir neçə qulları vardır. Məgər o azad olunmuş qullardan olmağın vaxtı yetişməyibmi?! Cəhənnəmin qapılarının bağlı, Şeytanın zəncirlənməsi və Cənnətin qapılarının açıq olduğu bu ayda nə qədər qazanılması mümkün olan fəzilətlər mövcuddur. Yetər ki,  müsəlman olduğumuzu göz önünə alaraq ilk hazırlıq işlərimizə saf niyyətlərlə başlayaq.

 İlk hazırlıq peşmançılıqdan doğan tövbə ilə başlar. Elə bir tövbə ki, həqiqi peşmançılığa çatmış sahibini o günahdan tam uzaqlaşdıra bilsin. Məgər bu son illərdə başımıza gələn müsibətlər, tufanlar, daşqınlar, sellər, yanğınlar, qlobal istiləşmə, iqlim dəyişilikləri, müxtəlif xəstəliklər, həllini tapmayan münaqişələr, yoxsulluq və işsizlik, günbəgün artan intihar hadisələri qazandığımız günahların və çirkin əməllərin aqibəti və göstəricisi deyilmi?! Amma Uca Rəbbimiz hələ də möhlət verir və mülayim rəftarını nümayiş etdirir: “Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!” Fatir, 45

Bu yetməzmiş kimi hələ Rəbbimizin günahkar qullarını necə səslədiyinə bir baxın:

 “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayandır, rəhm edəndir!”  Zumər, 53

Budur, mübarək və tövbələrin bağışlanması üçün gözəl fürsətlər bəxş edən Ramazan ayı gəlir. Nə üçün günahlarımızla birlikdə Cəhənnəmə daxil olmağımıza vasitəçi olaq? Məgər günahları tərk etmək o qədər çətindir? Məgər o rəzillikləri sevgisində iddialı olduğumuz Allaha xatir buraxmağa dəyməzmi?

Allah bizə qazandığımız günahlardan və pis vərdişlərdən peşmançılıq hissi ilə ayrılmağı, sonra isə o günahları Yaradanın razılığını qazanmaq xatirinə tərk etməyi Öz lütfü və inayəti sayəsində bəxş etsin! Amin!

 Gəlin, Allahın nemətlərini Ona şükür etməklə qaytaraq, günah qazanmaqla deyil!

 And olsun axşam çağına!

İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) Əsr surəsi

Hazırladı Muhəmmədəmin

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: haqq (16 Oktyabr 2010 04:03)



Qrup: İstifadəçi
Tarix: 15.10.2010
Ruh ilə ağıldan güc alar ürək,
Bədənə güc verər su ilə çörək.
Ev xali olanda o, hüzur verər,
Bədən boş olanda işıq, nur verər.
Əgər elm axtarsan, toxluğu tərk et,
Can tələb eyləsən, cəsarətlə get.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.