Azərbaycanın yaddaşını özündə daşıyan məkan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Azərbaycanın yaddaşını özündə daşıyan məkan
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Azərbaycanın yaddaşını özündə daşıyan məkan

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Azərbaycanın yaddaşını özündə daşıyan məkan
 
 
Müəllif: Zaur | 28 Avqust 2010 | 12943 dəfə oxunub
http://zeka.az/883-azjrbaycandn-yaddaednd-gzgndj-daedyan-mjkan.html
 

Azərbaycanın yaddaşını özündə daşıyan məkan

Tarix Muzeyinin tarixi haqqında

Hər şeydən əvvəl Azərbaycanın tarixi yaddaşı, onun keçdiyi yollardan xəbər verən və bu günümüzə qədər gəlib çatan eksponatların saxlandığı muzeyin öz tarixi haqqında məlumat vermək istəyirik. Hamının tanınmış neft milyonçusu, xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin evi kimi tanıdığı indiki Milli Azərbaycan Tarixi Muzeyi (yazının bundan sonrakı hissəsində qısaca olaraq Tarix Muzeyi yazacağıq - müəllif) nə az, nə çox - düz 90 illik bir ənənəyə sahibdir. Bu gün Azərbaycana gələn turistlərin və ölkə sakinlərinin ən çox ziyarət etdiyi məkanlardan biri olan Tarix Muzeyi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan küçədə, Bakının düz mərkəzində yerləşir.

Muzeyin yerləşdiyi binanın da maraqlı tarixçəsi var. Belə ki, 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının (XMK) məktəbdənkənar işlər şöbəsində yaradılan “Muzekskurs” yarımşöbəsinin nəzdində az sonra “Doğma diyarın tədris muzeyi - İstiqlal” təşkil edilib. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlayıb, 1921-ci ilin may ayından ilk ziyarətçilərini qəbul edib. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirib. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin “Əsasnamə”sinə görə, muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirib. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edilib.

Muzey Sovetlərin təbliğatçısı rolunda

30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri edib. Məktəblərdə tarixin tədrisinə artırılan diqqət yeni tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olunub. Azərbaycan XKŞ-in 31 mart 1936-cı il qərarına görə, Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması tarix profilli muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı altında yenicə təşkil edilmiş İttifaq EA-nın Azərbaycan filialına verilməsi ilə nəticələnib. Bu, keçmiş Dövlət Muzeyinin tərkibindən 1934-cü ildə ondan şaxələnərək ayrılmış Teatr Muzeyindən başqa, qeyri-tarix profilli digər sahələrin də ayrılmasına və yeni muzeylərin (Təbiət, incəsənət, ateizm və din, ədəbiyyat və b.) yaranmasına səbəb olub. 30-cu illərin sonu - 40-cı illərin əvvəllərində baş verən kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəldib. Akademiyanın ayrı-ayrı institutlarında struktur dəyişiklikləri edilib. Hətta 1941-ci ildə bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi (o dövrdə Azərbaycan Xalqlarının Tarixi Muzeyi) fəaliyyətini yeni təşkil olunmuş Tarix, Dil və Ədəbiyyat İnstitutunda Muzey şöbəsi adı ilə davam etdirib. 1943-cü ildə Azərbaycan Tarixi Muzeyi SSRİ EA Azərbaycan filialının qərarı ilə Rəyasət Heyətinin nəzdində yenidən müstəqil vahid qurum kimi təsdiq edilib.

 

Muzeyin Tağıyevin mülkünə dönüşü

 

Bütün bu müddət ərzində 1941-ci ilədək həm Tağıyev mülkündə, həm də Şirvanşahlar Sarayında əsasən müxtəlif tarixi mövzularda sərgilər təşkil edən Muzey (1941-1952-ci illərdə Tağıyev mülkündə AzSSR XKŞ, sonralar Nazirlər Soveti yerləşdirilmişdi) müharibə və sonrakı illərdə elmi-tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verib. Bu isə Muzeydə bilavasitə öz istiqamətinə uyğun işlərin zəifləməsinə gətirib çıxarıb. Yalnız 1953-cü ildə Tağıyev mülkünün yenidən Muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqımızın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaradıb.

Muzeydə hal-hazırda altı şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, numizmatika və epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyində ekspozisiya, elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması və mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilərdə nümayişi və təbliği təşkil edib.

Tarix Muzeyi Xocalıda

Yarandığı ilk gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Tarix Muzeyinin işi haqqında danışarkən tez-tez “birinci” və ya “ilk dəfə” sözlərini işlətmək lazım gəlir. Belə ki, hələ 1925-ci ildə Xocalıda və Naxçıvanda təşkil olunan arxeoloji ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoyub. Sonrakı illərdə muzey əməkdaşları Qafqaz Albaniyasının paytaxtı Qəbələdə, orta əsr şəhərləri Gəncədə, Xarabağılanda, Örənqalada arxeoloji tədqiqatlar aparıblar. Qəbələ rayonu ərazisində aşkar edilən Yaloylutəpə mədəniyyəti Böyük Qafqaz ərazisindəki maraqlı tapıntılardan olub. Azərbaycan tarixinin erkən orta əsrlər dövrünün mühüm məsələlərini işıqlandıran Mingəçevir arxeoloji ekspedisiyası isə əldə edilən elmi nəticələrinə görə o dövrdə respublika, hətta İttifaq miqyasında böyük uğur kimi qiymətləndirilib. Məhz bu ekspedisiyanın materialları muzeyin salonlarının yaraşığına çevrilib, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynayıb.

Qarşıdan yubiley gəlir

Bu il Milli Azərbaycan Tarix Muzeyi üçün əlamətdar olacaq. Belə ki, bu ilin payızında muzeyin 90 illik yubileyinin keçirilməsinə ciddi hazırlıqlar gedir. Artıq bununla bağlı müvafiq sərəncam da verilib. Yubiley mərasiminin noyabrda baş tutacağı gözlənilir. Tarix Muzeyinin yubileyi bir neçə əlamətdar hadisə ilə yadda qalacaq. Hər şeydən əvvəl muzeyin yubileyi ilə bağlı xüsusi kitab nəşr olunacaq. Bundan başqa, bukletlər, məqalələr, digər yubiley nəşrləri da hazırlanaraq çap ediləcək. 90 illik həmçinin muzeyin yeni internet saytının açılması ilə də yadda qalacaq. Muzeyin yubileyi ilə yanaşı, ilin sonunda xüsusi sərginin də keçirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, bu il muzey tərəfindən beşdən artıq sərgi keçirilib.

Göründüyü kimi, Milli Azərbaycan Tarixi Muzeyinin özü də zaman keçdikcə ölkə tarixinin bir parçasına çevrilməkdədir. Və bu tarixə çevrilmə bütövlükdə Azərbaycanın tarixinin zənginləşməsinə gətirib çıxarır. Bu zənginlik isə Azərbaycanı daha qüdrətli edir. APA





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.